Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:18

«Məhkəmə qanuni qərarı da qapalı şəraitdə qəbul etdi»


Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus
-Leyla xanım, Daxili İşlər Nazirliyi sizə qarşı iddiasını geri götürdü və bununla da sizə qarşı işə ittihama xitam verildi. Nazirliyin bu qərarını necə qarşıladınız?

-Mən bunu müsbət qarşılayıram, məsələ qanuni şəkildə öz həllini tapdı. Nazir iddiasını geri götürdü.

-Bəs Yasamal Rayon Məhkəməsinin bu qərarı bağlı qapılar arxasında qəbul etməsini necə qarşıladınız?

-Yasamal Rayon Məhkəməsi bu səhər bir daha göstərdi ki, Azərbaycanda məhkəmələr normal işləyə bilmirlər. Məhkəmələr hətta qanuni qərarların qəbulunu da normal şəkildə həyata keçirə bilmirlər. Yasamal Rayon Məhkəməsi açıq-aydın qanuni qərarın qəbulunu qapalı şəraitdə həyata keçirməklə Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsini pozub.

Həmin maddədə göstərilir ki, məhkəmələr azad, açıq və şəffaf keçirilməlidir. Amma Yasamal Məhkəməsinin katibliyində işləyənlər, məhkəmənin sədri və işi aparan hakim prosesdə iştirak etmək istəyən jurnalistlərə, ictimai qurumlara, diplomatik korpus nümayəndələrinə yanlış məlumat veriblər. Amma sonradan vəkilə deyiblər ki, məhkəmə qərar çıxartdı və Daxili İşlər Naziri rəsmi şəkildə öz iddiasını geri götürdü. Amma qanuna görə, məhkəməni aparan hakim zalda olmalı idi, məhkəməyə gələnlər də prosesə buraxılmalıydı. Üç-beş dəqiqə ərzində bunu açıq şəkildə mətbuatın və prosesə gələn şəxslərin qarşısında məhkəmənin qərarı elan olunmalıydı.

-Leyla xanım, məhkəmənin qapalı qərar qəbul etməsilə bağlı hansısa bir planlarınız varmı?

-Biz məhkəmələrin işi və məhkəmələrdə şəffaflıq məsələlərilə bağlı monitorinq aparırıq və bu proses bir daha göstərdi ki, Azərbaycanda məhkəmələr şəffaf deyil.

Martın 2-də Yasamal Rayon Məhkəməsində Daxili İşlər naziri Ramil Usubov Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusa qarşı bütün iddialarından imtina edib.

İddia ərizəsində göstərilmişdi ki, Sülh və Demokratiya İnstitutunun direktoru ötən il dekabrın 3-də «Day.az» saytına müsahibəsində Daxili İşlər Nazirliyinə böhtan atıb və Dəvəçi rayonunda iki azyaşlı uşağın qətlində polisin əli olduğunu deyib.

R.Usubov müsahibənin polisin işgüzar nüfuzuna xələl gətirdiyini iddia edərək L.Yunusun təkzib verməsi, nazirlikdən üzr istəməsi və mənəvi zərərin əvəzində 100 min manat təzminat ödəməsi tələbini qoymuşdu.
XS
SM
MD
LG