Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:54

Rail Rzayevin qətlində Rusiya izi


General-leytenant Rail Rzayevin qətlindən 13 gün sonra Rusiya paytaxtında da bir general qətlə yetirilib
General-leytenant Rail Rzayevin qətlindən 13 gün sonra Rusiya paytaxtında da bir general qətlə yetirilib
«Yeni Müsavat»: General-leytenant Rail Rzayevin qətlindən 13 gün sonra Rusiya paytaxtında da bir general qətlə yetirilib. Moskva şəhəri, Leninqrad prospekti, ev 31-in qarşısında, «Toyota Landkruzer» markalı maşında kişi meyiti aşkarlanıb. Hadisə yerinə çağırılan hüquq-mühafizə orqanları əməkdaşları mərhumun Rusiya Federal Təhlükəsizlik Xidmətinin sabiq general-mayoru Aleksandr Roqaçev olduğunu müəyyənləşdirib. İlkin olaraq Roqaçevin meyitini müayinə edən tibbi ekspertlər onun ürək tutmasından öldüyünü bildirib.

Rusiyalı generalın meyiti ətraflı müayinə edilərkən boynunun ardında odlu silah yarasına oxşar iz aşkarlanıb. A.Roqaçevin kəllə sümüyünü kəsərək beyin yarımkürələrinə baxış keçirən ekspertlər orada güllə olduğunu görüb. Bundan sonra generalın qətlə yetirildiyi təsdiqlənib.
13 gün fərqlə 2 general öldürülüb və hər iki qətldə istifadə olunan silah ortada yoxdur. Bu isə hər iki cinayətin təşkilatçılarının əməliyyat işini dərinliklərinə qədər bilmələrinə işarədir.

Əsasən Rusiya xüsusi xidmət orqanlarında təlim keçən döyüşçülərə obyekti bir atəşlə məhv etməyi öyrədirlər. Xatırladaq ki, general Rzayevin qətlindən sonra belə versiya səslənmişdi ki, sifarişçi iz azdırmaq üçün qatili Rusiyadan gətizdirə bilər.

«General Roqaçevin qətli ilə general Rzayevin qətli arasında hər hansı bağlılıq ola bilərmi» sualı ilə Respublika Prokurorluğunun mətbuat xidmətinə müraciət etdik. Xidmət rəhbəri Eldar Sultanov generalların qətlindəki oxşarlıqları təsadüf kimi qiymətləndirdi və general Rzayevin qətlini araşdıran istintaq qrupunun müəyyən irəliləyişlərə nail olduqlarını vurğuladı.

«Azadlıq»: «Heç bir şəkildə təşviqat üçün bu qədər az vaxt ayrılmayıb».
«Əliyev rejimi bütün mövcudluğu dövründə çalışıb ki, həm daxildə, həm də beynəlxalq aləmdə o görüntünü yarasın ki, guya Azərbaycanda demokratiya var və bu proseslər gedir. Hansısa mərhələdə imitasiya oyunu fəallaşıb, hansısa mərhələdə isə arxa plana keçib. Hakimiyyət referendumla bağlı mövzuların geniş danışılmasından, oddan qorxan kimi qorxur. Cəmiyyətdə bu mövzu ətrafında fəal diskussiyasının olmaması üçün əlindən gələni edir. Heç bir şəkildə təşviqat üçün bu qədər az vaxt ayrılmayıb. Hətta 2008-ci il prezident seçkisində üç saat efir vaxtı ayrılmışdır. Bu dəfə isə cəmisi həftədə bir dəfə saat yarımlıq efir vaxtı ayrılmışdır. İndi hakimiyyət təklənməmək üçün müxtəlif adlar altında yeddi təşviqat qrupu yaradıb. Həmin təşviqat qruplarının da hamısı eyni mövqedən çıxış edirlər. Əslində hakimiyyət bizimlə diskussiyadan qorxmasaydı, etiraf edərdi ki, ölkədə iki fikir var. Biri bu dəyişiklikləri xeyirli hesab edən hakimiyyət, digəri onların əleyhinə olan demokratik qüvvələr».

«Yeni Azərbaycan»: Rusiya Federal Təhlükəsizlik xidmətinin istefada olan generalı qətlə yetirilib.
Federal Təhlükəsizlik Xidmətinin istefada olan generalı Aleksandr Roqaşev qətlə yetirilib. APA-nın məlumatına görə, generalın cəsədi «Toyota» markalı maşının içərisindən tapılıb. İlkin olaraq Roqaçovun ürək çatışmamazlığından öldüyü bildirilsə də, sonradan tibbi ekspertiza zamanı onun baş nahiyəsindən 9 millimetrlik güllə çıxarılıb. Qeyd edək ki, bu son bir il ərzində Rusiyada generallara qarşı edilən üçüncü sui-qəsd hadisəsidir.

«Üç nöqtə»: Sahibkarlar layihələrin dəyərini şişirdirlər.
Sahibkarlar bəzən reallığı əks etdirməyən layihələr təqdim edirlər. Bundan narahatlıq keçirən İqtisadi İnkişaf Nazirliyi növbəti mərhələdə bu prosesə nəzarəti gücləndirməyi planlaşdırıb. Bundan sonra kreditlər ayrılarkən real layihələrə üstünlük veriləcəyi bildirilir. Kreditlərin verilməsi prosesi iki mərhələdə həyata keçiriləcək. Sahibkarlar banklara onlar da fonda müraciət edəcəklər. Sonra kreditlər veriləcək. Bununla yanaşı, layihələrin işlənilməsi üçün sahibkarlarla təlimlər də keçiriləcək. Nazirlik tərəfindən səsləndirilən iradları təbii qəbul edən Azərbaycan Sahibkarları Konfederasiyasının prezidenti Ələkbər Məmmədov bildirdi ki, layihələrin dəyərinin şişirdilməsini bütün sahibkarlıq subyektlərinə aid etmək olmaz: «Buna əsasən yeni fəaliyyətə başlayan sahibkarların fəaliyyətində rast gəlinir».
XS
SM
MD
LG