Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:58

Hökumət müəssisələrə yardım paketi hazırlayır


İqtisadçılar dövlət yardımının ədalətli paylanacağına şübhəylə yanaşırlar
İqtisadçılar dövlət yardımının ədalətli paylanacağına şübhəylə yanaşırlar
Azərbaycan hökuməti də Amerikada olduğu kimi, müəssisələrə yardım etməyə hazırlaşır. İstəyir ki, təşkilatları qlobal maliyyə böhranından qorusun. Bu haqda «Azadlıq» radiosuna «Azəralüminium» Səhmdar Cəmiyyətinin baş direktorunun köməkçisi Elnur Rəsulzadə məlumat verib:

«Bütün müəssisələrə bu yardım olunacaq. Yəni, elə bir müəssisə varmı ki, indiki böhranda özü öz başını saxlaya bilsin?!»

E.Rəsulzadə deyir ki, indi bu yardımın necə və kimə verilməsi barədə hökumətdə müzakirələr gedir, hələliksə ona bu haqda konkret heç nə məlum deyil.

Dövlət Əmlak Komitəsinin Mətbuat Xidmətindənsə deyirlər ki, müəssisələrə dövlət yardımı barədə onlarda məlumat yoxdur.

İqtisadi İnkişaf Nazirliyindənsə telefon zənglərimizə cavab vermədilər.

Milli Məclisin deputatı Vahid Əhmədov «Azadlıq» radiosuna deyib ki, dövlət yardımı ideyası prezidentin hökumətin axırıncı iclasındakı çıxışından sonra aktuallaşıb:

«Cənab prezident hökumətə göstəriş verdi ki, xarici banklardakı valyuta ehtiyatlarından bir neçə milyard manat gətirmək lazımdır və antiböhran tədbirləri həyata keçirilməlidir. Məncə, bu çərçivədə hökumət səviyyəsində tədbirlər planı hazırlanır. Həmin vəsait banklara və başqa müəssisələrə veriləcək ki, onlar böhran nəticəsində pis vəziyyətə düşməsinlər».

Büdcədən yardım gözləyən «Azəralüminium» Səhmdar Cəmiyyəti dövlətə məxsusdur, indiyə kimi burada nə iş dayanıb, nə də ki, işçilər ixtisara düşüb. Hökumət rəsmiləri də dəfələrlə deyiblər ki, qlobal maliyyə böhranı Azərbaycana təsir etməyib, çünki ölkənin neft gəlirləri çoxdur.

Deputat Vahid Əhmədov deyir ki, hökumətin məqsədi maliyyə böhranının qarşısını almaqdır.

İqtisadçı Bloqqerlər Mərkəzinin rəhbəri Natiq Cəfərli isə deyir ki, hökumət istəyirsə ki, verdiyi yardımın xeyri olsun, işini mümkün qədər şəffaf görməlidir. Onun sözlərinə görə, hökumət yardımı verməmişdən qabaq audit yoxlaması keçirməlidir, müəssisənin borclarının mənbəyini müəyyənləşdirməlidir.

Başqa bir iqtisadçı Vüqar Bayramlı isə deyir ki, yardımı əvvəlcə ən çox iş yerinə sahib olan şirkətə vermək lazımdır ki, işsizlik artmasın. Amma iqtisadçının sözlərinə görə, indi Azərbaycanda ən çox yardıma ehtiyacı olan sahə banklardır:

«Kommersiya banklarının müflis olma təhlükəsi olduqca böyükdür. Bu gün kommersiya bankları neftsiz ümumi daxili məhsulun 70 faizini verir. Söhbət qlobal maliyyə böhranı başlayana qədər olan dövrə qədərki paydan gedir.
Dövlət bütün kommersiya banklarına ya uzunmüddətli kredit, ya da yardım verə bilər. Başqa bir variant da budur ki, bu təklifi ancaq müflisləşməkdə olan banklara təklif edə bilər».

Amma iqtisadçılar dövlət yardımının ədalətli paylanacağına şübhəylə yanaşırlar. Beynəlxalq Şəffaflıq Təşkilatının qiymətləndirməsinə görə, Azərbaycan korrupsiya indeksinə görə, 180 ölkə arasında 158-ci yerdədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG