Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:08

«Azərbaycan hökuməti ABŞ vətəndaşlarını da qorxu altında saxlayır»


Emin Milli və Rəşad Elli
Emin Milli və Rəşad Elli
Dinlə

«Halal olsun, Azərbaycan hökumətinə ki, Amerika vətəndaşını da qorxu altında saxlayır».

«Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı, BMT-nin Nyu-Yorkdakı qərargahı qarşısında Azərbaycanda Konstitusiyaya dəyişikliklərə etiraz məqsədilə keçirilən piketin təşəbbüs qrupuna rəhbərlik edən Emin Milli belə deyir:

«Nyu-Yorkda təxminən 10 min azərbaycanlı yaşayır. Hardasa, 100 nəfərə zəng vurub, piketə dəvət etdim. İnanın ki, hətta Amerikada yaşayan, oranın pasportunu daşıyan insanlar belə piketə qatılmağa qorxurdular. Onlara dedim ki, halal olsun, Azərbaycan hökumətinə ki, Amerika vətəndaşını da qorxu altında saxlayır».

Emin Millinin sözlərinə görə, iki saata yaxın davam edən aksiyada ABŞ-ın müxtəlif şəhərlərindən gələn 20 nəfərə yaxın azərbaycanlılar iştirak ediblər.
Emin Milli
Onun fikrincə, Konstitusiyaya dəyişikliklər Qarabağ məsələsində Azərbaycanın mövqeyini xeyli zəiflədə bilər:

«Bu etiraz aksiyası ABŞ-da yaşayan azərbaycanlıların ictimai proseslərdə aktivliyinin yeni mərhələsi idi. İndiyədək Xocalı, Qarabağ problemi ilə bağlı etiraz aksiyaları keçirilib, amma demokratiya ilə bağlı təşkilatlanmaq olmayıb. İlk dəfə olaraq dekabrın 30-da Vaşinqtonda Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyası keçirildi. Yanvarın 9-da isə BMT-nin binası qarşısında Azərbaycan hökumətinin qəbul etdiyi qərarlara qarşı etiraz etdik. Amma bizim aksiyamız birmənalı qarşılanmadı. BMT-nin bəzi nümayəndələri, həmçinin Azərbaycan diasporunın bəzi tanınmış simaları da bizi bu yoldan çəkindirmək istəyirdilər. Deyirdilər ki, guya 15-20 nəfərin etiraz aksiyası ermənilərin dəyirmanına su tökmək deməkdir. Mən də onlara cavab verirdim ki, Konstitusiyaya dəyişikliklər ermənilərə ən böyük hədiyyədir. Ermənilər deyirlər ki, əgər azərbaycanlılar öz ölkələrindəki proseslərə nəzarət edə bilmirlərsə, sabah biz Azərbaycanın tərkibində necə yaşaya bilərik? Yeri gəlmişkən, Amerikada yaşayan erməni icması artıq referendumdan özlərinin xeyrinə istifadə etməyə hazırlaşırlar».

Rəşad Elli
Piket iştirakçılarına tutulan irad təkcə bu olmayıb. «Nəyə görə bu piketi Azərbaycanda keçirmirsiniz?» sualına Eminin cavabı belə olub: «Bu sualı mənə verən insanlara dedim ki, nə vaxt Azərbaycanda icazəli piket, mitinq keçirmək mümkün olacaq, dövlət bu hüququ bizə geri qaytaracaq, polis camaatı döyməyəcək, Nyu-Yorkdakı kimi bizi sivil şəkildə qoruyacaq, öz qanuni funksiyasını yerinə yetirəcək, o zaman da Azərbaycanda piket keçirəcəyəm. Biz BMT qarşısında etiraz aksiyası keçirməklə, Azərbaycandakı vəziyyətin absurdluğunu bütün dünyaya göstərdik».

«Sosiallaşma olmayan cəmiyyətlərdə təbii ki, kütləvi şəkildə etiraz etmə mədəniyyəti də olmayacaq». Bunu isə piketin digər iştirakçısı Rəşad Elli dedi. Onun fikrincə, əvvəllər Azərbaycanda daha çox siyasi azadlıq var idi: «Ölkədə siyasi partiyalar var idi, orada qurultaylar keçirildi, ideologiya formalaşırdı, insanlar müəyyən şeyləri müzakirə etməyə başlayırdılar. Sonda ictimai mövqe ortaya qoyulurdu. Hazırda Azərbaycanda belə siyasi partiyalar demək olar ki, yox səviyyəsindədir. Bundan başqa, təhsil də bərbad vəziyyətdə olduğundan universitetlərdə də bu sosiallaşma getmir. Amerikada, Avropada ölkənin ictimai proseslərinə reaksiya verən əsas aparıcı qüvvələr gənclərdir. Şəhərlərdə universitetlərdə oxuyan gənclərdir. Onlar intellektual baxımdan daha fərqlidirlər, bir-birlərini tanıyırlar, eyni ideyalardan bəhrələnirlər və korrupsiyaya batmayıblar».
XS
SM
MD
LG