Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:06

Maşın satışında vergi fırıldaqları


Avtomobil satan şirkətlər maşını bir qiymətə satıb onu başqa qiymətlə sənədləşdirərək iki milyard manat pulu vergidən yayındırırlar.

Bunu iddia edən sabiq müdafiə naziri Rəhim Qazıyev öz başına gələn hadisəni misal gətirir və deyir ki, hələ 2006-cı ildə 21 500 manat nəğd pula “KİA Sportage” markalı avtomobil alıb.

Lakin “KİA MOTORS”un ona verdiyi satış sənədlərində yazıblar ki, guya maşının qiyməti 9006 manatdır.

Rəhim Qazıyevin nə dərəcədə haqlı olduğunu yoxlamaq üçün üstündən 3 il keçməsinə baxmayaraq «KİA Motors»un Yasamaldakı satış mərkəzinə üz tutdum.

Özümü elə göstərdim ki, guya «KİA RİO» avtomobili ilə maraqlanıram. Puluna minnət, dedilər, buyurun - 15 700 manat.

Mənimlə söhbət edən satış meneceri Vaqif Əliyev (ad şərtidir) bildirdi ki, avtomobilin qiyməti qətidir, hər hansı alverdən söhbət belə gedə bilməz.

Güzəşt yalnız ondan ibarət ola bilər ki, 300 manata başa gələn dövlət nömrə nişanının pulunu ödəyə və bir də mənə dəyəri 100 manat olan maşın döşəməsi üçün rezin ayaqaltı dəst bağışlaya bilərlər.
Rəhim Qazıyevə rəsmi cavab gəlib ki, onun qaldırdığı faktlar təsdiqlənmir



-Bəs mən sizdən avtomobili nağd pulla alsam, mənə həmin məbləğin qəbzini verəcəksinizmi?

-Yox, biz satdığımız avtomobillərə çek verə bilmirik?

-Niyə, problem nədir, niyə verə bilmirsiniz?

-Gömrük bəyannaməsində avtomobilin qiyməti aşağı göstərildiyi üçün biz çek versək, vergi bizə problem yaradar, ona görə verə bilmərik, amma bütün sənədlərin hamısını verəcəyik, nə lazımdırsa.

-Bəs bu «KİA-Rio»-nun qiyməti 15 min 700 manatdır, bunu mənə sənəd versəniz və yaxud elə sənədlərdə necə göstərirsiz?

-Bu 15 min 700 manatlıq «KİA-Rio»nu biz sənədlərdə 6 min manat göstərə bilərik, artıq göstərə bilmərik.

-Bəs orda 21 min 900 manata olan «KİA-Sportage»in sənədlərində qiyməti necə göstərirsiniz?

-Təxminən 7-8 min manat.

-32 min manata olan bir avtomobil var onu alsaq sənəddə nə göstərəcəksiniz?

-32 minlik avtomobilin qiyməti sənədlərdə hardasa 10 min manatdan bir az yuxarı göstəriləcək.

Beləliklə, bizim soruşduğumuz 3 maşının timsalında kassaya daxil olan 60600 manatı sənədlərdə 23000 manat yazmaqla dövlətdən təqribən 37000 manat pul gizlədilə bilər. Hər maşına təqribən 12000 manat.

Bu isə öz növbəsində dövlət budcəsinə qanunla nəzərdə tutulan 5760 manat əvəzinə cəmi 1800 manat vergi daxil olması deməkdir.

Başqa sözlə dövlət büdcəsi 3960 manat itirmiş olardı. Hər maşına təqribən 1300 manat.

Dövlət orqanları hara baxır?

Rəhim Qazıyev ikili qiymət sistemi haqda Prezident Aparatına çoxlu məktub yazıb ölcü götürülməsini tələb edib. Uzun sükutdan sonra, 2009-cu il yanvarın 19-da Vergilər Nazirliyindən cavab məktubu alıb.

Vergi Nazirliyinin idarə rəisi Musavər Nəbiyevin imzası ilə ona daxil olan məktubda deyilir ki, KİA SPROTAGE avtomobilinin satışına dair sənədlər araşdırılmış və R.Qazıyevin göstərdiyi fakt öz təsdiqini tapmamışdır.

Məktubdan aydın olmur ki, Vergi nazirliyinin istinad etdiyi araşdırma yalnız R.Qazıyevlə aparılan satış əməliyyatını əhatə edib, yoxsa ümumilikdə şirkətin fəaliyyəti yoxlanılıb.

Vergi nazirliyi rəsmi şəkildə ikili qiymət praktikaslndan xəbərsiz olduğunu bildirir





Müsavər Nəbiyev digər satış mərkəzlərində də yoxlama aparıldığını deyir. Amma həhəlik nazirlik avtomobil satışındakı vergidən yayınma hallarının mövcudluğu haqda heç bir açıqlama verməyib.

Bəs Daxili İşlər nazirliyi necə? Axı alqı-satqıdan keçən avtomobilərə DİN-in də bilavasitə aidiyyatı var.

Dövlət Yol Polisindən bizə verilən məlumata görə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu sahəyə vaxtaşırı nəzarəti həyata keçirir.

Məlumatda qeyd edilir ki, alqı-satqı sənədlərində satılan avtomobillərin dəyərinin nə qədər göstərilməsi şirkətlər tərəfindən sərbəst olaraq təyin edilir.

Rəhim Qazıyevin daha bir avtomobil sərgüzəşti

Rəhim Qazıyev «KİA-Motors»dan əldə etdiyi avtomobili satıb yeni maşın alanda yenidən ikili qiymət praktikasl ilə üzləşdiyini deyir. Onun bizə təqdim elədiyi «Nurgün Motors» şirkətinin rəsmi sənədində «Nissan X-TRAİL» avtomobilinin qiyməti 9607 manat 77 qəpik kimi yazılıb. Halbuki ondan 27 900 dollar nəğd pul alıblar.

Bu isə o deməkdir ki, təkcə bir avtomobilin satışı zamanı «Nurgün Motors» 3222 ABŞ dollarını vergidən gizlədir.

Rəhim Qazıyevin etirazından sonra ona ödədiyi pulun məbləğinə uyğun hər iki tərəfin imzası olan bir sənəd veriblər. Amma qəbz verilməyib.

Rəhim Qazıyev inanmır ki, büdcədən gizlədilən pullardan məmurların xəbəri yoxdur.

Rəhim Qazıyev deyir ki, əslində ona belə bir sənədi o bir az fəallıq göstərdiyinə, öz hüquqlarını tələb etdiyinə görə ala bilib.

ARAYIŞ


O deyir: «Mən guya bir qədər fəal alıcıyam, hüquqlarımı bilib həmin sənədi almaq istəmişəm. Onlar da arxalarına o qədər güvənirlər ki, deyiblər verək də. Özü də bu sənədi yazmazdan əvvəl həmin sənədə imza atan şəxs yuxarı qalxıb rəhbərliklə məsləhətləşəndən sonra ona belə bir sənəd veriblər. Ataların bir sözü var «kəndxudanı gör, kəndi çap». Bunlar bu xalqı soymaq üçün yuxarıdan icazə alıblar. Bu sənəd bir məndə deyil minlərlə Azərbaycan vətəndaşında var».

Rəhim Qazıyevin prezidentə yazdığı məktubda bu məsələ əks olunduğundan Vergilər Nazirliyinin İdarə rəisi Musavər Nəbiyev Rəhim Qazıyevə yazdığı cavab məktubunda bu məsələyə də toxunub.

Məktubda yazılıb: «Eyni zamanda bildiririk ki, müraciətdə adları qeyd olunan, avtomobil satışını həyata keçirən «Hyundai Auto Azərbaycan», «Nurgün Motors» və «Subaru Azərbaycan» Məhdud Məsuliyyətli Cəmiyyətlərdə hal-hazırda araşdırmalar aparılır və nəticəsindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir». Vergi ödəyicilərinin auditi baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Musavər Nəbiyev. 19 yanvar 2009-cu il.

Rəhim Qazıyev hələ ki, Vergilər Nazirliyindən bu məktubu almaqdan başqa heç nəyə nail olmayıb.

Bütün bu qarşılaşdığı hallardan sonra o oturub Azərbaycanda avtomobil satışından bir ildə nə qədər pulun büdcədən yayındığını araşdırıb.

«Mən orta qiymətə olan maşınların satışından əldə olunan pulların hesabını apardım. Mən aldığım «Nissan-X-TRAİL» orta qiymətdir, amma bunun 60-mindən 120 min dollara qədər olanı var. Və mən orta qiymət çıxartdım ki, bir ildə gətirilən 70 minə yaxın avtomobilin satışından gizlədilən pulun miqdarı 2 milyard manatdan yuxarıdır. Bu təkcə avtomobil satışın üzrə vergidən yayındırılan puldur. Bu Azərbaycan xalqının onurğa sütununa, bu dövlətçiliyinə vurulan ən böyük zərbədir»

Cənab Qazıyev Vergilər və Daxili İşlər nazirlərinin bu işdən xəbərsiz olduğuna da inanmır. Deyir Dövlət Yol Polisinə hər gün nömrə nişanı almaq üçün 10-larla hesab faktura sənədləri gedir və ola bilməz ki, bundan yuxarıların xəbəri olmasın.

Suallarımız cavabsız qalır…

Rəhim Qazıyevin məmurlar haqda bədgümanlığını bölüşməyib biz də Vergilər Nazirliyindən bu məsələyə bir aydınlıq gətirməsini istədik.

Amma fevralın əvvəlindən Nazirliyə iki yazılı müraciət və dəfələrlə telefon zəngi etməyimizə baxmayaraq, suallar cavabsız qalır.

Nazirlik deyir ki, fevralın 24-də Azadlıq Radiosuna məktub göndərib. Həmin məktub hələ ki, yetişməyib.

Ona görə arxivimizə müraciət etməli olduq. Rəhim Qazıyevin adını hallandırdığı «Nurgün Motors»la bağlı mənim hələ 2007-ci ildə apardığım araşdırmanın maraqlı məqamlarını diqqətinizə çatdırım.

O zaman mən guya maşın almaq üçün «Nurgün Motors»a müraciət etmişdim. Mənimlə danışan adının çəkilməsini istəməyən əməkdaş bütün maşınların baha qiymətə satılıb, aşağı qiymətə sənədləşdirilməsində təəccüblü bir şey olmadığını demişdi.

Amma mənim alıcı deyil, jurnalist olduğumu biləndə şirkətin baş direktoru Ceyhun Məmmədovla söhbət etməyi məsləhət görmüşdü.

Cəmil Məmmədovla telefon söhbətimiz belə oldu:

-Cəmil müəllim, sizdən «Nissan-X-Trial» avtomobili alan bir nəfər deyir o həmin maşını almaq üçün 27 min 900 manat pul ödəyib, amma ona verilən sənəddə 9 min 600 manat göstərilib. Bu belə də olmalıdırmı?

-Siz bunu nəyə görə soruşursunuz, mənim başım çıxmır?

-Bizim radioya vətəndaş belə bir faktlar açıqlayıb, indi biz araşdırırıq ki, həmin vətəndaş düz deyir, yoxsa səhv?

-İndi o düz desə və ya səhv desə siz onu nə edəcəksiniz?

-Biz bununla bağlı veriliş hazırlayacağıq.

-Bəs sonra bununla bağlı nə baş verib?

-Bəs həmin vətəndaş düz deyirmi?

-Yox, yəqin ki, düz deyil.

-Bəs bu vətəndaş sizi məhkəməyə versə, siz özünüzü müdafiə edə biləcəksinizmi?

-Təbii ki...

Xatırladıram ki, bu söhbət hələ 2007-ci ildə olmuşdu

Avtomobil satışında büdcə nə qədər itirir?

Müxtəlif rəqəmlər səslənir. Məsələn sabiq müdafiə nazirinin təxmini hesablamasına görə, vergidən idxalı və satışından ildə doğurdanmı 2 milyard manata qədər vəsait yayındırılır.

Amma ekspertlər bu rəqəmə bir qədər ehtiyatla yanaşırlar.

Ekspert Hafiz Babalı əmindir ki, vergidən yayınmasa şirkətlər müflişləşə bilər



Birincisi hesab edirlər ki, arqumentlərdən biri budur ki, il ərzində Azərbaycana gətirilən 90 minə yaxın avtomobilin heç də hamısı avtosalonlar vasitəsilə satılmır.

Bundan başqa, hətta avtosalonların satdığı avtomobillərin xeyli hissəsi kreditlə verilir.

Daha bir məsələ də odur ki, Azərbaycanda satılan avtomobillərin bir hissəsi də Rusiya istehsalı olan avtomobillərdir ki, onların qiyməti elə də baha deyil.

Avtomobil bazarını təhlil edən ekspertlərin fikrincə, avtomobillərin qiymətinin alıcıya verilən qəbzlərdə xeyli aşağı göstərilməsi ancaq vergidən yayınmaya xidmət edir. Belə ki, avtomobil satan şirkət qiyməti olduğu kimi göstərsə, müflisləşə bilər.



Ekspertlər onu da qeyd edirlər ki, avtomobil satan şirkət onun əsl dəyərinin vergisini onsuz da ödəməli olur. Amma bu pul büdcəyə gedib çıxmır. Qiymətin az göstərilməsi heç də həmin pulların hamısının avtomobil satana qalması demək deyil.

Ekspertlər əmindirlər ki, həmin pul o şirkətlərdən çıxır və avtomobil satışı şirkətləri harasa müəyyən edilmiş faizi ödəmədən belə addım ata bilməzlər.

Bir sözlə bir ildə avtomobil idxalı və satışından nə qədər pul vergidən yayınır - bunu daha dəqiq pulu vergidən yayındıranlar bilir.

Araşdırmanın daha geniş mətni ilə burada tanış ol

(Rəhim Qazlyev illik olaraq 2 milyard manatın dövlət budcəsindən yayındığını deyir. Onunla razısınızmı? Bizə yazın. Avtomobil alqı-satqisında iştirak etmisinizmi, öz təcrübənizi bizimlə bölüşün)

XS
SM
MD
LG