Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:58

Aksiya iştirakçılarını polis şöbəsində saxlayırlar


Fevralın 16-da Gəncə-Bakı yolunu kəsmiş aksiya iştirakçılarından bir neçəsi hələ də polis şöbəsində saxlanır.

Gəncənin Ət Kombinatının ərazisində məskunlaşan sakinlər ödədikləri işıq pulunun onlardan təkrar tələb olunmasına, üstəlik verilən enerjinin kəsilməsinə etiraz edirlər. Aksiya iştirakçısı Kifayət Əsgərova yoldaşının aksiya günündən, yəni fevralın 16-dan Kəpəz Rayon Polis Şöbəsində saxlandığını deyir.
«Biz yolu kəsəndə 15 nəfərdən çox qonşumuzu, o cümlədən mənim yoldaşımı da, qardaşımı da polis döyə-döyə maşına soxub apardı. Həmin gündən yoldaşımı evə buraxmırlar. Şöbəyə getdik ki, heç olmasa üzünü görək. Apardığımız yeməyi götürdülər amma görüşməyə icazə vermədilər. Heç bilmirik nə vaxt evə buraxacaqlar».

Şöbədə saxlanılan digər bir aksiya iştirakçısı Fəzail Əliyevin də ailəsi ondan nigarandır.

Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov isə dedi ki, şöbəyə 17 nəfər gətirilib. Onlardan iki nəfəri Tofiq Əsgərov və Fəzaıl Əliyev İnzibati Xətalar məcəlləsinin 298 və 310-cu (polisin işinə mane olma) maddələri ilə 3 gün müddətinə inzibati cəza verilib.

Fevralın 16-da 13:00 radələrində Ət Kombinatı ərazisində məskunlaşmış 120 ailənin nümayəndələri Gəncə-Bakı yolunu kəsib etiraz aksiyası keçirdiklərinə görə polis təzyiqinə məruz qalıb və polis şöbəsinə gətiriliblər. Vətəndaşlar bu addımı onunla izah edirlər ki, Gəncə şəhər Elektrik Şəbəkəsi onların evlərinə yeni elektron tipli sayğaclar qoyandan sonra elektrik enerjisini kəsib. Belə ki, Şəbəkə, ərazidəki abonentlərin ötən il üçün işlətdikləri enerjiyə görə borclu olduğunu iddia edərək onların ödənilməsini tələb edir. Müəssisədən yalnız borcunu ödəyəcək abonentlərə elektron kartlar veriləcəyi bildirilib. Vətəndaşlarsa bildirirlər ki, özünü Elektrik Şəbəkəsinin işçisi kimi təqdim edən bir şəxsə hər ay 10 manat pul ödəyiblər və borclarının yaranması iddiası düzgün deyil. Şəbəkə isə bu qəbzlərin saxta olduğunu bildirərək, bəzi ailələrə hətta 144 manat borc yazıb.

120 ailənin iki gün işıqsız qalması barədə Gəncə şəhər İcra Hakimiyyətinə məlumat verilsə də, nəticə olmayıb. Sakinlər deyir ki, aksiyanın keçirilməsi də bu ailələrin bir daha hüquqlarının pozulması ilə nəticələndi. Əksəriyyəti qadın olmaqla 20-ə yaxın şəxsi polis zorakılıqla maşınlara oturdub Polis İdarəsinə aparıb.
XS
SM
MD
LG