Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:45

«Bakıya gələn qonaq buranı islam şəhəri kimi qəbul etmir»


Nizami Zöhrabi
Nizami Zöhrabi
«Bakıya gələn qonaq buranı islam şəhəri kimi qəbul etmir». Bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramına yazıçı-şair Nizami Zöhrabi deyir. «Cümə» məscidinin imam-camaatı, ilahiyyatçı İlqar İbrahimoğlunun sözlərinə görə isə, əgər Bakı «İslam mədəniyyətinin paytaxtı» elan olunacaqdısa, buna iki il əvvəldən hazırlaşmaq lazım idi:

«Daha uyğun olardı ki, Bakı «İslam mədəniyyətinin paytaxtı» elan olunmamışdan öncə Azərbaycanda geniş bir ictimai elitanın iştirakı ilə dinləmələr keçirilərdi, iş planı təsdiqlənərdi».

İ.İbrahimoğlu deyir ki, «İslam mədəniyyəti paytaxtı» praktikası bir neçə ildir ki, həyata keçirilir:

«Bu, yeni bir ideyadır. İndiyədək Orta Asiyada, İsfahanda, ərəb ölkələrində belə praktika olub. 2013-cü ildə Kərbala və Nəcəfin «İslam mədəniyyətinin paytaxtı» elan olunması gözlənilir. Yəni bu, elə də asan məsələ deyil, hər ölkəyə nəsib olmur. Azərbaycan apardığı diplomatik səylərin nəticəsində Bakı «İslam mədəniyyətinin paytaxtı» elan olunub».

İlqar İbrahimoğlu
İ.İbrahimoğlu Bakının «İslam mədəniyyətinin paytaxtı» elan olunmasını böyük hadisə hesab edir:

«Düşünürəm ki, biz bu hadisədən mütləq yararlanmalıyıq. Məsələn, qarşıdan Xocalı soyqırımının ildönümü gəlir. Bütün ölkələrə müraciət etməliyik ki, belə bir soyqırım yaşamışıq. Əgər Bakı «İslam mədəniyyətinin paytaxtı»dırsa, onda gərək bununla bağlı köklü fundamental cəhətləri tapıb ortaya qoyaq. Nizamini, Füzulini, ədəbi-fəlsəfi fikri bura gələn xaricilərə tanıtdırmalıyıq. Forum, saytlar yaradılmalı, yaxşı mənada piar kampaniyası aparılmalıdır».

Yazıçı-şair Nizami Zöhrabi də Bakının «İslam mədəniyyətinin paytaxtı» elan olunmasını yüksək qiymətləndirir:

«Bu adı qazanmaq böyük bir diplomatik işin nəticəsidir. Azərbaycan müstəqillik əldə edəndən sonra özünü dünyaya tanıda bilməyib. Biz bu hadisədən faydalanmalıyıq. Bakı bir il ərzində dünya ölkələrindən qonaqlar qəbul edəcək. Bu işin həm iqtisadi, həm də islam mədəniyyətini xaricdə tanıtdırmaq baxımından əhəmiyyəti olacaq. Çünki bir çox ölkələrdə bizi tanımırlar. Hətta Çindən Azərbaycana gələnlər bizi «türkdilli ruslar» adlandırırlar. İnanıram ki, bir il ərzində Azərbaycanın islam mədəniyyətinin dünyaya tanıdılması bura turist axınını təmin edəcək».

Buna da bax:

XS
SM
MD
LG