Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:52

Bayramqabağı Bakı bazarları və Novruz süfrəsi


Bayram gəldi, qiymətlər bahalaşdı....
Bayram gəldi, qiymətlər bahalaşdı....
Bayramqabağı Bakı bazarlarında canlanma var. Alıcılar və satıcılar deyirlər ki, bayram süfrəsi üçün lazım olan məhsulların qiymətində artım var:

Valid Əliyev deyir ki, düz iki saatdır bazardadır, ancaq meyvə qurusundan başqa, hələ heç nə almayıb: «Görüm nə alacağam, bahalıqdır».

Bazarlar dolu görünsə də, satıcılar da deyirlər ki, istədikləri qədər mal sata bilmirlər:

«Fındıq da indi inhisardadır, keçən il qiymətlər yaxşıydı, bu ilsə yox».

Arif bazara Xaçmazdan bir maşın fındıq gətirib, 2 manata satır. Deyir ki, ucuzdur, bazara axırıncı dəfə gəlib, bundan sonra bağını satacaq, çünki alıcıları çox azdır:

«İndi fındıq bağları saxlamaq sərf etmir, hər şey baha olduğu üçün fermerlər böyük çətinliklə qarşılaşırlar».

İqtisadçılar deyirlər ki, bu bayramqabağı məhsulların qiymətində 20-30 faiz bahalaşma var. Bazarda qozun ləpəsi 7-9 manat, fındıq 6-7 manat, kişmiş 5-6 manat, ətin kilosu isə 6-7 manatdır:

«Bayram üçün lazım olan şeylərin çoxunu ala bilmədim. Ona görə ki, bahalıqdır. Təkcə sümüklü dana ətinin kilosunu 6 manata almışam».

Tahirə Əliyeva deyir ki, onun dörd nəfərlik ailəsinin builki bayram hazırlıqlarına 300 manat xərci çıxıb:

«Təkcə bayram şirniyyatı bişirmək 60 manata başa gəldi. Onsuz da ailəmizin gəliri yeməyə gedir, bayram vaxtı isə xərclərimiz üçqat artır. Baha da olsa, bu bayrama hazırlaşmalıyıq. Qonaq da qəbul edəcəyik, qonaq getmək isə lap çətindir».

İqtisadçı Dünya Sakit deyir ki, dörd nəfərlik ailənin bayram süfrəsinə azı 150 manat lazımdır:

«Dörd nəfərlik ailə orta səviyyədə bir bayram keçirmək istəyirsə, 120-150 manat pul xərcləməlidir. Əgər bir az daha ürəyincə etmək istəyirsə, heç olmasa 200 manat xərcləməlidir. Novruzun adətlərindən biri də qonaq gedib, qonaq qəbul etməkdir, onda xərclər daha baha olacaq».

«Güzəran» Sosial Araşdırmalar Mərkəzinin araşdırmalarına görə, bu il 1 milyondan artıq adam bayram keçirə bilməyəcək. Çünki hələ rəsmi rəqəmlərə görə, əhalinin 15 faizi yoxsulluq həddində yaşayır.

Sabahsa axır çərşənbə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qız qalasının qarşısında bayram şənliyi keçirəcək. BŞİH-dən verilən məlumata görə, martın 17-də «Azneft» meydanından hərəkət edən atlar və dəvələrdən ibarət karvan Suraxanıdakı «Atəşgah»dan od götürüb Qız qalası üstündəki məşəlləri alovlandıracaq. Axşam saat 7-dəsə bayram konserti və atəşfəşanlıq olacaq.
XS
SM
MD
LG