Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:48

«Mehman Əliyevdən Avropa Şurasına sərt ittiham»


Mehman Əliyev, 25 noyabr 2006
Mehman Əliyev, 25 noyabr 2006
«Bizim yol» qəzeti: «Mehman Əliyevdən Avropa Şurasına sərt ittiham»

«Uzun müddət idi ki, AŞ PA siyasi məhbuslarla bağlı məruzəçi təyin edəcəyini bəyan edir və hər dəfə də Azərbaycanı hədələyirdi ki, məsələyə gələn sessiyada baxacağıq. Əslində siyasi məhbuslar üzrə məruzəçi o zaman ləğv olundu ki, Azərbaycan hakimiyyəti ilə AŞ rəhbərliyi arasında sövdələşmə baş verdi. Azərbaycan hökuməti bu sövdələşməyə uyğun olaraq problemi ölkə daxilində, yerli QHT-lərlə birgə həll edəcəyini bildirdi. Bundan sonra isə hökumət bu öhdəliklərdən qaçmağa başladı, əvəzində jurnalistlər həbs olundu, problemlər qaldı. Əslində bu məsələ artıq alver müstəvisinə keçib. Hər sessiya öncəsi bir-iki nəfər buraxılır və məsələ dayanır. Məncə, bu yaxşı şey deyil».

Bu sözləri «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev AŞ-Azərbaycan münasibətlərini şərh edərkən deyib.

M.Əliyevin fikrincə, Azərbaycan AŞ-yə üzv olandan sonra ölkədə demokratiya və hüquqi dövlətin quruculuğu sahəsində irəliləmə deyil, geriləmə baş verib:

«Biz AŞ-yə ona görə üzv olduq ki, bu sahədə proseslərin sürətlənməsinə nail olaq. Təəssüflər olsun ki, bu məsələlərdə AŞ prinsipial mövqeyini ortaya qoymadı, öz dəyərlərini, prinsiplərini, hökumətlə Şura arasında bağlanan sazişə, öhdəliklərə əməl olunmasını tələb etmədi. Ona görə də AŞ-nin nəyisə dəyişəcəyini ummaq, məncə, yersiz olardı. Çünki bu qurum indiyə qədər nəyisə dəyişməyib ».

M.Əliyev siyasi məhbuslarla bağlı məruzəçi təyin olunacağına inanmır: «Çünki bu məsələ qalxanda siyasi məqsədlər güdülür. Yəni Avropa başlayır hədələməyə ki, biz məruzəçi ştatını bərpa edəcəyik. Azərbaycan isə qarşı tərəfi ikili standartlarda ittiham edir və cüzi addımlar ataraq kimlərisə həbsdən azad edir. Bununla da alver baş tutur, maraqlar təmin olunur və bir müddət ara sakitləşir».


«Azadlıq»
qəzeti: «Hakimiyyətyönlü partiyalar ləğv edilir»

Referendumdan sonra hakimiyyətyönlü partiyaların Məşvərət Məclisi öz işini dayandıracaq.

Bu barədə məlumatı «Azadlıq»a iqtidaryönlü partiyalardan birinin nümayəndəsi verib.

Bəzi iqtidaryönlü partiyaların rəhbərlərinə bildirilib ki, YAP-a birləşəcəkləri təqdirdə onların kadr potensialından istifadə olunacaq. Mənbə bildirib ki, artıq YAP rəsmiləri bu səpgidə iqtidaryönlü partiya rəhbərləri ilə görüşlər keçiriblər.

Konkret olaraq uzun illər Məşvərət Məclisinə sədrlik etmiş Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadəyə Təhsil Nazirliyində, Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidova Prezident Aparatında, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Manafova isə Ədliyyə Nazirliyində vəzifə təklif olunub.


«Yeni Müsavat»
qəzeti: «Gəlmə çinlilərə qarşı Azərbaycan səddi»

Xarici dövlətlərdən, xüsusilə Çindən Azərbaycana çoxlu sayda əmək miqrantının gəlməsi hakimiyyəti qayğılandırmağa başlayıb. Ölkə daxilində illərdir məşğulluq problemini həll edə bilməyən hökumət əmək miqrantlarının axınının qarşısını almaq məqsədilə bu sahədəki qanunvericiliyi sərtləşdirməyi qərara alıb.

Bu barədə açıqlama verən Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev dedi ki, əmək miqrasiyası prosesinin tənzimlənməsi vacib məsələlərdəndir:

«Qanunvericilik təkmilləşdirilməlidir. Əcnəbilərin Azərbaycanda fəaliyyət göstərməsi üçün dövlət rüsumunun məbləği artırılacaq. Qeyri-leqal miqrantları işə götürən şirkətləri isə böyük məbləğdə cərimələr gözləyir».

Məlum oldu ki, hazırda ölkədə 4367 nəfər əmək miqrantı kimi qanuni şəkildə fəaliyyət göstərir:

«Əmək miqrantları ölkədə fəaliyyət göstərmək məqsədilə fərdi icazə almaq üçün 45 manat ödəyirlər. Bu məbləğ 1000 manatadək artırıla bilər».

O da məlum oldu ki, yeni qanun qüvvəyə minərsə, qeyri-leqal miqrantları işə cəlb edən şirkətləri 35 min manatadək cərimə gözləyir.

Ümumiyyətlə, son zamanlar Bakı şəhərinə axışıb gələn çinlilərin sayı xeyli azalıb. Onların Azərbaycandan deportasiya olunmaları barədə məlumatlar yer almaqdadır...


«Yeni Azərbaycan»
qəzeti: «İçərişəhər YUNESKO-nun təhlükədə olan dünya irs abidələri siyahısından çıxarılacaq»

Ümumbəşəri sərvət olan İçərişəhərdə sistemli bərpa işlərinə başlanılıb. Bu da ona imkan verəcək ki, İçərişəhər yaxın vaxtlarda YUNESKO-nun təhlükədə olan dünya irs abidələri siyahısından çıxarılsın.

Elə İçərişəhərdə monitorinqini başa vuran YUNESKO-nun ekspertləri də bu fikirdədir.

İçərişəhərin «Master Planı»nı hazırlayan işçi qrupunun rəhbəri Karlo Çezari bildirib ki, ekspert qrupu yaxın günlərdə monitorinqin nəticələrini quruma təqdim edəcək. O qeyd edib ki, YUNESKO-nun nümayəndələri buraya 2000-ci ildə baş verən zəlzələdən bir az sonra gəliblər. O vaxt binaların bəzilərində çatlar əmələ gəlib. Buna görə də burada bəzi işlər aparıldı. İndi isə o illərlə müqayisədə çox müsbət dəyişikliklər var. Artıq burada işlər sistemli və nəzarətli aparılır. Bunu monitorinqi aparan ekspertlər də söyləyirlər...
XS
SM
MD
LG