Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 15:18

«Bu ölkədə adama heyvan qədər qiymət vermirlər»


«Sənədi tələb edənlər çoxdur, amma əldə etmək olmur»
«Sənədi tələb edənlər çoxdur, amma əldə etmək olmur»
- Zooparkda timsaha istilik sistemi alırlar. Amma bu ölkədə adama heyvan qədər qiymət vermirlər.

Zəka Zeynalov bu nəticəyə ona görə gəlib ki, yaşadığı evə mülkiyyət hüququ almaq üçün döymədiyi qapı qalmayıb.

Bakının Şağan qəsəbəsinə bitişik ərazidə - sovet dövründə Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun ərazisində 1000-ə yaxın sakin yaşayır. Amma əllərində zəmanət yoxdur ki, bir gün evlərindən bayıra atılmayacaqlar. Çünki bu torpaqda qanunsuz yaşayırlar. Mülkiyyət hüququnu təsdiq edən sənədin olmamağı onlara hər cür əngəllər yaradır:

- Məsələn, burda birinin xəstəsi olsa, təcili yardım gəlmir. Problem odur ki, bunlar gecə-gündüz istədikləri yeri sökürlər, istədiklərini tikirlər. Bu, sabah mənim də başıma gələ bilər. Mən əlbəttə ki, bu gün ona narahat olmalıyam. Bir də gördün gecənin bir yarısı gəlib sökdülər, tökdülər çölə. Heç kimə də demək olmur. Deyəndə, gülürlər sənə.

- Sənədi tələb edənlər çoxdur, amma əldə etmək olmur.

Sakinlər bu torpaqları Prezidentin İşlər İdarəsinin kənd təsərrüfatı müəssisəsinin əmrindən çıxarışla satın alıblar. O vaxt bu ərazi Abşeron rayon İcra Hakimiyyətinin sərəncamında idi. Qəsəbə sakini Elnur Məlikov deyir ki, onlar bu torpaqlarda qeyri-qanuni yaşadıqlarını sonradan öyrəniblər. Bəlli olub ki, bu torpaqları rəsmi şəkildə alqı-satqı obyekti etmək olmaz. Bu vaxta qədər isə heç kəs qəsəbə sakinlərinə gözün üstə qaşın var deməyib:

- Bizim dövlət məmurlarımız iddia edirlər ki, bu torpaqlar qanunsuz paylanıb. Biz də bunun qanunsuz paylanmasını yalnız və yalnız orda torpaq sahəsi əldə elədiyimizdən 3 il, 5 il sonra bilmişik.

2008-ci ilin iyun ayının 13-də isə prezidentin sərəncamına əsasən bu torpaqlar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) balansına ötürülüb. Sərəncama görə, Bakı meriyası və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi burdakı yaşayış məntəqələrinin qanunvericiliyə uyğun olaraq gələcək inkişafı ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməli idi.

«Biz bu torpaqların qanunsuz paylanmasını yalnız 3 il, 5 il sonra bilmişik»
Sakinlər bu sərəncamdan sonra da müxtəlif orqanlara müraciət etsələr də, öz mülkləriylə bağlı hansı qərarın veriləcəyini bilmirlər:

- Baxın, burda görün nə qədər sənəd var. Külliyyatdır. Ən əsası isə odur ki, prezident sərəncam imzalayıb ki, bu problem öz həllini tapsın. Amma BŞİH bu sərəncamdan irəli gələn öhdəliklərini yerinə yetirmir. Bu da o problemi yaradır ki, 40 min, 50 min manat xərc çəkib ev tikirik, onun üzərində isə mülkiyyət hüququmuz yoxdur. Biz torpağı, yaxud evi rəsmi şəkildə sata bilmirik.

- İcra hakimiyyətinə gedirsən nə isə istəməyə, deyir ki, get o biri otağa. Ordan o biri otağa göndərir. Elə otaq-otaq gəzdirir.

Nazirlər Kabinetindən bildirirlər ki, sözügedən sərəncamla bağlı artıq Bakı Şəhər İcra Hakimiyyəti öz təkliflərini İqtisadi İnkişaf Nazirliyinə verib.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Mətbuat Xidmətindən Yadigar Cəfərli isə deyir ki, vətəndaşlar sahibi olduqları torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi – reyestrdən çıxarışı almaq üçün lazımi sənədləri onun çalışdığı quruma təqdim etməlidirlər:

- Əgər torpaq sahəsidirsə, onun planı və ölçüsü təqdim edilməlidir. əgər torpaq sahəsi üzərində tikinti varsa, onun tərkib hissəsinin texniki pasportu təqdim edilməlidir. Bütün sənədlər təqdim ediləndən sonra həmin daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı aparılır.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaqlardan istifadəyə nəzarət şöbəsinin müdiri Lütfi Məhərrəmovun sözlərinə görəsə, mülkiyyət hüququ əldə edə bilməyən sakinlərin problemi tezliklə həll olunacaq. O deyir ki, prezidentin müvafiq sərəncamının birinci mərhələsi artıq icra edilib – həmin torpaqlar Bakı Şəhər İcra Hakimiyyətinə tabe edilib. İndi isə o torpaqların hansı qisminin bələdiyyəyə veriləcəyi, neçə hektarının dövlətin balansında qalacağı müəyyənləşdirilir:

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbə müdiri Lütfi Məhərrəmov deyir ki, mülkiyyət hüququ əldə edə bilməyən sakinlərin problemi tezliklə həll olunacaq
- Sənədləşmə də qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçiriləcək. Tikinti varsa, yəqin ki, onun sənədləşməsi ilə bağlı məsələ qaldırılacaq və sənədləşmə aparılacaq. Bu gün çətindir onun sökülməyi. Massivdir, kütləvidir. Ona görə, bir az çətinlik yarada bilər. O ki qaldı boş torpaq sahələrinə, bu torpaqlar vətəndaşlara hərrac-müsabiqə yolu ilə verilir. Yəqin ki, üstünlük hüququ da onların olar.

Bu məsələdə otaq-otaq gəzən Əzizbəyov rayonunun «adsız qəsəbə»sinin sakinləri kimi mən də Bakı Şəhər İcra Hakimiyyətində üç həftə ərzində suallarıma cavab verəcək səlahiyyətli şəxs tapa bilmədim. Şəhər İcra Hakimiyyətində kimə üz tutdumsa, Əzizbəyov rayonunun baş memarı Samir Əliyevin suallarıma cavab verə biləcəyini dedilər. Amma onu gördüm deyən olmadı. Nə qəbul günü işə gəlmişdi, nə də iş telefonuna cavab verirdi. BŞİH qəbul otağının rəisi Tahir müəllim isə «elə vaxt zəng elə ki, telefonu götürən olsun» deyib məsləhətini verdi. Belə məsləhətlərdən qəbula yazılmağa gələn vətəndaşlar aylardı eşidir:

- Dəfələrlə gəlirik ki, qəbula yazılaq, yazmırlar. 100-dən çox ərizə ilə müraciət etmişik, qəbula düşə bilmirik.

- Gəlirsən, deyir ki, qonaq qəbul edir, gəlirsən deyir ki, xəstələnib, gəlirsən, deyir ki, xaricdədir. Bax beləcə bir il üç aydır ki, mən onun qəbuluna girə bilmirəm. Akif Abdullayevin (baş memar) qəbuluna girə bilmirəm ki, deyəm, ay qardaş, ya bunu düzəlt, ya da sənədləri qaytar ver özümə, bilim ki, düzəlmir də.
XS
SM
MD
LG