Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:15

Referendum barədə bunları bilirsənmi?


Bakıda referendum plakatı
Bakıda referendum plakatı
Martın 18-də Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı referendum keçiriləcək. Əsas qanunun 29 maddəsinə 41 dəyişiklik və əlavə təklif olunur. Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə sənədə dəyişikliklər edilib.

Sual: Azərbaycan Konstitusiyasına hansı əlavə və dəyişikliklər təklif olunur?

Cavab: Cəmiyyətdə əsas müzakirə doğuran 101-ci maddəyə təklif edilən dəyişiklikdir. Bu maddədən prezidentin 2 dəfədən çox seçilməsinə qoyulan məhdudiyyət çıxarılır, bir bənd əlavə olunur ki, hərbi əməliyyatlar seçkinin keçirilməsinə imkan verməzsə, prezidentin səlahiyyəti hərbi əməliyyatın sonunadək uzadılır.
Referendum əleyhdarları bu maddənin ölkənin respublika quruluşuna təhlükə olduğunu, ölkəni monarxiya üsul-idarəsinə apardığını deyirlər.
HƏMÇİNİN OXU

AZƏRBAYCANDA İNDİYƏDƏK KEÇİRİLƏN REFERENDUMLARIN TARİXİ

19-cu maddə Milli Bankın adını Mərkəzi Banka dəyişməyi nəzərdə tutur.

32-ci maddənin 3–cü bəndinə nəzərdə tutulan dəyişikliyə görə, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs pusquya, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə onun xəbəri olmadan və ya etirazına baxmadan məruz qoyula bilməz.

Konstitusiyanın 96-cı maddəsinə təklif edilən dəyişikliyə görə, seçki hüququ olan 40 min vətəndaş qanunvericilik təşəbbüsü hüququndan istifadə edə bilər, yəni qanun layihələri və başqa məsələləri Milli Məclisin müzakirəsinə təqdim edə bilər.
108-ci maddədə deyilir ki, əvvəllər Azərbaycan Respublikasının prezidenti seçilmiş şəxsin təminat qaydaları konstitusiya qanunu ilə müəyyən edilir.

109-cu, prezident səlahiyyətinə dair maddəyə belə bir əlavə olunub ki, prezident dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.

Konstitusiyanın 146-cı maddəsinə təklif olunan əlavə dövlətə bələdiyyələrə nəzarət imkanı verir.

Sual: Referendumqabağı təbliğat üçün neçə təşviqat qrupu qeydiyyatdan keçib?

Cavab: Təşviqat qruplarının sayı 9-dur. Onlardan ikisi müxalifətindir - «Respublikaçılar» və «Qarabağ və Respublika Uğrunda». Bu qruplar Konstitusiyaya dəyişiklik edilməsinin əleyhinədir, seçiciləri referenduma getməməyə - boykota çağırır. Qalanları - «Yeni Azərbaycan» «Zəka», «Tərəqqi», «Vətəndaş Cəmiyyəti», «Davamlı İnkişaf Naminə», «Hüquq və Demokratiya», «Şəhər» isə referendum tərəfdarlarıdır.

Bu təşviqat qrupları həftədə bir dəfə İctimai Televiziya və Radioda cəmi 3 saatlıq pulsuz efir vaxtına malikdir. Bundan başqa, təşviqat qrupları mediada ödənişli təşviqat da apara bilərlər. Bölgələrdə isə təşviqat qruplarının sayı mərkəzdəkindən fərqlənir. Məsələn, Gəncədə 10 təşviqat qrupu qeydiyyatdan keçib və onların hamısı iqtidaryönlüdür.

Sual: Referendum üçün yetərsay tələb olunurmu?

Cavab: Seçki Məcəlləsinin 139-cu maddəsində deyilir ki, referendumda vahid seçici siyahısında olan seçicilərin 25 faizdən azı iştirak etdikdə referendum baş tutmamış sayılır.

Sual: Referendumda səs vermək üçün seçici məntəqəyə hansı sənədləri aparmalıdır?

Cavab: Seçici seçki məntəqəsində şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

Sual: Referendumda «exit-poll»u kim keçirəcək?

Cavab: Əsasən iqtidaryönlü kimi tanınan AVCİYA və ELS sorğu mərkəzləri referendumda «exit-poll» keçirəcəklər. AVCİYA son prezident seçkisində də «exit-poll» keçirmişdi. Ancaq «Azadlıq» radiosunun müxbirləri prezident seçkisində üzə çıxarmışdı ki, «exit-poll»u Mənzil İstismar İdarələrinin işçiləri, müəllimlər, tibb bacıları, müəllimlər keçirir.

«Exit-poll» keçirəcək qruplar maliyyə mənbələrini açıqlamırlar.

Sual: Referendumu kim müşahidə edəcək?

Cavab: Ölkə üzrə 2.000-dən çox müşahidəçi qeydiyyata alınıb. Müşahidəçilər 23 qeyri-hökumət təşkilatı, beş təşviqat qrupu və Demokratik Azərbaycan Dünyası Partiyasını təmsil edirlər. Ölkə üzrə müşahidəçilərin qeydiyyatı səsverməyə 10 gün qalmış bitib.

Dairə seçki komissiyalarında müşahidəçilərin qeydiyyatı səsvermə gününə 5 gün qalana qədər davam edib. Bu günə qədər DSK-larda 18 mindən çox müşahidəçi qeydiyyata alınıb.

MSK-nın sözçüsü Azər Sarıyev deyir ki, referendumu izləmək üçün 140-a yaxın xarici müşahidəçi də qeydiyyatdan keçib. Onlar əsasən MDB, Avropa Şurası, AŞ PA, xarici ölkə səfirliklərini təmsil edən müşahidəçilərdir. Referendumu izləmək ATƏT-in səlahiyyətinə daxil olmadığından səsverməni bu təşkilat müşahidəçiləri izləməyəcək.

Sual: Referendumun keçirilməsinə hansı beynəlxalq təşkilatlardan, ölkələrdən rəy gəlib?


Cavab: ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders düşünür ki, «Konstitusiyaya dəyişiklik Azərbaycan xalqının qərarı ilə edilməlidir». Xanım Dersə görə, insanlar hansı qərarı verməli olduqlarını özləri müəyyən etməlidirlər. İnsanlar düzgün qərar vermək üçün ölkədə baş verən proseslərdən xəbərdar olmalı, buna görə də onlara cəmiyyətdəki müzakirələri görmək imkanı verilməlidir.

Avropa Şurası Venesiya Komissiyasının seçki və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsov prezidentlik müddətinin ləğvilə bağlı Konstitusiyaya nəzərdə tutulan dəyişikliyi «qeyri-adi» adlandırıb:

- Mənim bildiyimə görə, Avropanın elə bir ölkəsi yoxdur ki, orda prezidentlik müddətinə məhdudiyyət olmasın. Normal olaraq, güclü dövlət başçısı olan Avropa ölkələrində onun yenidən seçilmə şanslarını məhdudlaşdırmaq təcrübəsi var.

Bundan başqa, ilin əvvəlindən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Bürosu iki dəfə rəsmi Bakıdan xahiş edib ki, Venesiya Komissiyası Konstitusiyaya təklif edilən dəyişikliklərin Avropanın demokratik normalarına uyğunluğuna dair rəyini açıqlayanacan referendumu təxirə salsın.

Avropa Birliyinin xarici əlaqələr komissarı Benito Ferrero Valdner yanvarda Bakıda deyib ki, referendum Azərbaycanın daxili işidir, əsas məsələ azad və ədalətli seçki üçün şəraitin olmasıdır.

Milli Məclisin müzakirəsinə verilən konstitusiyaya əlavə və dəyişikliklər layihəsi

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG