Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:10

Əli Kərimli: «Qeydiyyat barədə qərar gözlənilməz oldu»


Ə.Kərimlinin fikrincə, Azərbaycan rəhbərliyi son vaxtlar yenidən demokratiyanın imitasiyası xəttini tutur
Ə.Kərimlinin fikrincə, Azərbaycan rəhbərliyi son vaxtlar yenidən demokratiyanın imitasiyası xəttini tutur
«İstər müxalifətin təşviqat qruplarının qeydiyyatdan keçməsində, istərsə də generalın qətlində Azərbaycan rəhbərliyinin geosiyasi manevrlərinin əks-sədası duyulur».

«Azadlıq» radiosunun «İşdən sonra» proqramında həftənin əsas hadisələri müzakirə olunarkən «Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov belə deyib. O, həftənin ən mühüm hadisələrinin ölkənin geosiyasi seçimi ilə bağlı olduğunu düşünür.

Bu həftənin əsas hadisələri - general Rail Rzayevin qətli, müxalifətin təşəbbüs qruplarının qeydiyyata alınması, lobbi qalmaqalı və Türkiyənin son zamanlar Qarabağ münaqişəsinin həllində fəallaşması idi.

«Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı» təşəbbüs qrupuna daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli də deyir ki, qeydiyyat barədə qərar onlar üçün gözlənilməz oldu:

«İmzaların yoxlanılması kimi subyektiv məhdudiyyətlərə yol açan bir prosesdə hökumətin bizim həqiqi imzaları saxta elan etməməsi bir qədər gözlənilməz oldu».

Ə.Kərimlinin fikrincə, Azərbaycan rəhbərliyi son vaxtlar yenidən demokratiyanın imitasiyası xəttini tutur ki, bu da Qərblə münasibətləri istiləşdirmək cəhdi ilə birbaşa bağlıdır.

S.Oğan hesab edir ki, Ankara ilə Moskva arasında istiləşən münasibətlərin Azərbaycan üçün yalnız faydası ola bilər
R.Mirqədirovun fikrincə isə, elə Rail Rzayevin qətli barədə versiyaları araşdırarkən də rəsmi Bakının son zamanlar Rusiya ilə gərginləşən münasibətlərini yaddan çıxarmaq lazım deyil.

Amma Türkiyə Strateji Araşdırmaları Fondunun rəhbəri Sinan Oğan qətllərin arxasında geosiyasi oyunları axtarmağı faydasız hesab edir. Onun fikrincə, qətllərin araşdırılması prokurorların işidir, siyasi şərhçilərin yox.

S.Oğan onu da deyir ki, Türkiyə hökuməti Rusiya ilə Qafqaz münaqişələrinin həlli istiqamətində yaxınlaşmaq xətti tutub.

Moskvada səfərdə olan prezident Gülün rusiyalı həmkarına Qafqazdakı münaqişələrin həlli istiqamətində səyləri üçün təşəkkür etməsi də bu yaxınlaşma cəhdinin təzahürüdür.

R.Mirqədirov isə hesab edir ki, Türkiyənin Rusiya ilə yaxınlaşması Qafqaz münaqişələrinin həlli istiqamətində Azərbaycan üçün yaxşı heç nə vəd etmir:

«Biz 20-ci əsrin əvvəlindəki kimi, Türkiyənin Rusiyanın Qafqaza qayıtmasına yardım etməsinin şahidi ola bilərik».

S.Oğan bu fikirlə də razılaşmır. O, hesab edir ki, Ankara ilə Moskva arasında istiləşən münasibətlərin Azərbaycan üçün yalnız faydası ola bilər.

Buna da bax:

XS
SM
MD
LG