Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:26

Heç kimin qəti qələbə çalmadığı seçki


Şimon Peres qərar qəbul etməlidir ki, hökumət koalisiyasını formalaşdırmağı birinci kimə tapşıracaq, Livniyə, yoxsa, Netanyahuya
Şimon Peres qərar qəbul etməlidir ki, hökumət koalisiyasını formalaşdırmağı birinci kimə tapşıracaq, Livniyə, yoxsa, Netanyahuya
Fevralın 10-da İsraildə keçirilən parlament seçkilərində hər hansı qüvvənin qəti qalib gələ bilməməyi bu ölkəni müəmmalı siyasi hadisələr dövrünə daxil edir.

Nə, keçmiş baş nazir Netanyahunun sağçı Likud partiyası, nə də xarici işlər naziri Tzipi Livninin liberal Kadima partiyası 120 yerlik parlamentdə çoxluq əldə edə bilməyib. Seçkinin artıq yekunlaşmaqda olan nəticələrinə görə, parlamentdə Kadima 28, Likud isə 27 yer qazanıb. Ultra millətçi Avigdor Libermanın rəhbərlik etdiyi Yisrael Beiteinu partiyası isə parlamentdə 15 yer tutub.

On illərdir İsraildə hakim partiya olan müdafiə naziri Ehud Barakın solçu Əmək partiyası isə cəmi 13 yerə sahib ola bilib. Hələlik İsraildə hərbçilər arasında səsvermənin nəticələri ümumi nəticələrə daxil edilməyib. Onların səsləri hansısa siyasi qrupun Knessetdəki yerlərinin sayını bir və ya iki yer artıra bilər.

Bununla da yerlər elə bölünür ki, nə Likud, nə də Kadima onlardan sonra gələnlərlə birləşdikdə belə, hökumət koalisiyasını yaratmaq üçün çoxluq qazana bilmir.

Amma İsrailin sağçı və dinçi partiyalarının bütövlükdə əldə etdikləri yerlərin sayı 65-dən çoxdur. Bu da hökumət koalisiyası yaratmağa kifayətdir. Sol-mərkəzçi ərəb partiyalarının yerlərinin birgə sayı isə 55-dir.

Təhlilçilər hesab edirlər ki, ideoloji cəhətdən bir-birinə yaxın olan Yisrael Beiteinu partiyasının Netanyahu ilə ittifaqı daha realdır. Amma bəzi yəhudi dini qrupları Libermanın əleyhinədirlər. Bu da Netanyahunu parlamentdə çoxluğu əldə edə bilmək üçün başqa müttəfiqlər axtarmağa məcbur edə bilər.

Seçkinin başa çatmasından sonra axşam Netanyahu tərəfdarları qarşısında çıxış edərkən sabit hökuməti formalaşdıra biləcəyinə əmin olduğunu bildirib:

«Söz verdiyim kimi, mən əvvəlcə üzümü bizim millətçi cəbhədə olan təbii tərəfdaşlarımıza tutacağam. Mən artıq bu axşam bəzi partiyaların rəhbərləri ilə danışmışam. Biz razılaşmışıq ki, sabahdan İsrailin yeni hökumətinin qurulmasına dair müzakirələr aparaq».
Millətçi Liberman isə həm Livni, həm də Netanyahu ilə koalisiyaya hazır olduğunu deyir. O, öz tərəfdarları qarşısındakı çıxışında sağçı hökumətin yaradılmasını istəsə də, bunun üçün kiməsə göstəriş verə bilmədiyini də əlavə edib:

«Mən şadam ki, biz İsrail dövlətinin üçüncü böyük partiyası olduq».

Seçkinin başa çatmasından sonra axşam xarici işlər naziri Livni də özünün Kadima partiyasının qələbə mitinqini keçirib:

«Bu axşam mən Benyamin Netanyahuya müraciət edirəm. Seçki təyin olunandan sonra mən sizə müraciət etdim ki, mənim rəhbərliyim altında hökumətə qoşulun ki, İsrail dövlətinin problemlərini həll edək. O zaman siz təklifi qəbul etmədiniz. Bildirdiniz ki, xalq qərar verəcək ki, kim hökuməti qursun. Bu gün də xalq qərar verdi – Kadima!»

Hələlik Livni öz tərəfdarlarına söz verir ki, hökuməti formalaşdırmaq üçün həm sağçı Likud, həm də solçu Əmək partiyası ilə danışıqlara hazırdır.

İndi prezident Şimon Peres qərar qəbul etməlidir ki, hökumət koalisiyasını formalaşdırmağı birinci kimə tapşıracaq, Livniyə, yoxsa, Netanyahuya. Bunun üçün prezidentin bir həftə vaxtı var. Bu müddətdə o, partiya liderlərinin təkliflərini dinləyəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG