Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 20:51

Yeni əsas qanunda müharibə imitasiyası


Bu qədər məhdudiyyətləri təklif etməklə parlament Konstitusiyanı daha çox qadağa toplusuna çevirir
Bu qədər məhdudiyyətləri təklif etməklə parlament Konstitusiyanı daha çox qadağa toplusuna çevirir
Martın 18-nə təyin olunan referendumun səciyyəvi xüsusiyyətlərindən biri budur ki, cəmiyyətin əksəriyyətinin təklif olunan düzəlişlərdən xəbəri yoxdur. Düzdür, artıq təşviqat qrupları qeydə alınıb, efirdə təbliğat və izahat üçün müəyyən vaxt ayrılıb. Amma həm referenduma qədərki vaxtın azlığı, həm də elə efir vaxtının münasib seçilməməsi və qısa olması əhalini zəruri informasiya ilə təmin edə bilmir. İnternet vasitəsilə keçirilən sorğudan məlum olur ki, insanların böyük əksəriyyətinin ancaq prezident seçkisi üçün nəzərdə tutulan iki dəfəlik limitin götürülməsindən xəbəri var. Bəs o biri düzəlişlər? İnsanlar bu haqda məlumatlıdırlarmı? Ötəri söhbətlərdən belə məlum olur ki, onların bu haqda təsəvvürü çox zəifdir.

Düzəlişləri xarakterizə edən əsas detallar hansıdır? Təbii ki, ilk növbədə nəzərə çarpan iki dəfəlik məhdudiyyətin aradan qaldırılmasıdır. Amma bundan başqa da düzəlişlərdə xeyli mübahisə yaradan məqamlar var. Sanki ali qanunda «müharibə imitasiyası» yaratmağa cəhd edilir. Bunu bir neçə maddədən görmək olar.

Məsələn, götürək Azərbaycan Milli Məclisinin çağırış müddəti ilə bağlı düzəlişi. Qeyd olunur ki, müharibə şəraitində hərbi əməliyyatların aparılması seçkilərin keçirilməsini mümkün etmədikdə səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır və bildirilir ki, bu barədə qərar seçkilərin keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.

Eyni yanaşma prezident seçkilərinə də şamil edilir. Düzəlişlərdə bildirilir ki, müharibə şəraitində hərbi əməliyyatların aparılması prezident seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan prezidentinin səlahiyyət müddəti uzadılır.

Bu barədə qərar da seçkilərin keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.

«Müharibə imitasiyası», qeyri-məhdud hakimiyyət və qeyri-məhdud səlahiyyətlər - indi vəd olunanlar bunlardır...
Göründüyü kimi, müharibə şəraitində hər iki ali orqanın səlahiyyət müddəti artırılır. Bunu prinsipcə, normal qəbul etmək olardı. Həqiqətən də müharibə aparan bəzi ölkələrin təcrübəsində belə hallar olub. Amma müharibə amili Azərbaycanda əksər hallarda spekulyasiya xarakteri daşıyıb. Bəli, deyirik ki, ölkə müharibə şəraitində yaşayır. Amma bunun hər hansı real təzahürünü görürükmü? Son vaxtlar bu, daha çox hərbi ritorikadan hiss olunurdu. «Lazım gələrsə» misalı artıq cəmiyyət arasında bir lətifəyə çevrilmişdi. Hamı gözləyirdi ki, bu «lazım» nə vaxt gələcək? Gürcüstan–Rusiya müharibəsi buna da aydınlıq gətirdi. Bundan sonra nəinki hərbi ritorikaya da son qoyuldu, hətta daha «lazım»a da ehtiyac qalmadı. Artıq Rusiyanın hakim dairələrinə yaxın ekspertlər belə xəbərdarlıq edirlər ki, Azərbaycan heç bir halda Gürcüstanın səhvlərini təkrar etməməlidir.

Amma düzəlişlərin prezidentin səlahiyyətləri ilə bağlı hissəsi bununla məhdudlaşmır. Təklif olunan düzəlişlərdə qeyd olunur ki, o, dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydaları nəzərdə tutan hökmətlərarası müqavilələri təsdiq və ya ləğv olunmaq üçün Milli Məclisə təqdim edir. Maraqlıdır, bəs indiyə kimi necə idi? Azərbaycanın qoşulduğu konvensiyalar onsuz da bəzi hallarda mövcud olan qanunvericilikdən fərqli qaydaları nəzərdə tuturdu və qanunlar artıq Konvensiyanın qəbulundan sonra ona uyğunlaşdırılıb. Yəni, konkret olaraq, referenduma çıxarılacaq bu müddəanın vətəndaşların həyatında nəyi dəyişəcəyi bəlli deyil. Həmin konvensiyaların təkcə kağızda yox, əməldə də qüvvəyə minməsi üçün konstitusiya dəyişikliyindən çox, prezidentin siyasi iradəsinə ehtiyac var.

Düzəlişlərdə diqqəti cəlb edən detallardan biri də şəxslərin «xüsusi icazə» olmadan video və fotoçəkilişinə, səs yazısına məruz «qalmamasıdır». Bundan sonra televiziya, radio və ümumiyyətlə, jurnalistlər necə işləyəcək, bunu təsəvvür etmək çətindir. Məsələni Azadlıq Radiosuna şərh edən bir hüquqşünas maraqlı bir kazus misalını vermişdi. Məsələn, hər bir seçici öz millət vəkilinin parlamentdə vacib qərarların, deyək ki, Təhsil qanununun müzakirəsi zamanı bu prosesdə necə iştirak etdiyini bilmək istəyir. Əgər deputat bu zaman yuxuya gedibsə, jurnalistin borcu bunu seçiciyə göstərməkdir. Amma o, konstitusiyaya təklif olunan bu düzəliş keçərsə, daha öz vəzifəsini yerinə yetirə bilməyəcək. Əvvəl millət vəkilini oyatmalı, ondan çəkiliş üçün icazə istəməli, sonra isə kamerasını işə salıb həmin deputatın yenidən yuxuya getməsini gözləməlidir.

Əslində Konstitusiya insanların özəl həyatının toxunulmazlığına indiyə qədər də təminat verirdi. Bu qədər məhdudiyyətləri təklif etməklə parlament Konstitusiyanı daha çox qadağa toplusuna çevirir.

Beləliklə, təklif olunan düzəlişlər əsas qanunu daha da təkmilləşdirmək, daha da sadələşdirmək və demokratikləşdirmək əvəzinə, onu bir az da mürtəce edir. Bu isə heç də yaxşı gələcək vəd etmir. «Müharibə imitasiyası», qeyri-məhdud hakimiyyət və qeyri-məhdud səlahiyyətlər - indi vəd olunanlar bunlardır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG