Azərbaycan Milli Olimpiya Komitəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Cəmaləddin Rəhmanov deyir ki, adı təqaüdçülər siyahıya düşənlər son olimpiya yarışlarında və dünya birinciliklərində yüksək nəticə göstərən idmançılardır: «Bunlar güləşdə Fərid Mənsurov, Namiq Abdullayev, Vitali Rəhimov, atıcılıqda Zemfira Meftəhəddinova, İradə Aşumova, boksda son dünya birinciliyində medal qazanan idmançılardır».
Ümumilikdə BOK dünya ölkələri üzrə 3000 nəfər idmançıya belə təqaüdlər vermək qərarına gəlib. Əgər əvvəllər hər bir ölkənin idmançılarına ayrılan təqaüdlər Milli Olimpiya komitələri vasitəsilə paylanırdısa, indi fərdi təqaüdlər birbaşa idmançıların özlərinə veriləcək.
Beynəlxalq Olimpiya Komitəsinin təqaüdündən başqa, Azərbaycanın Milli Olimpiya Komitəsi də perspektivli idmançılara təqaüd verir. Həmin təqaüdün məbləği isə idmançının qazandığı uğurlardan asılı olaraq 300-600 dollar arasıdır.