Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:27

«Ən əsası, təhsilin fəlsəfəsini dəyişməliyik»


İbrahim Əliyev
İbrahim Əliyev
«Boloniya təhsil prosesində Azərbaycan bu məkanın əyalətinə çevrilə bilər».

«Avropada Boloniya prosesi və onun Azərbaycanda perspektivləri» kitabının müəllifi, tarixçi-alim İbrahim Əliyev «Azadlıq» radiosunun «Can Bakı» proqramına belə deyib.

Onun sözlərinə görə, Azərbaycan təhsil sistemində bir çox problemlər mövcuddur:

«Bizdə ali təhsil ocaqları sərbəst qərar qəbul edə bilmirlər. Tədris proqramları dəyişdirilməlidir, operativ, çevik bir proqram sistemi olmalıdır. Bu kimi problemlər həll olunmasa, Azərbaycan Boloniya prosesində bu məkanın əyalətinə çevrilə bilər».

İ.Əliyev deyib ki, Avropa Boloniya prosesini 1999-cu ildə yaradıb. Azərbaycan 2005-ci ildən bu prosesə qoşulub:

«Bu prosesə qoşulmaq uzun bir fəaliyyətin nəticəsidir. 1991-ci ildə müstəqillik qazanandan sonra bizim təhsil sahəsində qlobal dəyişikliklər baş verdi. Azərbaycan düzgün olaraq Avropaya meyl götürdü, inteqrasiya xəttini tutdi. Düşünürəm ki, təhsil sahəsində Avropanın təcrübəsindən bəhrələnmək vacibdir. Amma Boloniya prosesi başqa mühitdə ortaya gətirilmiş bir təcrübədir. Onun mexaniki şəkildə Azərbaycana tətbiq edilməsi çox çətindir. Çünki bizim özümüzün tədris ənənələri var».

Tarixçi-alim deyir ki, yazdığı kitabda bir sıra təkliflər irəli sürüb:

«Yəni, nələri düzəltmək lazımdır ki, bu prosesin Azərbaycanda tətbiqini sürətləndirək. Biz Boloniya prosesinə qoşulmuşuq, lakin sürətimiz məni qane etmir. Bizə bu prosesə qoşulmaq hüququ verilib, amma təhsildəki problemlərimizi həll etmədən, onlarla yanaşı addımlaya biləcəyikmi?».

İ.Əliyev belə hesab edir ki, Boloniya prosesi sadəcə bir model deyil ki, onu gətirib Azərbaycanda tətbiq edəsən:

«Ən əsası, təhsilin fəlsəfəsini dəyişməliyik. Əgər əvvəllər təhsilin diqtə edənləri müəllimlər, yüksək inzibati strukturlar idisə, Avropa təhsil sisteminin əsasını tələbə yönümlü təhsilin tətbiq edilməsi təşkil edir. İndi təhsilin diqtə edəni müəllim deyil, onun müştərisidir. Müştəri isə tələbədir. O necə diqtə edirsə, elə də olacaq. Tələbənin diqtəsi ixtisas almaq və əmək bazarında öz yerini tutmaq, karyera qurmaqdır».

Tarixçi-alim onu da deyir ki, Boloniya prosesində təhsil demək olar ki, fasiləsizdir. Burada tələbə 4 il deyil, 8-9 il təhsil ala bilər.
XS
SM
MD
LG