Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:21

Sumqayıtda polis təzyiqi davam edir


Fəxrəddin Abbas deyir ki, son günlər müxalifətin imza topladığı ərazilərdə polislər tez-tez görünür
Fəxrəddin Abbas deyir ki, son günlər müxalifətin imza topladığı ərazilərdə polislər tez-tez görünür
Polislər müxalifətin «Respublika və Qarabağ uğrunda» vətəndaş hərəkatının təşəbbüs qrupları üçün imza verənlərə təzyiqi davam etdirir. Bu barədə «Azadlıq» radiosuna yanvarın 22-də Sumqayıtda 18 mart referendumu ilə bağlı imza toplayarkən polis tərəfindən saxlanılan və yalnız gecə yarısı müvəqqəti evinə buraxılan Müsavat partiyasının təmsilçisi Fəxrəddin Abbas məlumat verib.
Onun dediyinə görə son günlər müxalifətin imza topladığı ərazilərdə polislər daha tez-tez görünürlər. Bəzi hallarda isə Fəxrəddin Abbas və digər müsavatçı Azər Nağıyevin imza vərəqələrində adları olan şəxslər bölməyə dəvət edilirlər.

Onun sözlərinə görə, bütün bunlar əhaliyə psixoloji təzyiq üçün edilir.

Fəxrəddin Abbas deyir ki, onunla eyni gündə saxlanılan digər müsavatçı Azər Nağıyevin isə 1 gün bölmədə saxlanılandan sonra, mobil telefonu özünə qaytarılsa da, şəxsiyyət vəsiqəsi və imza vərəqələri hələ də bölmədədir. Həmin vərəqələri imzalayan vətəndaşlar sorğu sual edilir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Ehsan Zahidov bildirir ki, Sumqayıtda saxlanılan şəxslər imza toplayarkən qeyri-qanuni hərəkətlərə yol veriblər. Bundan narazı qalan vətəndaşların müraciətinə əsasən polis işə qarışıb.

MSK üzvü Akif Qurbanov isə deyir ki, qanun referendumla bağlı məsələyə hər hansı dövlət orqanının və ya vəzifəli şəxsin müdaxiləsini qadağan edir.
XS
SM
MD
LG