Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:18

Seçkidən sonra qəzetlərin çoxu reklam problemiylə üzləşib


Qəzetlər reklamçıların onlara marağının azalmasından şikayətlənirlər
Qəzetlər reklamçıların onlara marağının azalmasından şikayətlənirlər
"Ayna", "525-ci qəzet", "Exo", "Xalq Cəbhəsi" və s. qəzetlərin 20 aprel tarixli sayında bir neçə reklam verilib. Amma "Azadlıq", "Yeni Müsavat" kimi müxalifyönlü qəzetlərin heç birində kiçik də olsa, reklam yoxdur

"Azadlıq" qəzetində hesab edirlər ki, reklam problemi hakimiyyətə bağlı bir məsələ olduğundan, hansısa sahibkar, reklamçı müxalifyönlü qəzetlərə reklam verib başını ağrıtmaq istəmir.


Ötən illə müqayisədə reklamın 50-60 faiz azaldığını bildirən "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid deyir ki, onlar dövlət büdcəsinin artmasıyla reklam bazarında canlanma olacağına ümid edirlərmiş. Amma 2006-cı ilin əvvəlindən onlara reklam verənlərin sayı xeyli azalıb. Rəşad Məcid bunu reklamçıların televiziyaya meyllənməsi və seçkilərdən sonra reklam bazarındakı süstlüklə əlaqələndirir.


"Ekspress" qəzetində reklam şöbəsinin müdiri Rasim Həziyev hesab edir ki, yaxşı reklam əldə etmək üçün yuxarı dairələrə yaxınlıq əsas şərtlərdən biridir. Rasim Həziyevin sözlərinə görə, onların qəzetində pullu elan və reklamlar daha çox seçki ərəfəsində olur. Qalan vaxtlarda reklam tapmaqda çətinlik çəkirlər.


Reklamçılar İttifaqının prezidenti Hacəmi Atakişiyev isə bütün günahları qəzetlərdə görür. Onun fikrincə, nə qədər ki, qəzetlər müxalifət və iqtidar yönlü olacaq, bir o qədər də reklamla bağlı problemləri həll olunmamış qalacaq.


Hazırda reklamların daha çox televiziyalara yönəldiyini deyən Hacəmi Atakişiyevə görə, bu reklamlar səviyyəli olmasa da, qəzetlərdəki reklamlardan daha effektlidir.


"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid reklamla bağlı problemləri qəzetlərdə axtarmağın əleyhinədir. O hesab edir ki, qəzetlərdən asılı olan problemlər 15-20 faizdir, yerdə qalan 80-85 faiz ölkədə baş verən iqtisadi proseslərlə bağlıdır: "İqtisadi sistem elə qurulub ki, sahibkarlar hələ reklam verməkdə maraqlı deyil".


Rus dilində çap olunan "Exo" qəzetində isə vəziyyət bir qədər başqadır. Qəzetin reklam şöbəsinin əməkdaşı Kərim Məmmədzadə reklam bazarında hər hansı dəyişiklik görmür. Onun sözlərinə görə, bu məsələ ötən il necə idisə, indi də elə qalıb. Digər həmkarlarından fərqli olaraq Kərim Məmmədzadə hesab edir ki, reklamların çoxluğu həmin qəzetin yuxarılara bağlılığı yox, onun reytinqindən asılıdır.


XS
SM
MD
LG