Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:56

«Üç nöqtə»: «Quş qripi»nin çimərliklərə təsiri yoxdur»


Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Vitali Kramarenko bildirib ki, hökumət tədricən beynəlxalq tarif rejiminə uyğun addımlar atmağı planlaşdırmalıdır. «Yeni Azərbaycan» qəzetinin müxbiri «Beynəlxalq maliyyə qurumları enerjinin qiymətini qaldırmağı təklif edir» başlıqlı məqalədə belə yazır. Müəllifin qeyd etdiyinə görə, Vitali Kramarenko 2010-cu ilə kimi istər elektrik enerjisi, istər təbii qaz, istərsə də digər yanacaq və kommunal xidmət sahələrində qiymət tariflərinin dünya bazarı səviyyəsinə çatdırılması üçün bütün tədbirlərin başa çatdırılmasını tövsiyə edib. «Azərenerji» Səhmdar Cəmiyyəti isə çoxtarifli uçot versiyasının tətbiqini daha sərfəli sayır. Bu versiyaya əsasən günün müxtəlif saatlarında ayrıca tariflərin tətbiq olunması nəzərdə tutulur.

«Üç nöqtə» qəzetindəki «Quş qripi»nin çimərliklərə təsiri yoxdur» başlıqlı məqalədə bildirilir ki, hər il olduğu kimi, bu il də mayın 15-də çimərlik mövsümünə start veriləcək. Dövlət Sularda Xilasetmə İdarəsindən verilən məlumata görə, qurumun bütün əməkdaşları güclərini çimərliklərin hazır vəziyyətə gətirilməsinə sərf edir. Respublika Sanitar və Gigiyena İdarəsinin şöbə müdiri Ziyəddin Kazımov isə hələlik çimərliklərdən istifadənin məsləhətli olmadığını bildirir. Onun sözlərinə görə, bütün çimərliklərdən götürülmüş su nümunələri analiz üçün laboratoriyalara verilib. Suyun tərkibi toksikoloji, sanitar- kimyəvi və bakterioloji müayinədən keçiriləcək. Yekun nəticə isə ayın sonunda məlum olacaq.


XS
SM
MD
LG