Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:16

Dennis Sammut: «Qarabağ danışıqları şəffaf olmalıdır»


LİNKS təşkilatının icraçı direktoru Dennis Sammut
LİNKS təşkilatının icraçı direktoru Dennis Sammut
Tezliklə Azərbaycan və Ermənistan ziyalılarının qarşılıqlı səfərləri mümkün ola bilər. Ancaq bu səfərləri qabaqcadan yaxşıca hazırlamaq lazımdır. Böyük Britaniyanın LİNKS təşkilatının icraçı direktoru Dennis Sammut bu cür qarşılıqlı səfərlərin təşkil olunacağını ümid edir.

«Söhbət ondan getmir ki, bir qrup adamı avtobusa oturdub, Bakıya, ya Yerevana aparırsan. Bu səfərlər mühümdür, biz hər iki tərəfdə hökumətlə, mülki cəmiyyətlə danışıqlar aparırıq ki, bu səfərlər üçün şərait nə vaxt yarana bilər».

Bir neçə il əvvəl Azərbaycan və Ermənistandan olan bir qrup ziyalı Bakıya və Yerevana səfərlər etmişdi.

LİNKS qeyri-hökumət təşkilatı Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunu yaradıb, Azərbaycan, Ermənistan və Gürcüstan deputatlarının görüşlərini təşkil edib. Qurumun icraçı direktoru Dennis Sammut deyir ki, müharibədə qanlar tökülüb, minlərlə adam faciəylə üzləşib, ancaq müalicə dövrü başlamalıdır:

«Biz Minsk qrupu, Azərbaycan və Ermənistan rəhbərləri ilə danışıqlar aparırıq. Bizim əsas təklifimiz Dağlıq Qarabağ danışıqlarını mümkün qədər şəffaf etməkdir. Əlbəttə ki, bu danışıqlar barədə ictimaiyyətə radio, televiziya vasitəsilə geniş məlumat verilməsi məntiqi deyil. Ancaq hökumətlər, Minsk qrupu danışıqları gizli də saxlamamalıdır. İctimaiyyətə məlumat verilməlidir».

Dennis Sammut deyir ki, onlar həm Minsk qrupuna, həm də Azərbaycan və Ermənistan rəhbərliyinə konkret təkliflərini veriblər, bu təkliflərdən bəziləri yerinə yetirilməkdədir: «Məsələn, həmsədrlər razılaşıblar ki, onların əlaqələndirici şəxsləri olsun, bu şəxs QHT-lərlə daha müntəzəm işləsin».

Ötən həftə bir qrup politoloq və QHT təmsilçisi prezident İlham Əliyevə müraciət edib ki, Dağlıq Qarabağın azərbaycanlı icmasına status verilsin. Təklifdə göstərilir ki, Dağlıq Qarabağın azərbaycanlı əhalisinin rəhbər orqanın seçki yoluyla formalaşması üçün ayrıca qanun hazırlanmalıdır.

Dennis Sammut deyir bu təklif mülki cəmiyyətin danışıqlar prosesinə cəlb olunması baxımından yaxşı başlanğıcdır. Azərbaycan hökuməti bu təkliflərdən ancaq yararlana bilər.

Parlamentdə Dağlıq Qarabağa dair müzakirələrin keçirilməsi də yaxşı hal olardı. Ancaq cənab Sammut bir məsələdən narahatdır: «Əgər bu debat millətçi bəyanatlara xidmət edəcəksə, hərə özünün necə vətənpərvər olduğunu göstərmək istəyəcəksə, məsələnin bütün aspektlərinə baxılmayacaqsa, bu, əks-effekt yaradacaq. Belə debat sakit, soyuq keçməli, uzun müddətə nəzər salmalı, xalqda gələcəyə inam yaratmalıdır».

Dennis Sammut deyir, hər iki dövlətin rəhbərliyi danışıqlar barədə geniş ictimaiyyətə məlumat verməmək taktikasını seçiblər. Çünki cəmiyyətin danışıqların mahiyyətini tam başa düşə bilməməsindən ehtiyat edirlər. Cənab Sammut onu da əlavə edir ki, sülh prosesi barədə məlumat verilməyəndə isə spekulyasiyalara, faktlara əsaslanmayan versiyalara meydan açılır, bu daha pisdir. İctimaiyyət detallı olmasa da, prosesin hara getdiyini bilməlidir. Əgər proses sonda hər iki tərəfin dəstəyini almasa, çətin reallaşar:

«Adamlar elə düşünməməlidir ki, möcüzə olacaq, bir gün gözlərini açacaqlar, görəcəklər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub. Bu tədricən, mərhələ-mərhələ baş verəcək bir prosesdir. Vəziyyət getdikcə yaxşılaşacaq, yaxşı şeylər olacaq. İllərlə formalaşan problemin həlli də bir neçə il ərzində baş verəcək».

Dennis Sammutun dediyinə görə, danışıqlar prosesinin sonunu ictimaiyyətin başa düşməsi üçün adamları maarifləndirmək lazımdır ki, dramatik dəyişiklik gözləməsinlər.

Bir neçə il əvvəl LİNKS təşkilatı Cənubi Qafqazda azad iqtisadi zona yaratmağı təklif edirdi. Azərbaycan tərəfi isə münaqişə həll olunmayınca Ermənistanla belə bir iş birliyinə getməyəciyini deyirdi.

LİNKS keçid mərhələsində olan cəmiyyətlərdə sülh və demokratik dövlət quruculuğu məsələləri ilə məşğul olan QHT-dır. Bu təşkilat 10 ildir ki, Azərbaycanda fəaliyyət göstərir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG