Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

«Xalq referendumda nəyə səs verəcəyini bilmir»


«Mən prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasının tərəfdarıyam»
«Mən prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasının tərəfdarıyam»
Dinlə

«Azərbaycanda referendum keçirilməsinə çoxdan ehtiyac vardı. Amma bu şəkildə yox». Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli «Azadlıq» radiosunun «Can Bakı» proqramına belə deyib.

Onun sözlərinə görə, referenduma ehtiyac ölkə həyatında baş verən çox ciddi sosial, iqtisadi, siyasi dəyişikliklərdən, həmçinin ölkənin geopolitik mövqe və maraqlarının, dünya düzəninin dövlət quruluşuna, cəmiyyətdaxili münasibətlərə təsirindən irəli gəlir.

Ə.Hacıbəyli Konstitusiyanın daha da demokratikləşdirilməsi, ölkədə demokratik, şəffaf və himayəsiz idarəçiliyin qurulmasına əsas verən dəyişikliklər edilməsini arzulayır:

«Mən prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasının tərəfdarıyam. Çünki Azərbaycanda real surətdə hakimiyyətin bölünməsi əksini tapmayıb. Milli Məclis birqütblü və asılıdır, məhkəmə hakimiyyəti icra hakimiyyətinin əlavəsi rolunu oynayır. Belə şəraitdə hakimiyyətin bölünməsi və balanslaşdırılmasından söhbət gedə bilməz».

Hüquqşünas bildirir ki, demokratik dövlətlərin hamısında prezidentin səlahiyyəti ilə bağlı məhdudiyyət var ki, bu da ölkədə çevik siyasi atmosferin yaranmasına imkan verir:

«Belə məhdudiyyət mövcud hakimiyyətin daha yaxşısı ilə əvəz olunmasına imkan verir. Hər vəzifə başına gələn «JEK» süpürgəçisindən tutmuş Baş nazirə qədər hamını dəyişdirmir və nəticədə peşəkar komanda formalaşır».

Ə.Hacıbəyli əmindir ki, Azərbaycan xalqı referendum zamanı nəyə səs verəcəyini bilmir:

«Vətəndaşların əksəriyyəti elə bilir ki, referendum prezidentin səlahiyyətini ömürlük etmək məqsədilə keçirilir. Amma ömürlük seçilən prezident olmur, onlara çar, şah, kral deyirlər. Bunun özü də problemin mahiyyətini bilməməkdən irəli gəlir. Bu, savadlı, hüququnu bilən, gələcəyi üçün narahat olan cəmiyyət üzvlərinin fikirləri deyil. İndi cəmiyyətin müqavimət qüvvəsi az qala sıfıra enib. Hakimiyyətin düşündüyündən fərqli fikir demək perspektivsiz fəaliyyət hesab olunur».

Hüquqşünas deyir ki, bu referendum Azərbaycan xalqına önəmli heç nə verməyəcək. Əksinə, prezidentin səlahiyyət müddətinin artırılması, qanunvericilik təşəbbüsü hüququ subyektlərinin dairəsinin 40 min seçiciyə qədər azaldılması ölkəni təhlükələrlə üz-üzə qoyacaq:

«Bundan sonra Qarabağ əhalisi də torpaqların taleyi ilə bağlı hansısa qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim edə bilər. Düzdür, istənilən təklif gərək deputatların səs çoxluğunu qazansın. Amma Milli Məclisin müstəqil olmaması, bir partiyadan formalaşması indiyədək qanunvericilik prosesində olan praktikanın mənfi nəticələrinin təhlükə olduğunu deməyə əsas verir. Adətən parlamentdə qanun layihələri ilə bağlı prinsipial müzakirələr getmir, xüsusilə də Prezident Aparatından göndərilən layihələr müzakirəsiz qəbul edilir. Təhlükə yaradan amildən biri də odur ki, təşəbbüs müəllifinin icazəsi olmadan Milli Məclis layihəyə heç bir dəyişiklik edə bilməz».
XS
SM
MD
LG