Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 06:47

«Eurovision»da ermənilər «can-can» deyəcəklər


Ermənistanın «Eurovision»da ən yaxşı nəticəsi isə keçən il olub
Ermənistanın «Eurovision»da ən yaxşı nəticəsi isə keçən il olub
«Eurovision»da Ermənistanı kimin təmsil edəcəyi fevralın 14-də müəyyən olunub. 20-dən çox ifaçının qatıldığı müsabiqə gecə yarısına qədər davam edib. Qaliblər İnqa və Anuş Arşakyan bacıları olub.

Arşakyan bacıları müsabiqədə «Nor-par», yəni «Yeni rəqs» mahnısı ilə çıxış edəcəklər.

Məhz bu mahnı müsabiqədə səslənən mahnıların hamısından çox səs toplayıb, SMS-lər də, münsiflər heyəti də Arşakyan bacılarına səs verib. Tamaşaçılar bacılara beş minə qədər SMS göndəriblər.

Anuş Arşakyan: «Biz səmimi olmağa, öz prinsiplərimizə sadiq qalmağa çalışırıq. Bu da bizə uğur gətirir. Bu gün də folk, bir az dəyişdirilmiş folk, belə deyək, pop-folk bizə uğur gətirdi».

Mahnı üzərində peşəkar komanda çalışıb. Üstəlik, «Şarm» prodüser mərkəzi əlindən gələni edib. İfaçılar deyirlər ki, oxuduqları mahnı komandanın əməyinin nəticəsidir.

İnqa Arşakyan: «Deməzdim ki, bu, bizim qələbəmizdir. Burda komanda çalışıb, qələbə bütün komandanındır».

Seçilən mahnı, ifaçıların da dediyi kimi, pop-folk janrındadır. İnqa da, Anuş da hesab edirlər ki, xalq musiqisinin, folklorun qarışığı mahnını avropalı dinləyici üçün maraqlı edir. Anuş Arşakyan deyir ki, son vaxtlar «Eurovision» mahnı müsabiqəsini maraqlı edən elə xırda ölkələrin mədəniyyətləridir. Anuş müsabiqəni furşetlə müqayisə edir:

«Mən bu müsabiqəni qəşəng furşetə bənzədirəm. Burda da adamlar sadəcə bir-birini görməyə yığılır. Və sən bu furşetə öz xörəyini - ənənəvi xörəyini gətirirsən. Əlbəttə, bu xörək, əvvəlcə xoşa gəlməyə bilər. Amma ümumi formata azacıq öz dadını əlavə edəndə maraqlı olur. Bizim bu mahnı da belədir. «Eurovision»u daha bir qəşəng mahnı bəzəyəcək».

Mahnı təzə seçildiyindən onun Moskvada, müsabiqədə hansı şəkildə təqdim olunacağı hələ bəlli deyil. Amma «Şarm» prodüser mərkəzinin direktoru Artur Asatryan hər şeyin çox yaxşı olacağını deyir:

«Biz tam yeni şounun, yeni quruluşun şahidi olacağıq. Şübhəsiz hər şeyi zövqlə etməyə çalışacağıq».

Arşakyan bacıları rəqiblərinin ifa edəcəyi mahnılardan xəbərsizdirlər. Deyirlər, maraqlanmağa vaxtları olmayıb. Bacılar hələ birinci qələbəni qazandıqlarını, qarşıda çox gərgin iş qrafiki olduğunu deyirlər. Anuş və İnqa üçün vacib olan may ayında edəcəkləri çıxışdır:

«Əsas xoş təsir bağışlamaqdır».

Bacılar deyirlər ki, mahnılarında tez-tez səslənən «can-can» sözü ürəyə toxunur və erməni diasporasının nümayəndələrinə təsir etməyə bilməz:

İnqa Arşakyan: «Məncə, «can-can» deyə oxuduğumuz hissə unikaldır. Çünki hər bir erməninin iki sözündən biri «can»dır».

Anuş Arşakyan: «Can» - çox doğma, isti sözdür. Ermənilər sevdikləri adama belə müraciət edirlər. Məncə, bu söz bizə uğur gətirəcək».

Amma müsabiqənin nəticəsindən ermənilərin heç də hamısı razı deyil. Bəziləri hesab edirlər ki, Arşakyan bacılarının obrazı çox millidir və Avropa səhnəsinə yaraşmır. Bir başqaları isə deyirlər ki, qızların güclü səsi var və onlar milli atributları da əlavə etməklə, əksinə avropalıların ürəyini fəth edə bilərlər:

- Məncə, ən yaxşı seçim olub.
- Düzü, onlardan xoşum gəlmədi.
- Mən seçimdən çox razıyam. Mahnı da yaxşıdır, qızlar da qəşəngdirlər.
- Məncə, düzgün seçim ediblər. Qızlar mahnını çox maraqlı şəkildə təqdim edirlər.
- Məncə, daha müasir, daha yüngül mahnı lazım idi. Üslub çox köhnədir, avropalıya xoş gələn deyil.
- Mən çox sevinirəm ki, müsabiqəyə Anuş və İnqa gedir. Onların çox yaxşı səsi var.

Ermənistan «Eurovision»da ilk dəfə 2006-cı ildə çıxış edib. Ermənistanın ən yaxşı nəticəsi isə keçən il olub. Erməni ifaçı Siruşonun «Kele-Kele» mahnısı ötən il 4-cü yeri tutmuşdu.

Bu il ermənilər «can-can» deyəcəklər. Hansı yeri tutacaqlarını isə demək çətindir. Amma prodüser mərkəzindən Artur Asatryan deyir ki, müsabiqəyə yalnız qələbə iddiasıyla getmək lazımdır:

«Məncə, müsabiqəyə gedəndə yalnız birinci yer barəsində düşünməlisən. Sonra nə olar-olar. Amma ilk gündən ikinci, ya üçüncü yer barədə düşünmək olmaz. Əlbəttə, biz birinci yeri tutmağa gedirik».

Erməni nümayəndə heyəti Moskvaya mayın əvvəlində gedəcək. Ermənilərin «Nor-par» mahnısı əvvəl mayın 12-də, yəni yarımfinalda səslənəcək və əgər 10 ən yaxşı mahnıdan biri olsa, qızlar finalda da oxuyacaqlar.

Bu il «Eurovision»un qalibini təkcə tamaşaçıların SMS-ləri əsasında deyil, həm də münsiflər heyətinin rəyi ilə seçəcəklər.
XS
SM
MD
LG