Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:10

«General Rail Rzayev Ergenekonun qəzəbinə tuş gəlib?»


Müdafiə nazirinin müavini Rail Rzayevin qətli ilə bağlı araşdırma davam etməkdədir
Müdafiə nazirinin müavini Rail Rzayevin qətli ilə bağlı araşdırma davam etməkdədir
«Azadlıq»: Azərbaycan Müdafiə nazirinin müavini Rail Rzayevin qətli ilə bağlı araşdırma davam etməkdədir. Qətlindən keçən zaman ərzində müxtəlif versiyalar səslənsə də, hələ ki, onlardan heç biri öz təsdiqini tapmayıb. Bu günlərdə isə qətllə bağlı növbəti versiya ortalığa çıxıb. Belə ki, qətldə Ergenekon izinin olduğu barədə fikirlər özünə yer tapıb.

Türkiyə mətbuatında yer alan məlumata görə, qətldən dərhal sonra Azərbaycan rəhbərliyi cinayətin açılmasına kömək etmək məqsədi ilə Türkiyəyə müraciət edib. Buna səbəb isə Ergenekon əməliyyatı daxilində həbs edilən şəxslərin bəzilərinin adlarının 1995-ci ildə Azərbaycandakı çevriliş cəhdində də hallandırılmasıdır. Maraq doğuran əsas məqam isə ondandır ki, 1995-ci ildəki çevriliş cəhdinin qarşısını alan şəxslərdən biri də, Əliyev hakimiyyətinin sadiq generallarından biri Rail Rzayev olub. Bu səbəbdən də onun Ergenekonun qəzəbinə tuş gəldiyi və 90-cı illərdə təşkilatlanmış qrup tərəfindən aradan götürüldüyü ehtimal edilir. Bu arada Türkiyədən Bakıya bir qrup xəfiyyənin göndərdiyi barədə məlumatlar da mətbuatda özünə yer alıb.

«Bizim Yol» yazır ki, «Generalın qətlində Rusiya maraqlı ola bilər». Bu fikri «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirib.

«Hər iki qətl yəni Ermənistanda daxili işlər nazirinin müavinin qətlindən 3 gün sonra Azərbaycanda müdafiə nazirinin müavininin öldürülməsi siyasi səciyyə daşıyır. Bu baxımdan əlaqə olmasa da, analogiya aparmaq olar. Analogiya isə göstərir ki, bu dövlətlərdə hələ hər şey arzuolunan səviyyədə deyil və bəzi hallarda xarici, ya da daxili amillərin təsiri ilə ölkəiçi münasibətlər qətllər səviyyəsində aydınlaşdırılır. Əlbəttə, general – leytenant və müəyyən bir ordu növünün başçısı öldürülürsə, bu, dövlətə qarşı yönəlmiş məsələdir. Hətta qətl şəxsi zəmində təşkil olunubsa belə, prezident o cür də deməlidir. Əslində bu normal yanaşmadır. Biz Elmar Hüseynov qətlə yetiriləndə də bu fikirləri eşitmişik. Yəni dövlət rəsmiləri deyirdilər ki, bu qətl Azərbaycana qarşı təxribatdır. Güman edirəm ki, son illər Azərbaycan Hərbi Hava Qüvvələrində və Hava Hücumundan Müdafiə Qoşunlarında aparılan islahatlar ölkənin hava məkanını şimal qonşumuzun nəzarətindən çıxartmaq üzrədir. Bu baxımdan Rusiya belə qıcıqlı reaksiya verə bilər. Elə Kremlin Ermənistanı silahlandırması, o cümlədən generalın qətlinin də bununla bağlı olması mümkündür».

«Yeni Müsavat»: Bakı Apelyasiya Məhkəməsində Demokratiya Uğrunda İttifaqın (DUİ) «Azərbaycan Xalq Cümhuriyyəti» təşəbbüs qrupunun qeydiyyata alınmasından imtina haqqında MSK-nın qərarından şikayətinə baxılıb. Hakim İlqar Dadaşovun sədrliyi ilə keçirilən məhkəmə şikayətin təmin edilməməsi barədə qərar çıxarıb. Bu barədə DUİ parlament təmsilçisi Pənah Hüseyn məlumat verib sualları cavablandırıb.

«P.Hüseyn məhkəmənin qərarını tam ədalətsiz hesab etdiyini bildirdi: «Şikayətçi tərəfin təkidli və təkrar vəsatətlərinə baxmayaraq, imza vərəqələrinin məhkəməyə gətirilməsi təmin edilmədi. Bizdə olan məlumata görə, etibarsız hesab olunan imzalar içərisində təşviqat qrupunun və fəallarının da imzaları var. Mənim öz imzamın da etibarsız hesab olunması istisna deyil. «Hakimiyyətin sizin təşviqat qrupunuzu nə üçün qeydə almadığı sizə aydındırmı» sualına isə P.Hüseyn belə cavab verdi: «2005-ci ildə müxalifətdən onlarla şəxs tələb olunan səsi almasına və seçkini udmasına baxmayaraq, «Azadlıq» blokundan cəmi 6 nəfər, digər müxalifət namizədlərindən isə yalnız Lalə Şövkətin qələbəsi tanınmışdı. Eldar Namazovu, Arif Hacılını, Əli Kərimlini, Sərdar Cəlaloğlu və digər şəxsləri hansı səbəbdən qeydə almadılarsa, indi bizim təşviqat qrupunu da təxminən o səbəblərə görə qeydə almadılar».

«Yeni Azərbaycan»: «Yeni Azərbaycan» təşviqat qrupunun Nizami rayon şöbəsi təbliğat-təşviqata tam hazırdır»-, bunu Nizami rayon şöbəsinin sədri Sədaqət Vəliyeva deyir: «18 mart tarixində keçiriləcək referendumla əlaqədar təşkil olunacaq tədbirlər planı təsdiqlənib. Amma Konstitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı bütün maddələr üzrə insanların daha da ətraflı maarifləndirilməsi üçün tədbirlərin siyahısı artırıla bilər».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG