Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 19:08

Rus dili müəllimləri, indi nəylə məşğuldur?


Azərbaycanda xüsusi litsey və gimnaziyalarda rus dili 1-ci siniflərdən öyrədilir
Azərbaycanda xüsusi litsey və gimnaziyalarda rus dili 1-ci siniflərdən öyrədilir
2009-2010-cu dərs ilində Azərbaycanın ali təhsil məktəblərinə qəbul qaydalarındakı dəyişikliklərdən biri də rus diliylə bağlı olacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri Məleykə Abbaszadə bildirib ki, 2010-cu ildən II və III ixtisas qruplarında Azərbaycan sektoru üçün xarici dil siyahısına rus dili də əlavə olunacaq. Bu qruplar üzrə xarici dillər siyahısına həmçinin ingilis, alman, fransız, ərəb və fars dilləri daxildir.

Son illər rus dili müəllimlərinə tələb azalsa da, Bakı Slavyan Universiteti rus dili müəllimləri hazırlamaqda davam edir. Universitetdən bildirdilər ki, qəbul əvvəlki kimi davam edir, rus dili və ədəbiyyatı fakültəsi, rus dili və onun tədrisi kafedrası, müasir rus dili, rus ədəbiyyatı və onun tədrisi metodikası kafedraları fəaliyyət göstərir.

«Mən 2007-ci ildə Bakı Slavyan Universitetinin rus dili fakültəsini bitirdim. Ancaq o vaxtdan ixtisasıma uyğun iş tapa bilmirəm. Tələbə yoldaşlarım da mənim kimi…»

Yeganə ixtisasca rus dili müəlliməsi olsa da, ixtisası üzrə işləyə bilmir. O da başqaları kimi sonradan ixtisasını dəyişib, ancaq yenə işsizdir:

«İxtisası ancaq psixologiya, Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimliyinə dəyişmək olar. Hətta tarix, ingilis dili istəyənlər bu ixtisaslara dəyişə bilməzlər. İstəməyərəkdən Azərbaycan dili və ədəbiyyatı ixtisasına dəyişdim. 8 ay oxudum. Ancaq indi məktəblərdə Azərbaycan dili və ədəbiyyat müəllimi çoxdur deyə, iş tapmaq olmur. Ona görə də işsizəm».

Rus dili Azərbaycanın orta məktəblərində 1999-cu ildən xarici dil kimi tədris olunmağa başlayıb. Təhsil Nazirliyi həmin ildən rus dilinin tədrisi saatlarını azaldıb, seçimi şagirdlərin və valideynlərin istəyinə buraxıb. Kim istəyirsə, bu dili seçib öyrənir.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə deyir ki, bundan sonrakı tədris planlarında rus diliylə bağlı hansısa dəyişikliklər gözlənilmir:
«1999-cu ildən rus dili xarici dil statusundadır. Elə məktəblər var ki, xarici dil kimi orada ingilis dili, elələri var rus dili tədris olunur. İki dili seçənlər də var. Ancaq daha çox tələb ingilis dilinədir».

Bayram Hüseynzadə bildirir ki, bu sahədə əvvəlki illərdə müəllimlərlə problemlər yaranırdısa, son vaxtlar bu yoluna qoyulub. Rus dili bundan sonra da xaric dil kimi öyrədiləcək.

Təhsil naziri Misir Mərdanov da bu yaxınlarda rus dilinin tədrisinin azalmasıyla bağlı səslənən əks fikirlərlə bağlı demişdi ki, bu sahədə müəllimlər özləri fəal olmalıdırlar:

«Bunun üçün onların yuxarı siniflərdə dərs demələrinə imkan yaratmışıq, amma 1-2 ildən sonra bu imkan da olmayacaq».
Azərbaycanda xüsusi litsey və gimnaziyalarda rus dili 1-ci siniflərdən öyrədilir. Orta məktəblərdə isə 4-cü sinifdən xarici dil kimi tədris olunur.
XS
SM
MD
LG