Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:19

İnternet xərcləri dəyişməz qalıb


Aktiv internet istifadəçisi Elçin Hüseynovun internetə xərcləri bir ay öncə necə idisə, indi də dəyişməz qalıb
Aktiv internet istifadəçisi Elçin Hüseynovun internetə xərcləri bir ay öncə necə idisə, indi də dəyişməz qalıb
Aktiv internet istifadəçisi Elçin Hüseynovun internetə xərcləri bir ay öncə necə idisə, indi də dəyişməz qalıb.

Amma elə düz bir ay əvvəl Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dövlət provayderlərinin qiymətlərinin 1 fevral 2009-cu il tarixdən bir neçə dəfə endiriləcəyi bildirmişdi.

Bu fərqi istifadəçilər hiss etmədiklərini deyirlər.

«Evdə «dial up»la qoşuluram internetə. Amma ofisdə bizdə «azeurotel»in «adsl»indən istifadə edirik. Bizdə qiymət enməyib, əvvəlki qiymətlə ayda 10 manat abunə haqqı ödəyirik. Sürətimiz də elə 128kb/s-dir. Evdə «dial up» üçün istifadə etdiyim kartlarda da qiymət dəyişməyib.
-Maraqlanmısınızmı provayderdən niyə qiymətlər endirilməyib?
-Soruşuruq ki, enirmi, deyirlər elə enəcək, enəcək. Bu gün abunə haqqını ödəyəndə də soruşduq, dedilər hələ məlum deyil nə vaxt enəcək».

Azərbaycan İnternet Forumunun açıqlamasında bildirilir ki, qiymət endirimi var ancaq, bəzi provayderlər aşağı sürətli «ADSL» qoşulmaların qiymətlərində cüzi dəyişikliklərlə kifayətləniblər.

Forumun prezidenti Osman Gündüzün fikrincə, internet bazarında aktivliklə bağlı irəliləyişlər var.

«Cəmi bir neçə provayder var ki, qiyməti salmayıb. Onların da saytlarında qiymətin endirimi ilə bağlı elanlar artıq var. Provayderlərin böyük əksəriyyəti əslində qiyməti yox, sürəti dəyişiblər. Deyək ki, X manatı verib hansısa bir sürəti alan insan, hələ də o X manatı verib ondan 2 qat artıq sürəti alır».
Osman Gündüz deyir ki, qiymət endirimi söz-söhbətindən sonra provayderlər aşağı sürətli internet xidməti təklif etmirlər:

«Yəni deyək ki, əvvəllər 40 manat verib 128 sürət alan insan indi 40 manat verib 256 alır. Əvvəllər 20 manat verib 128 almalıydı. Belə sürət artıq əksəriyyətində yoxdur. Provayderlər bunu izah edirlər ki, guya aşağı sürətə tələbat yoxdur. Bu yalandır təbii ki. Çünki 128-ə tələbat daha çoxdur, nəinki o birilərə. Amma 128-i 20 manatdan vermək provayderlərə sərf etmədiyinə görə, 24 və 128 sürət artıq onların internet saytlarından yığışdırılıb».

Elçin Hüseynovun da internet xidmətindən yararlandığı «Azevrotel» şirkəti qiymətlərdə endirim etməməsinin səbəbini şirkətdə gedən müzakirələrlə əlaqələndirir:

«Hər provayder öz tariflərini ayrı-ayrı nəzərdən keçirir. Bizdə təsdiqlənəndən sonra informasiya dəqiq olacaq. Hələ heç nə deyə bilmərəm. Dəqiq odur ki, bu yaxınlarda endirim olacaq».

Azərbaycan İnternet Forumunun monitorinqinə görə, endirimdən sonra belə, ölkədəki internet qiymətləri qonşu ölkələrdən təxminən 10 dəfə bahadır.
Forum hesab edir ki, qiymət endirimindən sonrakı vəziyyətin Rabitə və İnformasiya Texnologiyaları, həmçinin İqtisadi İnkişaf nazirlikləri tərəfindən monitorinq olunması zəruridir.
XS
SM
MD
LG