Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:01

Elmar Hüseynovun xatirəsi yad edildi


Elmar Hüseynovun atası Sabir Hüseynov istintaq-əməliyyat tədbirlərinin aparılmadığını deyir.
Elmar Hüseynovun atası Sabir Hüseynov istintaq-əməliyyat tədbirlərinin aparılmadığını deyir.
«MTN-lə görüş tələb edək. Cəmiyyətə istintaqın nə yerdə olduğu barədə ətraflı məlumat verilsin».

Hüquq müdafiəçisi Leyla Yunus martın 2-də «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin dördüncü ildönümü yad edilən zaman belə deyib.

Mərhum jurnalistin məzarı üzərində keçirilən ənənəvi mərasimə media nümayəndələri ilə yanaşı siyasi partiya təmsilçiləri, hüquq müdafiəçiləri, diplomatik korpusun əməkdaşları, sadə vətəndaşlar qatılmışdı. Tələblər həmişəki idi: Qatillər tapılıb cəzalandırılsın!

«Turan» agentliyinin rəhbəri Mehman Əliyev hamının adından keçənilki tələbi bir də səsləndirdi:

«Bu il bura keçənilkindən daha çox adam toplaşıb. Bu da onun göstəricisidir ki, Azərbaycanda siyasi qüvvələr, ictimaiyyət, mətbuat - yəni hamı Elmar Hüseynovun qatillərinin tapılmasında israrlıdır və bunu istəyir».

ABŞ-ın Azərbaycandakı səfirliyindən Terri Devidson isə ölkə rəhbərliyinə daha diplomatik dillə səsləndi. Dedi ki, Elmar Hüseynovun qatillərinin tapılıb mühakimə olunmaması Azərbaycanda mətbuat azadlığının vəziyyətinə çox böyük kölgə salır:

«Azərbaycanın hüquq-mühafizə orqanlarını bu qətli və jurnalistlərə qarşı digər zorakı əməlləri yenidən araşdırıb ədalətin bərpa olunmasını təmin etməyə çağırırıq».

İstintaqı aparan MTN-in ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayevdən isə dörd ildir ki, eşitdiklərimizin təkrarını eşitdik:

«Zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir».

Elmar Hüseynovun atası Sabir Hüseynov isə istintaq-əməliyyat tədbirlərinin aparılmadığını deyir. Aradan keçən dörd ilin nəticələri onu belə düşünməyə vadar edir:

«Mənə elə gəlir ki, onlar bu məsələni artıq bağlayıb arxivə qoyublar. Çünki iş görülsəydi, nəsə deyərdilər, bir şey yazardılar. Ancaq görülməyən işdən nə yazsınlar, nə desinlər. Ona görə heç kim də onlara inanmır».

Rəsmi orqanlardan fərqli olaraq Elmar Hüseynovun qətlini araşdıran ictimai komitə öz üzərinə götürdüyü işi sonadak yerinə yetirib. Komitənin rəhbəri Şahbaz Xuduoğlu belə deyir:

«Biz əlimizdən gələni etdik, rəsmi istintaqa ip ucu olan faktlar da təqdim etdik. Qalanını dövlət etməli idi».

Mərasimdə iştirak edən AXCP və Müsavat partiyalarının liderləri - Əli Kərimli və İsa Qəmbər isə deyir ki, indiki iqtidarın dövründə bu qətlin üstünün açılmasını dövlətdən gözləməyə dəyməz.

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə hesab edir ki, bu cinayətin üstü açıqdır və hüquq-mühafizə orqanlarına Elmarın qətli ilə bağlı hər şey bəllidir. Sadəcə məsələnin ictimailəşməsi üçün mühit yoxdur:

«Nə jurnalistlər, nə bütövlükdə cəmiyyət bu məsələdə təpki göstərə bilmir. Heç hökumət də bu məsələyə böyük bir həvəs göstərmir. Odur ki, nə qədər ki, qüvvələr nisbəti bu vəziyyətdə olacaq, yeni bir dəyişiklik gözləmirəm».

«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də evinin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib. O, məqalələrində hakimiyyəti kəskin tənqid edirdi.
Elmar Hüseynovun xatirəsi yad edildi
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00
Direct-ə keçid
XS
SM
MD
LG