Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 14:51

Pənah Hüseyn Oqtay Əsədovdan xahiş etdi


Pənah Hüseyn spiker Oqtay Əsədova müraciət etdi ki, referendumla bağlı fərqli mövqe tutan təşəbbüs qruplarının MSK-da qeydə alınmasına yardımçı olsun
Pənah Hüseyn spiker Oqtay Əsədova müraciət etdi ki, referendumla bağlı fərqli mövqe tutan təşəbbüs qruplarının MSK-da qeydə alınmasına yardımçı olsun
«Onlara ya hə, ya da yox cavabı verəcəklər. Nə deyəcəklərini Məzahir Pənahov bilər».

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Səyavuş Novruzov belə deyir. Referendumla bağlı təşəbbüs qruplarının qeydiyyata alınması vaxtı fevralın 11-də bitir.

Parlamentin fevralın 10-da keçirilən iclasında yenə də referendum məsələsi müzakirə mövzusu oldu. Təkcə plenar iclasda yox, Milli Məclisin foyesindəki söhbətlərdən də hiss edilirdi ki, bəzi deputatlar Mərkəzi Seçki Komissiyasının (MSK) müxalifətin təşəbbüs qruplarının qeydiyyatı ilə bağlı qərarının müsbət olmayacağından narahatdırlar.

Yəqin elə bu səbəbdən idi ki, Müsavat deputat qrupundan olan millət vəkili Pənah Hüseyn spiker Oqtay Əsədova müraciət etdi ki, referendumla bağlı fərqli mövqe tutan təşəbbüs qruplarının MSK-da qeydə alınmasına yardımçı olsun.

P.Hüseyn keçən iclasda spikerdən xahiş etmişdi ki, referendum parlamentin təşəbbüsü olduğuna görə, Milli Məclis onunla bağlı prosesləri nəzarətə götürsün. Çünki yerlərdə bu məsələ ilə bağlı ciddi qanun pozuntuları baş verir.

Müsavat deputat qrupu üzvünün budəfəki təklifinə yalnız YAP-dan olan bəzi deputatlar deyil, həmçinin vitse-spiker Bahar Muradova da münasibət bildirdi. Dedi ki, qanunla hər kəsin öz səlahiyyəti var. Milli Məclis öz işini görüb və referendumun keçirilməsi ilə bağlı qərar qəbul edib. Ancaq müxalifətin gah parlamentin bu qərarı ləğv etməsini, gah da referendumda iştirak üçün onların təşəbbüs qruplarına köməklik göstərilməsini istəməsi onların dağınıqlığından xəbər verir:

«Hər kəs qanunda nəzərdə tutulan vəzifələrin vaxtında yerinə yetirilməsini təmin etsə, onda hansısa bir narahatçılığa və nigarançılığa yer qalmaz».

Doğrudanmı, müxalifət qanunda nəzərdə tutulan vəzifələri vaxtında yerinə yetirə bilibsə, narahatçılığa əsas yoxdur? Yoxsa bu nigarançılığı doğuran səbəblər var?

Seçki mütəxəssisi Anar Məmmədli deyir ki, bəli, müxalifətin təşəbbüs qruplarının qeydiyyata alınmamasını ehtimal edən səbəblər yetərincədir. Məsələn, imzatoplama kampaniyası zamanı müxalifətə olan basqılar, yerlərdə əhaliyə edilən təzyiqlər, imza toplayanların polis tərəfindən saxlanması və digər faktlar bunu deməyə əsas verir. Onun sözlərinə görə, MSK müstəqil qurumdur və parlamentdən asılılığı yoxdur. Amma Milli Məclisin MSK-ya obyektivlik xatirinə belə bir xoş niyyətli müraciətinə də heç nə mane olmur:

«İmzaların sayılması prosesi hazırda maraqlı tərəflərin, jurnalistlərin iştirakı olmadan keçirilir ki, bu da narahatçılıq doğurur».

MSK Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev isə «Azadlıq» radiosuna deyir ki, fevralın 11-i referendumla bağlı təşviqat qruplarının qeydiyyata alınmasının son günüdür. Bu günə kimi 7 qrup qeydiyyata alınıb, 2 qrupun qeydiyyatından isə imtina edilib. Müraciət edən 4 qrupla bağlı qərar isə fevralın 11-də keçiriləcək iclasda veriləcək. Müxalifət partiyalarının yaratdığı təşəbbüs qrupları da onların arasındadır.
XS
SM
MD
LG