Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:31

Barış Mançonun ölümündən 10 il ötdü


Bu “İz”də ötən həftənin (8-15 fevral 2009-cu il) mədəniyyət xəbərləri diqqətə çatdırılır və daha sonra ölümündən 10 il ötən ünlü sənətçi BarışManço yad edilir.

“7 xəbər” (biri özəl) bölümündə səslənən xəbərlər:

1. Azərbaycan ədəbiyyatı bir sənət nəhəngini itirdi -- xalq şairi Bəxtiyar Vahabzadə dünyasını dəyişdi! – XX yüzil poeziyasına adını yazdırmış bu şair sovet kommunist ideologiyasının hakim olduğu yer və dönəmdə dünyaya gəlsə də, bütün həyatı boyu alternativ düşüncələrin carçı və daşıyıcısına çevrilə bildi. Şöhrəti və yaradıcılığı Azərbaycan hüdudlarını aşan Bəxtiyar Vahabzadə “Gülüstan” poemasıyla təkcə ədəbiyyat aləminin deyil, siyasət dünyasının da gündəminə düşmüşdü. Yaşı 7-dən 77-yə minlərcə, bəlkə milyonlarca insanın sevimli şairi fevralın 13-də Bakıda 84 yaşında dünyasını dəyişib.

2. Fevralın 18-dən başlayaraq düz 1 il Bakı İslam mədəniyyətinin paytaxtı sayılacaq! – Həmin gün keçiriləcək açılış mərasiminə Avrasiya və Afrikanın bir sıra ölkələrindən mədəniyyət nazirləri, eləcə də paytaxt şəhərlərin merləri qatılacaq. İl boyu Azərbaycan miqyasında və beynəlxalq çərçivədə 100-dən çox mədəni tədbirin keçirilməsi planlaşdırılıb. Bu tədbirlərə fevralın 18-də və 19-da şəhərin mərkəzi meydanlarında şənliklər, “Bakı – İslam mədəniyətinin paytaxtı-2009” saytının və “Qədim Bakı” kitabının tanıtma mərasimləriylə start veriləcək.

3. Skandinaviyalı rəssamlar Bakıətrafı kəndlərin sənət həvəskarlarıyla birgə təsviri sənət örnəkləri yaradacaqlar! – İsveçli sənətçi Katrin Lunkvistin topladığı qrup Pirşağı, Əhmədli, Şüvəlan, Binə və Qala kəndlərinin mədəniyyət ocaqlarında yerli sənətçilərlə birgə çalışacaq və “pablik-art”, yəni açıq sənət əsərləri yaradacaqlar. Yaradıcı qrupun məsləhətçisi Azərbaycanda 3 ilini keçirən və ölkəmizlə bağlı bir neçə uğurlu layihənin müəllifi Norveçli rəssam Eli Qlader olacaq. İsveç, Norveç, Danimarka və İslandiyanı təmsil edəcək rəssamların səfəri martın 10-dan 17-dək sürəcək.

4. Gələn ildən Azərbaycan ali məktəblərinə qəbul zamanı rus dili xarici dil sayılacaq! – Universitet və institutların Azərbaycan bölməsində 2-ci və 3-cü ixtisas qruplarının xarici dildən imtahan fənləri sırasına rus dili də daxil ediləcək. Bu məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbasova dilə gətirib. Komissiya sədrinin sözlərinə görə, həmin yenilik builki qəbula aid deyil. Rus dilinin xarici dildən imtahan fənləri sırasına daxil edilməsi 2010-cu ildən həyata keçiriləcək.

5. “Avroviziya-2009” Rəqs Yarışmasının Azərbaycanda keçirilməsi qətiləşdi! – Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimlinin sözlərinə görə, bu yarışma, çox ehtimal ki, bu il sentyabrın 26-da Bakıdakı konsert-idman kompleksində gerçəkləşəcək. Rəqs avroyarışmasının baş prodüseri Fərhad Hacıyev bu münasibətlə keçirilən mətbuat konfransında bildirib ki: “Hələ ötən ilin dekabrında layihənin təqdimat mərhələsində Avropa Yayım Birliyinin konstruktiv və dəqiq yanaşması bizi sevindirmişdi”. Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov da “Avroviziya-2009” Rəqs Yarışması iştirakçılarını qəbul etməyin şərəf olduğunu dilə gətirib.

6. Bu ilin aprelində Naxçıvanda Nuh əyyamına dair beynəlxalq simpozium olacaq! -- Azərbaycan mediasında yayılan bu xəbər Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamından qaynaqlanır. Bir çox ölkə alimlərinin iştirakı gözlənilən bu elmi toplantı “Naxçıvanda Nuh peyğəmbərin məzarı tapılıb!” iddialarından sonra ayrıca maraq doğurur. Son illər Nuh peyğəmbərin və Nuh əyyamının Naxçıvanla bağlantıları barədə 20-dən çox kitab və azı 120 elmi məqalə nəşr edilib.

7. Savaş və barış mahnılarıyla dinləyici rəğbəti qazanmış Şəmistan Əlizamanlı 50 yaşına çatdı!..(Özəl reportajda yubilyarla müsahibəyə yer ayrılıb)

Barış Manço Azərbaycana nədən bağlı idi?

Bu “İz”in əsas hissəsi təkcə Türkiyədə deyil, Azərbaycanda da “Barış abi” kimi tanınıb-sevilən ünlü sənətçi – türk pop musiqisinin yaradıcılarından sayılan Barış Mançoya həsr edilib. Ölümünün 10 illiyi xatırladılan bu böyük sənətçi din və dil, irq və cins, zəngin və yoxsul fərqi bilmədən, özəlliklə dünya uşaqlarının sevimlisinə çevrilə bilmişdi. ABŞ, yaxud Yaponiyaya, Fransa, yaxud Almaniyaya, Pakistan, yaxud Hindistana – hara olursa-olsun, barış nəğmələri daşıyan Mançonun Azərbaycan yanğısı da varmış. Onunla şəxsi dostluğu və yaradıcı işbirliyi olan telemenecer və sənətşünas Etibar Babayev Barış Mançonun mədəni dialoq və Azərbaycan mədəniyyəti haqqında fikirlərini “Azadlıq” radiosunun dinləyiciləri ilə bölüşür. Verilişdə “Barış abi”nin unudulmaz mahnılarından parçalar və Etibar Babayevlə söhbətlərindən aktual fraqmentlər də səslənir.

Buna da bax:

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG