Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:46

Tikintisi başa çatan obyektə niyə yenidən pul ayrılıb?


Qırmızı lenti kəsilən Muğam Mərkəzinin smeta layihəsinin hazırlanması və tikintisi üçün 2 milyon manatdan çox pul nəzərdə tutulub
Qırmızı lenti kəsilən Muğam Mərkəzinin smeta layihəsinin hazırlanması və tikintisi üçün 2 milyon manatdan çox pul nəzərdə tutulub
Baş nazir Artur Rasi-zadənin sərəncamıyla ötən ilin payızında təmiri başa çatan Heydər Əliyev adına sarayın yenidənqurulmasına 4 milyon manatdan çox vəsait ayrılıb.

O cümlədən, ötən ilin dekabrında qırmızı lenti kəsilən Muğam Mərkəzinin də smeta layihəsinin hazırlanması və tikintisi üçün 2 milyon manatdan çox pul nəzərdə tutulub.

H.Əliyev adına saray ötən il əsaslı təmir olunub. 2007-ci ildə tikinti-bərpa işləri üçün saraya 6 milyon, ötən il isə 39 milyon manatdan çox pul ayrılıb.

Üst-üstə 45 milyon manata qədər pul xərclənən, təmiri başa çatan saraya yenidən niyə vəsait ayrılıb?

Elə Muğam Mərkəzinin də tikintisinə kifayət qədər böyük məbləğ ayrılıb. Söhbət 30 milyon manata yaxın vəsaitdən gedir.

H.Əliyev adına sarayda artıq konsertlərə, tədbirlərə başlanıb.

Azərbaycan Dövlət Orkestri isə bu yaxınlarda keçiriləcək dövlət tədbirində çıxış etmək üçün hazırlaşır.

Sarayın Mətbuat Xidmətinin rəhbəri Rene Torres aparılan təmir işlərindən razıdır, amma o, güman edir ki, sarayda yenidənqurma aparan şirkətlərlə haqq-hesab məsələlərində üzülüşüblər.

H.Əliyev adına saray ötən il əsaslı təmir olunub
Sarayın təmir-bərpa işləri üçün dövlət sifarişçisi Mədəniyyət və Turizm Nazirliyidir. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İntiqam Hümbətov deyir ki, dövlətin mədəniyyət ocaqlarıyla bağlı iş görən şirkətlərə borcu qalıb. Baş nazirin fevral ayının əvvəlində imzaladığı sərəncamda göstərilən vəsaitlər isə bu borcu ödəmək üçündür:

- Necə xərclənib, nə xərclənib, lazım olanda aidiyyəti orqanlar baxıb biləcəklər.

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl isə deyir, birinci dəfə deyil ki, tikintisi başa çatan obyektə borc adı altında dövlət büdcəsindən yenidən vəsait ayrılır.

Onun sözlərinə görə, dövlət sifarişini icra edən podratçı şirkətlə onun təqdim etdiyi smeta xərcləri əsasında müqavilə imzalanır. Yəni podratçı şirkət görəcəyi bütün işlər üçün xərclərini əvvəlcədən hesablayıb sifarişçiyə təqdim edir:

- Podratçı şirkətin büdcədən vəsaiti almadan işi icra etməsi çoxlu suallar yaradır. Doğrudanmı, onun o qədər vəsaiti var ki, dövləti borclu edir?

Sarayın təmir-bərpa işləri üçün dövlət sifarişçisi Mədəniyyət və Turizm Nazirliyidir
Z.İsmayıl deyir ki, qiymətlərin artırılması üçün mexanizm olmalıdır. Amma belə mexanizm mövcud deyil:

- Belə çıxır ki, hökumət büdcə maraqlarından deyil, podratçı şirkətin maraqlarından çıxış edir. İmkan verir ki, podratçı şirkət təsdiqlənən layihəsini bahalaşdırsın.

Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının üzvü Nazim Məmmədov isə deyir ki, burda müəmma axtarılmasına dəyməz.

Deputat deyir ki, görünür, hansısa işlərlə bağlı borc yaranıb, hökumət də bu ilin investisiya xərclərindən həmin borc üçün vəsait ayırıb.

Amma əvvəldən bu layihələrin ümumi dəyəri barədə ictimaiyyətə açıqlama verilmədiyi, maliyyə sxemi aydın olmadığı üçün borcun nədən yaranma səbəbləri də qaranlıq qalıb.

Bəzi iqtisadçılar isə deyirlər ki, dövlət puluyla reallaşan layihələrdə maliyyə sxemi şəffaf olmalıdır ki, ortaya çoxsaylı suallar çıxmasın.
XS
SM
MD
LG