Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:02

Osman Kazımov: «Mahir Nağıyevin işini aparmaq çox çətindir»


Osman Kazımov hesab edir ki, müstəntiqə yardım etmək lazımdır
Osman Kazımov hesab edir ki, müstəntiqə yardım etmək lazımdır
Dinlə

Taleyin ironiyası. Vəkil Osman Kazımov Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqi Mahir Nağıyevin hüquqlarını müdafiə edir. O, vaxtilə Nağıyevin istintaqını apardığı başqa şəxsləri də müdafiə etməli olub. Bu, 2003-cü il prezident seçkisindən sonra həbs edilmiş müxalifətçilər və qeydiyyatı ləğv olunan Qarabağ Əlilləri Cəmiyyətinin üzvləriydi. Vəkil «Azadlıq» radiosunun «İşdən sonra» proqramına deyib:

«Mahir Nağıyevin işini aparmaq çox çətindir. Onunla görüşəndə dedi ki, mən haqq uğrunda mübarizə aparmaq istəyirəm. Mən də razılaşdım. Amma doğrudan çətindir. Əvvəllər mənim hüquqlarını müdafiə etdiyim bəzi şəxslərin – oktyabr hadisələrində tutulmuş deputat Pənah Hüseynin, ADP sədri Sərdar Cəlaloğlunun, eləcə də Qarabağ əlillərinin işini aparıb. Oktyabrda həbs edilən gənc Alqayıt elə həbsxanada rəhmətə getdi. O, mənim qohumum idi...»

Amma Osman Kazımov hesab edir ki, müstəntiqə yardım etmək lazımdır:

«Bu gün həmin müstəntiq xidmət etdiyi rejimin girovuna çevrilib. Ona görə də ona kömək etmək lazımdır.
Məmməd Süleymanov: «Əminəm ki, ona yenə vəzifə versələr, yenə də həmin addımı atacaq»
Azərbaycan hüquq-mühafizə orqanlarında çoxsaylı müstəntiqlər var ki, etdikləri işin fərqindədirlər, sadəcə, etiraf edə bilmirlər. Mahir Nağıyev isə etirafında səmimidir, o, peşmandır. Hər bir halda ibrətamiz haldır».

Amma vəkil Osman Kazımov bunu da deyir:

«Vəzifə borcuma vicdanla yanaşacam. Çətin olsa da, eyni dərəcədə şərəflidir ki, hüququ pozulan müstəntiqə, səhvini başa düşən adama kömək edirəm…»

«İşdən sonra» proqramının başqa qonağı filosof Ağalar Məmmədova görəsə, Mahir Nağıyevin bağışlanıb-bağışlanmaması vacib deyil. Vacib olan bu işin ictimai əhəmiyyətidir:

«Azərbaycan cəmiyyətinə lazımdır ki, bilsin sistemdə çat var. Və nikbinlik yaranır ki, bu çat daha böyük çatlara səbəb ola bilər».

Filosof bununla belə, sabiq müstəntiqin səmimiyyətinə şübhə edir:

Ağalar Məmmədova görə, Mahir Nağıyevin bağışlanıb-bağışlanmaması vacib deyil. Vacib olan bu işin ictimai əhəmiyyətidir
«Özü öz maskasını cırdı. Amma məcburiyyətdən bu addımı atdı. Budda sarayda yaşayırdı, oranı tərk etdi, dərviş oldu. Bir də var küçədə yaşayırsan və deyirsən mən dərvişəm. Nağıyev bunu daha əvvəl etsəydi, daha faydalı olardı. Mənəvi baxımdan daha böyük dəyər verərdi. İndisə əllinin əlliyədir…»

Jurnalist Məmməd Süleymanovun mövqeyi isə bir qədər fərqlidir:

«Həmin adam uşaq olmayıb, hərəkətlərinə görə, cavabdehlik daşıya bilməyibsə, deməli, anlaqsızdır. Ona vəzifə verilmişdi, səlahiyyət verilmişdi. Əminəm ki, ona yenə vəzifə versələr, yenə də həmin addımı atacaq. Ona görə, belələrinə bəraət yoxdur».

«İşdən sonra»nın qonağı əmindi ki, məhkəmədə deyilənlərin böyük ictimai rezonansı olmayacaq:

«Latın Amerikasında at oğrusunu da tutanda deyirdi ki, kommunistəm, məsələni siyasiləşdirməyə çalışırdı. Mahir Nağıyev də deyə bilməz ki, rüşvətə görə, tutulmuşam, deməlidir ki, insan haqlarına görə tutulub».
XS
SM
MD
LG