Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:27

Azərbaycanın qeyri-azad ölkələr sırasına daxil edilməsi obyektivdirmi?


Səs: Real audio
“İki milyard dollar vəd olunub, bəs dünya vədinə sadiq qalacaqmı?” ABŞ-ın «Heritic» fondu və «Uol strit cönal» dərgisi dünya ölkələrinin iqtisadi azadlıq səviyyəsiylə bağlı illik hesabatını açıqlayıb. 2004-cü ilin nəticələrinə görə, Azərbaycan 161 ölkə arasında 103-cü yerdədir. Hesabat hər bir ölkədə dövlətin iqtisadiyyata müdaxiləsi, xarici investisiyalar, bank sisteminin vəziyyəti, maaş və qiymətlər, mülkiyyət hüquqları və sair prinsiplərə əsaslanır. Hesabata görə, Azərbaycanda əsasən neft sektoru inkişaf edib, bu sahəyə böyük sərmayələr qoyulub və yaxın iki ildə neft ixracı ölkəyə çox böyük gəlirlər gətirəcək. Amma xarici investorların enerji sektorundan kənar sahələrə sərmayə qoymasına böyük maneələr yaradılır. Bank sistemində dövlət mülkiyyətində olan bankların monopoliyası var və bu sahəyə xarici sərmayələr qoyulması qarşısıda maneələr yaradılır. Hətta bəzi xarici banklar son illərdə buna görə ölkəni tərk edib. Hesabata görə, dövlət büdcəsindən enerji sektoruna yardımlar yüz milyonlarla dollarla ölçülür, enerjinin ölkədaxili qiymətləri isə aşağı olaraq qalır. Bir çox başqa post-sovet ölkələrində olduğu kimi özəl mülkiyyətin qorunması səviyyəsi yetərli deyil. Korrupsiya geniş yayılıb, məhkəmələr isə ən zəif hakimiyyət qoludur. Ötən ildə olduğu kimi bu il də Amerikanın «Heritic» fondu və «Uol strit cönal» dərgisi öz hesabatında Azərbaycanı iqtisadi cəhətdən qeyri-azad ölkələrə aid edib, «Trend» informasiya agentliyinin direktoru İnqilab Əhmədov deyir ki, həmin hesabat Azərbaycanın acı reallığını göstərir. O deyir ki, ötən illə müqayisədə Azərbaycan iqtisadiyyatında elə bir ciddi dəyişiklik olmayıb və köhnə problemlər yenə də qalmaqdadır. İnqilab Əhmədov hesab edir ki, həmin problemlər dövlət idarəetmə sisteminin mahiyyətindən irəli gəlir. O bu sırada monopoliya, korrupsiya problemlərini misal çəkib. Azərbaycan sözügedən hesabatda qeyri-azad ölkələr sırasına aid edilsə də, 2004-cü illə müqayisədə 106-cı yerdən 103-cü yerə qalxıb. Parlamentin iqtisadi siyasət komissiyasının sədr müavini Əli Əlirzayev deyir ki, bu irəliləyiş Azərbaycan iqtisadiyyatındakı inkişafın danılmaz olduğunu göstərir, amma onun fikrincə, ümumilikdə hesabat obyektiv deyil, Azərbaycanı qeyri-azad ölkələr sırasına daxil etmək ədalətsizlikdir.

«Biznes Sövis Sentə» şirkətinin menecment və marketinq üzrə məsləhətçisi Keyvan Mustafaoğlu da Azərbaycanın sözügedən hesabatda 103-cü pillədə yer almasını məntiqi saymır. Onun fikrincə, neft ölkələrinin hamısında az, ya çox korrupsiya var və yaxşı haldır ki, Azərbaycan buna qarşı mübarizəni gücləndirir. Keyvan Mustafaoğlu başqa sahələrdə də, xüsusən hesabatda daha çox tənqild olunan bank sektorunda ciddi irəliləyişlər olduğunu deyir. Keyvan Mustafaoğlu hesabatda bəzi MDB ölkələrinin Azərbaycandan irəlidəki pillələrdə yer almasını, məsələn Ermənistanın 42-ci pillədə qərar tutmasını məntiqi saymır. Onun fikrincə, bir çox MDB ölkələriylə müqayisədə Azərbaycanda iqtisadi azadlıq daha çoxdur.

Antikorrupsiya Mərkəzinin rəhbəri Şəmsəddin Əliyev isə Azərbaycanda korrupsiya və məmur özbaşınalığının iqtisadi mühitin sağlamlaşıması qarşısında böyük əngələ çevrildiyini və yaxın illərdə bu sahədə irəliləyiş olmayacağını düşünür. «Trend» agentliyinin rəhbəri İnqilab Əhmədov isə 2005-ci ildə müəyyən nikbinlyə əsas olduğunu bildirir. O bu ildən etibarən korrupsiya haqqında qanunun qüvvəyə mindiyini xatırladır.
XS
SM
MD
LG