Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:48

"Mücahiddini Xəlq" terrorçu təşkilatlar siyahısından çıxarıldı


Avropa Birliyi İranın müxalifət qrupu olan Xalq Mücahidləri Təşkilatını özünün terrorçu təşkilatların qara ssiyahısından çıxarıb. Bu barədə qərar Avropa Birliyi ölkələri Xarici İşlər Nazirlərinin bu gün Brüsseldə keçirilən görüşündə qəbul edilib.

Bundan əvvəl Avropa Məhkəməsi qərara gəlmişdi ki, Mücahiddini Xəlq adı ilə tanınan İran Xalq Mücahidləri Təşkilatının terrorçu qurum olduğunu Avropa ölkələri sübut edə bilməyiblər.

Avropa Birliyi xarici siyasət idarəsinin rəhbəri Haviyer Solana xarici işlər nazirlərinin bugünkü qərarını sadəcə Birliyin məhkəmənin qərarına riayət etməsi kimi izah edib.

Mücahiddini Xəlq 2001-ci ildən zorakılıqları dayandırıb Avropa Birliyinin terrorçu təşkilatlar siyahısından çıxarılmasına çalışırdı.
Təşkilatının qara siyahıdan çıxarılması onun Avropa ölkələrində fəaliyyətinə qoyulan məhdudiyyətləri aradan qaldırır. Fransa təşkilatın bu ölkədə öz dayaqlarını yaratmağa cəhd etdiyini deyərək Mücahiddini Xəlqin banklardakı 10 milyon dollara yaxın pullarını dondurmuşdu.

Təşkilat Avropa Birliyinin qara siyahısından çıxarılsa da 1990-cı illərin ortalarından Birləşmiş Ştatlar Dövlət Departamentinin terrorçu təşkilatlar siyahısında qalmaqdadır.

İranın Xalq Mücahidləri Təşkilatı 1960-cı illərin ortalarında İranda Şah və kapitalizm əleyhinə solçu-islamçı müxalifət təşkilatı kimi yaranmışdı. Şahın devrilməsindən sonra təşkilat İran İslam Respublikasının yeni dini rejiminə də müxalif mövqe tutudu.

Bir müddət İraqda mənzillənən Xalq Mücahidləri Təşkilatının silahlı qüvvələri də vardı. 2003-cü ildə ABŞ onun İraqdakı dörd min nəfərlik hərbi dəstəsini silahsızlaşdırıb. İran İslam Respublikası təşkilatı öz düşməni elan edib onların əsl müsəlman olmadıqlarını bildirir. Təhlilçilər hesab edirlər ki, bu qərar Avropa Birliyinin İranla münasibətlərini pisləşdirəcək.

Fələstinlilərin Həmas təşkilatı da Avropa Birliyinin qara siyahısındadır və artıq bəzi Avropa ölkələri bu təşkilatın da siyahıdan çıxarılmasına çalışırlar.
XS
SM
MD
LG