Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 22:14

Bundan sonra ahıllar öz qabiliyyətlərini nümayiş etdirə biləcəklər


«Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı» yəqin ki, qocaların ürəyincə olacaq
«Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı» yəqin ki, qocaların ürəyincə olacaq
İstedad sahibi olan ahıllar arasında ümumrespublika festivalları keçiriləcək, fərqlənənlərinsə beynəlxalq festivallarda iştirakına dövlət səviyyəsində yardım göstəriləcək

Həmsöhbətim 75 yaşlı Xeyrulla kişinin ən böyük arzusu evdə oturub, nəvə-nəticələrinə nağıl danışmaq, öyüd-nəsihət verməkdir. Bunun üçünsə çox yox, təqaüdünün köhnə pulla 200-300 min manat – təxminən 60-70 dollar olmasını istəyir. O zaman 56 yaşlı ömür-gün yoldaşı Fərqumə xanımla hər səhər o başdan durub işə tələsməz, saat 6-dan axşam 7-yə kimi iş başında olmazdılar, «Təqaüdüm yaxşı olsa, mən bu qoca yaşımda gəlib işləməzdim. Nəfəs də ala bilmirəm. İşləməmək də olmur. Yaşamaq lazımdır».


Ancaq təqaüdün artırılması tək Xeyrulla kişinin arzusu deyil. Bakıda – Milli Parkında ayaqüstü söhbətləşdiyim yaşlıların çoxu bunu istəyir. Elə bu baxımdan da prezidentin aprelin 17-də imzaladığı «Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı» yəqin ki, qocaların ürəyincə olacaq. Proqramdan xəbəri olmayanlara qısaca məlumatı mən çatdırım. Düzdür, sənəddə təqaüdlərin artırılması nəzərdə tutulmayıb. Amma şad xəbər budur ki, əmək pensiyaları yaşayış minimumuna çatdırılmalıdır. Bu haqda yaxşısı budur mütəxəssisin, əməyin iqtisadiyyatı üzrə ekspert Rövşən Ağayevin fikrini öyrənək, «Bu gün yaşayış minimumunun dəyəri 390 min manatdır. Əmək pensiyalarının isə minimum məbləği 150 min. Aradakı fərq iki dəfədən çoxdur. Hökumət də bu məbləği yaşayış minimumuna çatdırmaq məsələsini qoyub». Rövşən Ağayevə görə, yaxşı olardı ki, dövlət ahıllara verilən 20 min manat əlavə müavinəti də artıraydı, bu çox azdı.

«Kim sevirsə idmanı…»


Dövlət Proqramında həm də yaşlılar üçün profilaktik, idman-sağlamlıq tədbirlərinin hazırlanması, bütün səhiyyə ocaqlarında əqli və fiziki qocalıqla bağlı xidmətin təşkili və s. də nəzərdə tutulur.


«Sağ olsun, yaxşı deyib. Amma bunu yerinə yetirən olacaqmı?»
Səhiyyədən danışanda Xeyrulla kişinin dərdi təzələnir. Deyir ki, bir il əvvəl gözləri tutulduğundan əməliyyat lazım olub. Ancaq xəstəxanada ondan elə bir məbləğ istəyiblər ki, əməliyyatdan vaz keçib, «Getdim həkimə, min dollar istədi. Haradan alım? Məndə o qədər pul haradandı? Yenə yaxşı oldu ki, bir sağ olmuş tapıldı, ucuz qiymətə əməliyyat elədilər».


Səhiyyə Nazirliyindən, eləcə də proqramı reallaşdıracaq bütün nazirliklərdən bildirirlər ki, hələlik sənəd üzərində iş gedir. Ona görə də bu haqda bir müddət sonra danışacaqlar.

Ahılların səhhəti və maddi rifahından başqa proqramda asudə vaxtlarını səmərəli keçirmək üçün dərnəklər, özfəaliyyət kollektivlərinin yaradılması da planlaşdırılır. Sənəddə başı işə-gücə, ailəyə qarışıb öz yaradıcılıq qabiliyyətini reallaşdıra bilməyənlər də yaddan çıxmayıb. Belə istedad sahibləri arasında ümumrespublika festivalları keçiriləcək, fərqlənənlərinsə beynəlxalq festivallarda iştirakına dövlət səviyyəsində yardım göstəriləcək.


Xeyrulla kişiylə Fərqumə xanım bu xəbəri eşidəndə, qımışdılar və «yaxşı fikirdir» dedilər: «Belə klub olsa, gedib baxaram, beynim açılar. Mənim mədəniyyət sahəsində qabiliyyətim yoxdur, amma xalça toxuya bilirəm, bəlkə kiməsə öyrədə bilərəm». Bunu da Fərqumə xala dedi.

Ancaq bu hələ harasıdır. Proqramda yazılana görə, təhsil almaq və ya yeni peşələrə yiyələnmək istəyənlərə də dövlət hər cür şərait yaradacaq. Müasir dünyada təqaüdə çıxanlar arasında ikinci təhsil almaq və ya yeni peşə öyrənmək adi məsələ olsa da, Azərbaycanda bu, təzədir. Yəqin, indi söhbət etdiyim yaşlılar bunu bir az təəccüblə qarşılasalar da, zamanla oxumaq və ya peşə qazanmaq istəyənlərin sayı artacaq. Ancaq başqa bir həmsöhbətim Cümşüd kişi deyir ki, onun nə yeni peşəyə marağı var, nə də təhsilə. Dəmiryolçu kimi təqaüdə çıxsa da, son illər maddi ehtiyac ona bağçılığı öyrənməyi vadar edib. O isə yağışlı havada ağac dibi belləmək yox, evdə oturub nağıl danışmaq, ya da tay-tuşları ilə nərd vurmaq istərdi.


Proqramda isə həm də tənha qocaların diqqətdən kənarda qalmaması, əksinə, cəmiyyətə inteqrasiyası məqsədilə tədbirlər də nəzərdə tutulur. Sovet dövrünün pionerləri kimi bu dəfə də Azərbaycan hökuməti şagirdlərin və tələbələrin çiyninə yük qoyub. Təhsil Nazirliyinə tapşırılıb ki, tələbələr və yuxarı sinif şagirdləri tərəfindən ahıllara evlərində və ictimai yerdə xidmət və qayğı göstərilsin.

Xeyrulla kişini proqramla tanış edəndən sonra «necədir» soruşdum. Cavab verdi ki, avazları yaxşı gəlir, oxuduqları «Quran» olsa: «Sağ olsun, yaxşı deyib. Amma bunu yerinə yetirən olacaqmı?»


Elə ekspert Rövşən Ağayev də dövlət proqramını bəyənir: «Ancaq bu başqa məsələdir ki, adətən Azərbaycanda proqram qəbul olunur, onların icra mexanizmi olmur. Məsələn, tənha vətəndaşlara evdə xidmətlə bağlı təlimat var. Amma onlara evdə xidmət təşkil olunmur».


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG