Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 15:34

Hüseynağa Atakişiyev və Azərbaycan mədəniyyəti


Vaqif Səmədoğlu ilə müsahibə, 14 aprel 2006
Vaqif Səmədoğlu ilə müsahibə, 14 aprel 2006
Vaqif Səmədoğlu: «Hüseynağa Atakişiyev kimi rejissorun xiffətini həmişə çəkəcəyəm»

Bu dəfə «İz»də:

• Görkəmli teatr sənətçisi Hüseynağa Atakişiyevin xatirəsini yad edəcək;


• Abşeron boyakarlıq məktəbinin təməl daşlarından sayılan mərhum rəssam Əlövsət Əliyevin sərgisinə baş çəkəcək;


• Və tanınmış şair və dramaturq Vaqif Səmədoğlunun açıqlamalarını eşidəcəksiniz.


Amma əvvəlcə iki xəbər:


1. Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Ötən həftə görkəmli teatr rejissoru Hüseynağa Atakişiyev qəfil xəstəlikdən dünyasını dəyişdi. Bənzərsiz üslubuyla seçilən bu istedadlı sənətçi bir çox parlaq tamaşalara imzasını atmışdı. Allah rəhmət eləsin!..


2. Rusiya imperiyası dövründə çap edilmiş 3 orijinal xəritədən biri tapılmır. Bu barədə məlumat Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun mediaya açıqlamasından sonra gündəmə gəlib. Akademiyanın Tarix İnstitutunun arxivində saxlanan bu nadir xəritədə indiki Ermənistan ərazisindəki türkəsilli yer adları dəqiq və ətraflı əksini tapıbmış. İnstitut rəhbərliyinin fikrincə, çar Rusiyasının Qafqazı işğalı dövründə –19-cu əsrin əvvəllərində rus hərbçi coğrafiyaşünasların tərtib etdiyi həmin xəritə, sadəcə, unutqanlıq nəticəsində it-bat olub və diqqətli axtarışlardan sonra mütləq tapılacaq.


«AZADLIQ»: Vaqif bəy, Hüseynağa Atakişiyevi onu tanımayıb, amma indən belə tanımaq istəyənlərə necə tanıdardınız? Sənətçi kimliyini demirəm, adicə insan kimi…


VAQİF SƏMƏDOĞLU: İndi onun bir keyfiyyətini daha aydın hiss edirəm: Hüseynağa Atakişiyev bütöv, əyilməz, erkək bir şəxsiyyət olub.


«AZADLIQ»: Dram əsərlərinizə Hüseynağa Atakişiyev quruluş verib. Təsadüfən belə alınıb, yoxsa elə öncədən planlı bir əməkdaşlıq olub?


Vaqif Səmədoğlu, 14 aprel 2006
VAQİF SƏMƏDOĞLU: Onun öz komandası vardı – öz müəllifləri, bəstəçiləri, sənətçiləri. Sevinirəm ki, mən də həmin komandanın üzvlərindən sayılmışam...


Özəl xəbər:


Turqut Məmmədlinin özəl xəbərində məşhur Abşeron rəssamı Əlövsət Əliyevin sərgisindən bəhs olunur. «Abşeron» sərgi salonunda gerçəkləşdirilən və aprelin 23-dək sürəcək həmin sərgidə mərhum rəssamın 24 əsəri göstərilir. Həyatdan erkən gedən Əlövsət Əliyev Abşeron boyakarlıq məktəbinin fəal üzvlərindən olub və dissident rəssamlardan sayılıb. Reportajda onun sənət dostlarının müsahibələri də yer alıb. Əlövsət Əliyev Azərbaycan xalqına 160 bənzərsiz tablo yadigar qoyub.


«AZADLIQ»: Vaqif bəy, Hüseynağa Atakişiyevin vida mərasimində bir söz işlətdiniz, dediniz ki, indən belə dram yazsam, ancaq Hüseynağadan yazacağam. Bəs o əsəri yazası olsaz, quruluşu kim verəcək, kim səhnələyəcək?


VAQİF SƏMƏDOĞLU: O cümləni bir az fərqli tərzdə dilə gətirmişəm. Hüseynağaya həsr etdiyim, onun özəlliklərini əks etdirən bir səhnə əsəri üzərində çalışıram. Ənənəvi poetikadan uzaq bir əsərdir və düşünürəm ki, Hüseynağanın sənət özəlliklərini mənimsəmiş çox sayda ardıcılları ilə o tamaşanı reallaşdırmaq mümkün olacaq. Hərçənd, ədəbi mətnə Hüseynağa qədər sadiq bir rejissorun xiffətini həmişə çəkəsi olacağam...


«AZADLIQ»: Hüseynağa Atakişiyevdən nə miras qaldı? Sözün həm hərfi, həm də məcazi mənasında…


VAQİF SƏMƏDOĞLU: Azı dörd tamaşanın videoyazısı qalıb. Onun irsini öyrənmək imkanı qalıb, sənət ardıcılları qalıb. Bu az deyil. TV-də əsərlərini göstərməklə irsini-mirasını da yaşadacağıq. Bir də xanımı, övladları qalıb...


Daha iki xəbəri eşidək:


1. «Azərbaycan İnterneşnl» dərgisinin növbəti sayı çapdan çıxıb. Beynəlxalq aləmdə Azərbaycan mədəniyyətinin tanınmasında özəl payı olan həmin dərgi bu dəfə sosial-mədəni yaşamımızda Stalinin və stalinizmin izinə düşüb və «Stalini yada salaraq» başlığıyla Qərb oxucusunu azərbaycanlıların baxışlarıyla tanış edib.


2. «Azərbaycan v mire» dərgisinin 3-cü sayı işıq üzü görüb. Azərbaycana beynəlxalq siyasi təhlil və sosiomədəni araşdırmalar prizmasından baxan həmin dərginin fərqləndirici özəlliyi xarici müəlliflərin yazılarına üstün diqqət yetirməsidir.


«AZADLIQ»: Vaqif bəy, Hüseynağa Atakişiyevin bu gözlənilən və gözlənilməz ölümündə cəmiyyətin suçu var? Cəmiyyət bir başqa, nisbətən xoş sonluqlu tale də yaza bilərdimi ona?


VAQİF SƏMƏDOĞLU: Məşqə gəlib Hüseynağa, 1-ci hissəni səliqə-sahmanla aparıb və yazı masasının üzərində həmişəki kimi çalışarkən özünü pis hiss edib. Sonra beyninə qan sızdığı məlum olub. Azərbaycanın ən məşhur mütəxəssisi onu müayinə edən kimi ailəsindən gizlətdiyim bir həqiqəti mənə açdı: Hüseynağanın zərrə qədər də sağalmaq şansı yoxdur – beyninin mədəciyi də qanla dolub! Allah rəhmət eləsin! Xəstələnib və 10 günün içində ayılmadan dünyadan köçüb. Bunda cəmiyyətin suçunu axtarmağa nə ehtiyac var?!


XS
SM
MD
LG