Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Siqaret və spirtli içkilərin gizli reklamına qarşı necə mübarizə aparmaq olar?


Səs: Real audio
“İraqda seçkilər təxirə salınmalıdırmı?” Azərbaycan Reklamçılar ittifaqı Milli Məclisə müraciət edərək, televiziya kanallarında qanunsuz olaraq tütün məmulatlarının və spirtli içkilərin reklam olunduğunu bildirib. Reklamçılar İttifaqının vitse-prezidenti Tamilla Nağıyeva deyir ki, burada söhbət gizli reklamdan gedir. Onun sözlərinə görə, bu məsələdə telekanallarla siqaret şirkətləri arasında sövdələşmələr olur. Tamilla Nağıyeva «Storm» markasının reklamını misal çəkir. O deyir ki, bu şirkət «Storm» siqaretindən əlavə bəzi başqa mallar da buraxır, televiziyada siqaretin özünü yox, ancaq ticarət nişanını reklam edir, siqaret reklamıyla bağlı iradlara isə cavabı belə olur ki, biz siqareti yox, məsələn istehsal etdiyimiz cins şalvarları reklam edirik. Tamilla Nağıyeva deyir ki, televiziyalarda «Brilyant», «Davıdov» və «Slims» siqaretlərinin də gizli reklamları gedir - bu siqaretlərin markaları əks olunmuş lövhələr müxtəlif verilişlərdə – studiyada yerləşdirilir. Bundan başqa onun sözlərinə görə, qanunla qadağan edilsə də, spirtli içkilər də reklam olunur. Tamilla Nağıyeva bu cür gizli reklamların demək olar ki. bütün telekanallarda getdiyini deyir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bildirir ki, telekanallarda siqaretin reklamı üçün ən müxtəlif üsullardan istifadə olunur. Bunlardan biri də məşhur insanların siqaret çəkdiyi və konkret hansı siqaretdən çəkdiyi epizodların göstərilməsidir ki, bu da onun sözlərinə görə, tamaşaçıları müəyyən bir markadan olan siqareti almağa yönəltməyə xidmət edir.

Telekanalların özlərindən gizli reklam barədə iddialara münasibət öyrənmək mümkün olmadı. Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmov da gizli reklam faktlarını təsdiqləyir. O, siqaret və spirtli içkilərin gizli reklamına haqq qazandırmasa da, deyir ki, televiziyalar çox vaxt bunu əlacsızlıqdan edirlər. Onun sözlərinə görə, Azərbaycanda reklam bazarı çox məhduddur, spirtli içkilərin və tütün məmulatlarının reklamı telekanalların azsaylı gəlir mənbələrindən biridir. Onlar isə bu gəlir mənbəyindən məhrum olmaq istəmirlər. Nuşirəvan Məhərrəmov bu məsələdə Azərbaycanda yayımlanan bəzi xarici ölkə kanallarının da mənfi rolu olduğunu deyir. Onun sözlərinə görə, məsələn, Rusiya kanalları sərbəst şəkildə Azərbaycan ərazisində yayımlanır və spirtli içkiləri reklam edirlər, yerli telekanallara isə qanun bunu qadağan edir. Bu isə Nuşirəvan Məhərrəmovun fikrincə, qeyri-bərabər şəraitin yaranmasına gətirib çıxarır. Onun sözlərinə görə, ya hansısa yolla Rusiya kanallarındakı belə reklamların Azərbaycan ərazisində yayımlanmasının qarşısı alınmalıdır, ya da Azərbaycan kanallarına da spirtli içkiləri reklam etmək hüququ verilməlidir.

Nuşirəvan Məhərrəmova görə, onun rəhbərlik etdiyi Milli Teleradio Şurasının səlahiyyətləri o qədər azdır ki, qanunu pozub siqaret və spirtli içki reklam edən telekanallara qarşı tədbir görə bilmir. O deyir ki, qanunlarda olan boşluqlara görə, teleradio şurası onun xəbərdarlıqlarına məhəl qoymayan telekanalların cəzalandırılmasına nail ola bilmir. Nuşirəvan Məhərrəmov deyir ki, bununla bağlı qanun normalarının qəbulu ləngidilir.

Nuşirəvan Məhərrəmovdan fərqli olaraq Azərbaycan Reklamçılar İttifaqı isə bu məsələdə ictimai nəzarətin təşkil edilməsini vacib sayır.

Təşkilatın vitse prezidenti Tamilla Nağıyevaya görə, reklam işiylə məşğul olan qeyri-hökumət təşkilatlarına icazə verilməlidir ki. telekanallarda reklam haqqında qanunun pozulması faktlarıyla bağlı hüquq-mühafizə orqanlarına mürciət edə bilsinlər.
XS
SM
MD
LG