Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 10:30

Rəşid Hacılı: «Bu «reket»çilik yox, adi dilənçililikdir»


«Jurnalistlərin kimdənsə yazı müqabilində pul istəməsi şantaj sayılır, «reket»çilik deyil»
«Jurnalistlərin kimdənsə yazı müqabilində pul istəməsi şantaj sayılır, «reket»çilik deyil»
«Üç nöqtə»: Son günlər Mətbuat Şurası bəzi qəzetlərin «reket» fəaliyyəti ilə məşğul olduğunu bəyan edib. Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı deyir ki, məhkəmə qərarı olmadan hansısa qəzeti «reket» adlandırmaq ciddi ittihamdır: «Bu kəlmənin jurnalistikaya və ya başqa peşə sahələrinə «yapışdırılması» həmin peşələri gözdən salmağa xidmət edir. Kimsə hədə-qorxu ilə, zor tətbiq etməklə pul tələb edirsə, qanunda buna «reketçilik» deyilir. Jurnalistlərin isə kimdənsə yazı müqabilində pul istəməsi şantaj sayılır, «reket»çilik deyil. Çox zaman da bu şantaj olmur, adi dilənçiliyə çevrilir». Hüquqşünasa görə, bu yolla pul qazanmağa çalışan mətbuat orqanlarını «reket» adlandırmaq əslində jurnalist peşəsini gözdən salmaqdır.

«Yeni Müsavat»: Türkiyə Radio Televizyon Üst Kurulu (RTUK) yetkilisi Azərbaycanda türk dilinə qoyulan qadağaya münasibət bildirib. Xatırladaq ki, Milli Teleradio Şurasının qərarı ilə bu ilin yanvarından türk serialları Azərbaycanda ancaq dublyaj olunduqdan sonra yayımlana bilər. RTUK-nın izləmə-dəyərləndirmə və xarici dillərdə yayıma nəzarət şöbəsinin rəhbəri Abdurrahman Canpolad Türkiyədə ezamiyyətdə olan qəzetin əməkdaşına bildirib ki, dünyanın əksər ölkələrində başqa dillərdə verilişlər yayılır: «Müəyyən çərçivəni keçmədən belə yayımlar Türkiyədə də var. Məsələn, TRT başqa dillərdə də verilişlər yayır və s. Azərbaycanda türk dilində yayımın olması üçün «Yayım haqda» qanuna dəyişiklik edilməlidir. Başqa ölkələrdə bu belədir. Məsələn, Yunanıstanda yayımın 40, İspaniyada yayımın 60 faizi başqa dil və ləhcələrdədir. Azərbaycanda da türk dilində verilişlərin sərbəst yayımlanması üçün qanundakı qadağa aradan götürülməli və ora əlavə maddə salınmalıdır».

«Azadlıq»: Politoloq Rayuf Mirqədirovun qənaətinə görə «iqtisadi vəziyyət pisləşdikcə əhalinin fəallığı artacaq». «Əgər neftin qiyməti 30 dollara düşsə, ya ondan aşağı olsa, biz 90-cı illərdə olduğu kimi Rusiyada kütləvi etiraz aksiyalarının şahidi olacağıq»-,deyə politoloq qəzetə müsahibəsində bildirib.

«Yeni Azərbaycan»: «Bir qrup müxalifətyönlü jurnalist beynəlxalq donor təşkilatlarına müraciət edib. Müraciətin qısa məzmunu ondan ibarətdir ki, onlar həmin donorların Azərbaycanda fəaliyyət göstərən media təşkilatlarına maliyyə-qrant ayrılmasına qarşı çıxırlar. Yəni, konkret olaraq media sahəsindəki QHT-lərin xarici donorlar vasitəsilə maliyyələşməsinə etiraz bildirirlər». Bu məsələni təhlil edən qəzet yazır ki, «KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası Azərbaycanın milli maraqlarının qorunmasına şərait yaradır».

«Azərbaycan» yazır ki, «Konstitusiya islahatı ictimai münasibətlərin inkişafından irəli gələn obyektiv zərurətdir». Hüquqşünas Qüdrət Əsgərov məqaləsində bir fikri əsaslandırır ki, «Hər bir normativ hüquqi akt kimi, Konstitusiyanın da zamanın ruhu, cəmiyyətin iradəsi ilə uzlaşması, yenilliklərə adekvat reaksiya verməsi son dərəcə vacibdir».

«Bizim Yol»: «Pambıqçılıqla məşğul olan fermerlərin ehtiyaclarını pambıqtəmizləmə zavodları ödəyəcəkdirsə, onda Kənd Təsərrüfatı Nazirliyi və onun rəhbəri nəyə və kimə lazımdır? Bəs fermerlərə ayrılan subsidiyalar hara gedir?» Qadir İbrahimli «İsmət Abbasov pambıqçılığı dəfn edir» sərlövhəli köşə yazısında belə suallar qoyub.
«Bu suallara cavab vermək lazımdır, cənab Abbasov. İsti kabinetdə oturub ifrat demokratizm nümayiş etdirmək hələ məsuliyyətdən yaxa qurtarmaq anlamına gəlmir… Kənd Təsərrüfatı Nazirliyinin və şəxsən sizin vəzifənizdir ki, pambıqçılığa maraq yaratmaq və fermerləri bu istiqamətə yönəltmək üçün dövlət adından tədbirlər görəsiniz».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG