Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:31

«Dilçilik ensiklopediyası»nın ikinci cildi buraxılıb


Fəxrəddin Veysəlli
Fəxrəddin Veysəlli
Professor Fəxrəddin Veysəllinin «Dilçilik ensiklopediyası»nın ikinci cildi işıq üzü görüb. İki cilddən ibarət ensiklopediyanın birinci cildi 2 il öncə oxuculara təqdim olunub.

Fəxrəddin Veysəllinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, «Dilçilik ensiklopediyası»nın əsas məqsədi müasir dilçiliyin nəzəri müddəalarını, elmi məqsədlərini 5 dildə verməklə yanaşı, həm də Azərbaycan türkcəsində geniş şəkildə açmaqdır:

«Eyni zamanda məqsədimiz bizim tələbə, magistr, aspirant, dissertant – bütün alimlərimizə dünya dilçiliyinin müasir səviyyəsini çatdırmaqdan ibarətdir. İndi Azərbaycan oxucularının böyük əksəriyyəti informasiyanı rus dilində alırlar. Ona görə də biz birinci yerdə məqalənin adını rusca, sonra qarşısında alman, ingilis, fransız və nəhayət, azərbaycanca vermişik».

Fəxrəddin Veysəlli belə hesab edir ki, bu, analoqu olmayan bir proyektdir: «Çünki 5 dilli dilçilik terminlərini ortaya qoyan dünya səviyyəsində ensiklopediya yoxdur. Biz buna nail olduq, ərsəyə gətirdik. Təxminən 10 il bu ensiklopediya üzərində çalışmışıq».

Əslində, ensiklopediya 2 cild nəzərdə tutulsa da, deyəsən, üçüncü cild də işıq üzü görəcək: «Birinci və ikinci cildə getməyən çox mühüm vacib terminlər əlavə kimi üçüncü cilddə yerləşdiriləcək. Burada həm də dünya dilçilik elminin korifeylərinin portretini də geniş verməyi planlaşdırırıq. Onların dilçiliyə verdiyi töhfələri göstərmək istəyirik».
XS
SM
MD
LG