Keçid linkləri

2025, 13 May, çərşənbə axşamı, Bakı vaxtı 05:22

Qanunsuz silahlı birləşmə yaratmaqda ittiham olunan 16 nəfərə hökm oxundu


Onların arasında Azərbaycan, Rusiya, Türkiyə və Yəmən vətəndaşları var

Aprelin 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qanunsuz silahlı birləşmə yaratmaqda ittiham olunan 16 nəfər haqqında hökm oxundu. Hökmə görə, təqsirli bilinənlər qanunsuz silahlı birləşmə yaratmaqla Çeçenistanda Rusiya Silahlı Qüvvələrinə qarşı vuruşmaq istəyirmişlər. İttiham olunanlar arasında Azərbaycan, Rusiya, Türkiyə və Yəmən vətəndaşları var. Onlar islam təmayüllü dini qrup da yaradıbmışlar. Təqsirləndirilənlərdən biri Arif Hacıyev isə ötən ilin yayında onun sənədlərini yoxlamaq istəyən polis əməkdaşını qətlə yetirib.

Hakim Abid Abdinbəyov: «Arif Həsənbəyoviç 2005-ci ildə bir nəfəri qəsdən qətlə yetirib, qanunvericilikdə nəzərdə tutulmayan silahlı qrup yaradıb, onu silahla, döyüş sursatı ilə təchiz edib».


Məhkəmənin hökmü ilə Arif Hacıyev ömürlük, qalanlarsa 5 ildən 10 ilə qədər azadlıqdan məhrum edildilər. İttiham olunanların bir hissəsi özünü qismən təqsirli saydı, bir neçəsi isə bu işdə günahı olmadığını dedi.


Təsirləndirilənlərin vəkili Mirismayıl Hadi məhkəmə hökmünün ağır olduğunu bildirir. Onun sözlərinə görə, onlar bir-birini tanımayıb, bəzlərininsə silahlı qruplaşma yaratmaq niyyəti olmayıb: «Onların hər birinə ən ağır cəza verdilər. Silahlı qrup yaradılması absurddur. Çünki 16 nəfərin çoxu bir-birini tanımır».


Qətlə yetirilmiş polis əməkdaşı Mövlan Əlibəyovun həyat yoldaşı Nəzakət Əlibəyova isə hökmdən razıdır: «Məhkəmə hökmü ilə razıyam. Ömürlük cəza alan həyat yoldaşımı öldürməklə bizim özümüzə də ömürlük cəza verdi. Üç uşaqla qalmışam».


Son üç ildə Azərbaycan məhkəmələrində dini təmayüllü qrup üzvü olan 40-a yaxın adam silahlı birləşmələr yaratmaqda ittiham olunaraq müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.


XS
SM
MD
LG