Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:32

«Nyu-Yorker»: «ABŞ İrana irimiqyaslı hücum üçün hazırlıq işləri aparır»


İrandakı milli azlıqlarla, o cümlədən şimaldakı azərbaycanlılarla, cənub-şərqdə bəluclarla və şimal-şərqdə kürdlərlə iş aparılır
Amerikada nəşr olunan «Nyu-Yorker» jurnalına görə, prezident Corc Buşun administrasiyası İranı bombalamaq istəyir. İrimiqyaslı bombardman kampaniyası İranın nüvə obyektlərinin dağıdılması üçün planlaşdırılır və hərbi əməliyyat zamanı hətta taktiki atom bombasından istifadə oluna bilər.

«İran planları» - başlıqlı yazının müəllifi Seymur Herşdir. O, Amerikada ən məlumatlı jurnalistlərdən biri sayılır və sensasion araşdırmaları ilə məşhurlaşıb. Seymur Herş yazır ki, Buş administrasiyası üzdə - İranın nüvə məsələsinin diplomatik yollarla həllinə tərəfdar olduğunu bildirsə də, əslində, İran daxilində məxfi əməliyyatlar keçirir və irimiqyaslı hücum üçün intensiv hazırlıq işləri aparır.


Məqalədə Birləşmiş Ştatların Müdafiə Nazirliyi -Pentaqonun adıçəkilməyən yüksək vəzifəli müşavirinin sözləri misal gətirilir. O, deyir: «Ağ Ev inanır ki, problemin yeganə həlli yolu İranda rejimin dəyişdirilməsidir, bu isə müharibə deməkdir».


Hökumətdəki digər bir mənbənin sözlərinə görə isə, Pentaqonun mülki rəhbərliyi və prezident Buş tamamilə əmindirlər ki, əgər qarşısı alınmasa, İran atom bombasını əldə edəcək. C.Buş və Ağ Evdəki digər rəsmilər İran prezidenti Mahmud Əhmədinejatı Adolf Hitlerlə müqayisə edirlər. Ağ Ev narahatdır ki, İran strateji silahı əldə etdikdən sonra dünyanı yeni müharibə ilə hədələyəcək.


İrana heç bir halda atom bombasını əldə etməyə icazə verilməyəcək. Pentaqonun müşaviri deyir ki, bu çox təhlükəlidir: «Biz nüvə silahlarının terror şəbəkəsinə göndərilməsinə imkan verə bilmərik».


İranın nüvə ambisiyalarına malik olması ilə Qərbdə demək olar ki, heç kəs mübahisə etmir. Əsas debatlar İranın nüvə silahına nə zaman malik olacağı ətrafında gedir.


Vaşinqtondakı ekspert, Corctaun Universitetinin professoru Robert Qalluçi «Nyu-Yorker»ə deyib ki, İranı nüvə silahından səkkiz il ayırır. İsrailin kəşfiyyat agentliyi «Mossad»ın başçısı Meyr Daqan isə dekabrda parlamentə bildirib ki, bir-iki ildən sonra İranda zənginləşdirilmiş uran olacaq. Bundan sonra nüvə silahının hazırlanması demək olar ki, sadə texniki məsələdir.


«Nyu-Yorker» yazır ki, hərbi plan işə salınsa, Birləşmiş Ştatların hava qüvvələri İranda bir neçə yüz obyektə zərbə endirəcəklər. Plana görə, davamlı bombardman kampaniyası İranın dini rəhbərliyini gözdən salmalı və xalqı hökuməti devirmək üçün ayağa qaldırmalıdır.


Amerika hərbçiləri artıq İranın daxilində fəaliyyət göstərirlər. Pentaqona yaxın olan mənbənin verdiyi məlumata görə, həmin qruplar İrandakı milli azlıqlarla, o cümlədən şimaldakı azərbaycanlılarla, cənub-şərqdə bəluclarla və şimal-şərqdə kürdlərlə iş aparırlar. Əsas məqsəd İranda etnik ixtilafları gücləndirməklə rejimi zəiflətməkdir.


ABŞ-ın İranın nüvə obyektlərinə qarşı taktiki nüvə silahından istifadəyə hazırlaşması barədə yazılanlar səhv məlumatlara əsaslanıb. Bunu isə Ağ Ev deyir. Rəsmilər bildirirlər ki, Pentaqon adi hərbi və kəşfiyyat hazırlıqları aparır. Corc Buşun köməkçisi Dan Barlet «Assoşeyted Press» Agentliyinə bildirib ki, prezidentin əsas prioriteti problemin diplomatik həllini tapmaqdır.


Cenevrədəki Təhlükəsizlik Siyasəti Mərkəzinin direktoru Şahram Çubin «Azadlıq» radiosuna bildirir ki, «Nyu- Yorker»də dərc olunmuş məqalədə ciddi siqnal var: «Seymur Herş araşdırma jurnalistidir, 2004-cü ilin dekabrında o ilk dəfə işarə etmişdir ki, Amerika hərbi varianta üstünlük verir. Bu o demək deyil ki, o, nə yazırsa düzdür, lakin onun hazırladığı seriya məqalələrdən belə nəticə çıxarmaq olar ki, amerikalılar diplomatik prosesin uğursuz olduğu təqdirdə, hərbi variantı ciddi seçim kimi nəzərdən keçirirlər».


Hərbi zərbələr barədə söz-söhbət İranın nüvə proqramı ilə bağlı böhranın qızışdığı bir vaxta təsadüf edir. Keçən ay BMT-nin Təhlükəsizlik Şurası Tehrana uranın zənginləşdirilməsi proqramını dayandırmaq üçün 30 gün vaxt verib. Lakin Tehran geri çəkilməyə hazırlaşmır.


Aprelin 9-da «Vaşinqton Post» qəzeti Amerika rəsmilərinə və ekspertlərə istinadən xəbər verib ki, Buş administrasiyası İrana qarşı hərbi zərbələrin endirilməsi variantını nəzərdən keçirir. Yaxın müddətdə heç bir hücum gözlənilmir. Lakin Vaşinqton İrana bu barədə ciddi olduğunu nümayiş etdirmək istəyir. İran anlamalıdır ki, lazım gəlsə ABŞ gücdən istifadə edə bilər.


Böyük Britaniyanın Xarici İşlər naziri Cak Strou isə hərbi variantın gündəlikdə dayanmadığını bildirib. Avropa Birliyinin Xarici Siyasət İdarəsinin başçısı Xaviyer Solana da «Nyu-Yorker»də yazılanları rədd edib. O, deyir ki, masanın üstündə hərbi variant yoxdur.


Xaviyer Solana: «Mən «Nyu-Yorker»dəki məqaləni oxumuşam. Düşünürəm ki, onun reallıqla heç bir əlaqəsi yoxdur. Mən Pentaqonda, onun müxtəlif səviyyələrində nəyin hazırlandığını bilmirəm. Lakin sizə deyə bilərəm ki, bizim üçün hər hansı bir hərbi əməliyyat tamamilə qəbulolunmazdır».


İranın Xarici İşlər Nazirliyi isə ABŞ-ın mümkün hücumu barədə yayılan məlumatları psixoloji müharibə adlandırıb. Nazirliyin sözçüsü Həmid Rza Asəfinin sözlərinə görə, bu, ABŞ-ın qəzəb və köməksizliyini göstərir.


XS
SM
MD
LG