Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:07

Karxanalarda hər fəhləyə bir daş düşür


«Biabırçılıqdır. İndi burda da iş tapa bilmirik»
«Biabırçılıqdır. İndi burda da iş tapa bilmirik»
Qlobal maliyyə böhranı Azərbaycandakı daş karxanalarında aydın hiss olunmaqdadır. Güzdəkdəki saysız-hesabsız daş karxanalarında daş kəsən mişarlar işləməməkdən pas bağlayıb. Burada işlər tam dayanmayıb, amma fəhlələr deyirlər ki, 3-4 aydır ki, iş dayanmışa bərabərdir. İşləyən beş-on karxanaya isə daş yükləməyə o qədər fəhlə gəlir ki, az qala yeni kəsilən hər daşa bir fəhlə düşür.

Naxçıvanın Sədərək rayonundan səkkiz il əvvəl iş dalınca Bakıya gələn Bayram Cəfərov «Azadlıq» radiosuna deyir ki, elə ilk iş yeri karxanalar olub. Amma indiki kimi işsiz qalmayıb. B.Cəfərov deyir ki, düz üç aydır yükləməyə daş axtarır. Amma tapa bilmir:

«Biabırçılıqdır. Hər yerdə iş bağlananda ümidimiz var idi ki, karxanalara gedib gündəlik çörəkpulumuzu qazana biləcəyik.
İndi burda da iş tapa bilmirik».

Karxanalarda işin dayanmasının əsas səbəblərindən biri də daşın ucuzlaşmasıdır. Belə ki, sahibkarlar aldım qoz, satdım qoz prinsipilə işləmək istəmirlər. Çünki karxananı işlətməyin də xeyli xərcləri var. Beş-altı nəfərin yatıb-durduğu, yeyib-içdiyi yer isə 10-12 kvadrat metrlik balaca taxta otaqlardır.

Bu balaca və çirkli evciklər illərlə yığışdırılmayıb, fəhlələrin yatdığı yorğan-döşəklərsə illərlə yuyulmayıb.

Bəzi fəhlələr belə işləməkdən, yaşamaqdan bezdiklərini desələr də, elələri də var ki, öz işlərindən, yaşayışlarından çox məmnundurlar:

«Pis dolanmırıq, evimizə pul aparırıq».

İndi günlərini yatmaqla keçirən fəhlələrin dediyinə görə, bir neçə ay bundan əvvəl burda gecə-gündüz daş kəsən mişarların, yük maşınlarının səs-küyündən qulaq tutulurmuş. Amma indi hektarlarla ərazini əhatə edən, kənardan böyük zibilliyi xatırladan karxanalarda sakitlikdən qulaq batır.

Təxminən iki saat ərzində gəzdiyim karxanaların yalnız birində iş getdiyini gördüm. Daş kəsən aqreqatı işlədən Akif Bayramovun dediyinə görə, iki gündə bir maşın daş sata biliblər. O da iri yox, orta tutumlu maşın olub.

Bir müddət əvvəl 60 nəfərlik briqadaya rəhbərlik edən Qafur Bəkirov isə deyir ki, onlar artıq belə çalışmağın mümkünsüzlüyünü görüb işi tamamilə dayandırıblar.

Karxanalarda iş prinsipi, əməyə verilən qiymət də ürəkaçan deyil. Burda əmək qanunları işləmir. Hüquqsuz fəhlənin yüklədiyi bir daşa görə, aldığı pul 1 qəpikdir. Karxana sahibləri isə 1 qəpiyə yüklənmiş daşı əvvəllər 40 qəpiyə satıb. İndi isə daşın biri 30 qəpikdən də aşağı düşüb.

İş tapmayıb bizimlə paytaxta qayıdan Bayram Cəfərovla elə yoldaca bir balaca hesablama apardıq. Məlum oldu ki, bir fəhlə günə 20 manat qazanmaq üçün gərək çəkisi 20 kiloqram olan 1 qəpiklik daşdan min ədəd yükləsin. Bu, əvvəllər mümkün olsa da, indi işləyən karxanalar iki günə bir maşın daş sata bilirlər. Onu da bir yox, bir neçə fəhlə yükləyir. Yəni fəhlə nə qədər fasiləsiz işləmək istəsə də, onun istədiyi qədər daş yükləyib, pul qazanması mümkünsüzdür.

Daş karxanalarının işinin dayanması yol boyu bizə rast gələn yük avtomobillərinin azlığında da hiss olunurdu.

Güzdəyə gedən yolun üstündə, Hökməli kəndinin girəcəyində daş yüklənmiş maşınların cərgə ilə dayandığı yerdə sürücülərlə danışanda onlar da iqtisadi böhrandan gileyləndilər. Sürücülərin dediyinə görə, daş yüklənmiş elə maşınlar var ki, bir aya yaxındır dayanıb, nə alan var, nə soruşan.

Ölkədə tikintinin zəiflədiyini deyən karxana sahibləri artıq obyektlərini satmağa, icarəyə verməyə adam axtarırlar. Hər üç-dörd karxanadan birinin satıldığı barədə elanlar var.
XS
SM
MD
LG