Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:52

«Məhkəmə sistemindəki islahatlar korrupsiyanın səviyyəsini artırıb»


Ənnağı Hacıbəyli, Aslan İsmayılov və Akif Əhmədov
Ənnağı Hacıbəyli, Aslan İsmayılov və Akif Əhmədov
Məhkəmə sistemində aparılan islahatlar, hakimlərin maaşının artırılması bu sahədə korrupsiya barədə deyilənlərə son qoydumu?

«Azadlıq» radiosunun «Şəffaflıq» verilişində «Viza» hüquq firmasının rəhbəri Aslan İsmayılov, Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli və Məhkəmə Hüquq Şurasının üzvü Akif Əhmədov bu mövzunu müzakirə edib.

Məhkəmə Hüquq Şurasının üzvü Akif Əhmədov deyir ki, aparılan islahatlar məhkəmə sistemini xeyli dəyişdirib. Onun sözlərinə görə, son iki ildə test üsulu ilə 157 yeni hakim vəzifəyə təyin edilib, 40-a yaxın hakim isə vəzifəsindən uzaqlaşdırılıb. Onların haqqında intizam icraatı tətbiq olunub. 75 hakim ya məsuliyyətə cəlb olunub, ya da aşağı işə keçirilib.

Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli isə deyir ki, aparılan zahiri dəyişikliklər mahiyyətcə məhkəmə sistemində köklü dəyişikliyə gətirib çıxarmayıb. O, hesab edir ki, Azərbaycanın məhkəmə sistemi icra hakimiyyətindən tam asılı bir vəziyyətdədir. Heç bir hakim icra hakimiyyətinin maraqlarına toxunan və onun göstərişindən kənara çıxan qərar qəbul etmək imkanına malik deyil. Bu baxımdan da Hacıbəyli hesab edir ki, əslində məhkəmə sistemindəki islahatlar korrupsiyanın səviyyəsini artırıb.

Vəkil Aslan İsmayılov isə deyir ki, azərbaycanlı hakimlərin maaşları 10 min manatdan yuxarı qaldırılsa belə, onlardan müstəqillik gözləmək yersizdir. Onun sözlərinə görə, ölkənin bütün sahələrində korrupsiya olduğu halda, ayrıca məhkəmə sistemində rüşvətin kökünü kəsmək mümkün deyil. Ona görə də vəkil hesab edir ki, rüşvətin, korrupsiyanın qarşısının alınması üçün bütövlükdə sistem dəyişməlidir.

Məhkəmə Hüquq Şurasının üzvü Akif Əhmədov hakimlərin maaşının elə də çox olmadığını deyir. O, hakimlərin prezident tərəfindən mükafatlandırılmasını müsbət hal sayır.

Ənnağı Hacıbəyli isə deyir ki, əgər bu, hakimlərin ədalətli qərarlar qəbul etməsilə bağlı mükafatlandırmadırsa, məsələni müsbət qarşılamaq olar:

«Ancaq baxır o mükafat nə məqsədlə verilir».

Ə.Hacıbəyli deyir ki, Azərbaycan şəraitində hakimlərin mükafatlandırılması onların icra hakimiyyətlərinin göstərişlərinin can-başla yerinə yetirilməsilə bağlıdır.

O, buna ən yaxşı nümunə kimi 2003-cü il oktyabr hadisələrini, dövlət çevrilişlərilə bağlı işə baxan hakimlərin sonradan mükafatlandırılmasını göstərir.

Akif Əhmədovsa deyir ki, Azərbaycan məhkəmələrində hər şeyin yüz faiz qaydasında olduğunu düşünmür. Amma ölkədə bütün sahələrdə inkişafı görməmək ədalətsizlikdir. O, hesab edir ki, Ədliyyə nazirinin kristal təmizliyi nəyə desən dəyər:

«İndiyə qədər Fikrət Məmmədov hər hansı bir qanun pozuntusuna yol verməyib».

Ənnağı Hacıbəyli isə deyir ki, elə Ədliyyə Nazirliyinin qanunsuz hərəkətlərilə bağlı Avropa Məhkəməsində artıq bir neçə qərar çıxarılıb. Bu faktı inkar etmək mümkün deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG