Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:52

Analoqu olmayan inkişaf bizi hara aparır?


İqtisadi inkişaf tempinə görə öyünən ölkələr adambaşına düşən aylıq gəlirə görə heç də öndə getmirlər
İqtisadi inkişaf tempinə görə öyünən ölkələr adambaşına düşən aylıq gəlirə görə heç də öndə getmirlər
Azərbaycan analoqu olmayan yolla inkişaf edir. Bu sözləri Azərbaycan rəsmilərinin dilindən tez-tez eşitmək olar.

Bəzən Azərbaycanda baş verən olayların analoqunu dünyada tapmağa çətinlik çəkənlər də bu fikirlə razılaşırlar.

Amma, Azərbaycanın iqtisadi göstəricilərinə nəzərə salıb onu dünyanın iqtisadi göstəriciləriylə müqayisə edəndə, aydın olur ki, ən azından iqtisadi baxımdan Azərbaycanın getmək istədiyi yolun analoqu var.

Bunu görə bilmək üçün dünyanın neft-qaz ixrac edən ölkələrini seçib Dünya Bankının illik hesabatlarındakı rəqəmlərdən istifadə etdim.

Neft-qaz ölkələri sırasına ağla ilk gələn - Rusiya, İran, Səudiyyə Ərəbistanı, Nigeriya, Norveç, Əlcəzair, Qazaxıstan və Azərbaycanı seçdim. Və Dünya Bankının bütün dünya ölkələrini əhatə edən son hesabatındakı – 2007-ci ilin sonu üçün olan rəsmi rəqəmlərə əsasən bu ölkələrdəki rifah səviyyəsini araşdırdım.
Öncədən deyim ki, bu siyahıdakı rəqəmlərin əksəriyyəti həmin dövlətlərin rəsmi statistika komitələri tərəfindən təqdim olunur və Dünya Bankının hər kəs tərəfindən qəbul olunan metodları ilə ümumiləşdirilir.

İlkin olaraq neft-qaz çıxaran ölkələrin illik iqtisadi artım templərinə nəzər salaq.
Bu siyahıya 19.2 faizlə Azərbaycan başçılıq edir.
2-ci yerdə 8.5 faizlə Qazaxıstan,
3-cü yerdə 8.4 faizlə Venesuela,
4-cü yerdə 8.1 faizlə Rusiya,
5-ci yerdə isə 7.6 faizlə İran yer alır.
Digər ölkələrdə isə iqtisadi atım templəri 4 faizi də keçmir.


Ancaq iqtisadi inkişaf tempinə görə öyünən ölkələr adambaşına düşən aylıq gəlirə görə heç də öndə getmirlər.

Neft-qaz ölkələri arasında orta aylıq gəliri ən yüksək olan Norveç vətəndaşlarıdır.
1. ayda adambaşına 6416 dollar.
2. Səudiyyə Ərəbistanı vətəndaşları aylıq orta milli gəliri 1286 dollardı.
3. Rusiyada 630;
4. Venesuelada 610;
5. Qazaxıstanda isə 421;
6. Afrikalı Əlcəzair vətəndaşlarına milli gəlirdən orta hesabla 301;
7. İranlılara 290 dollar düşür.
8. İqtisadi inkişafına görə bu siyahıda ilk yeri tutan Azərbaycan isə adambaşına düşən aylıq ümummilli gəlirinə görə, ancaq sondan ikincidir – sadəcə Nigeriyanı qabaqlayır. Azərbaycanlının aylıq milli gəliri Dünya Bakının hesablamalarına görə - cəmi 212 dollardır. Düzdü - aylıq ümummilli gəliri 77 dollar olan Nigeriya bizdən 3 dəfə geridədir. Bizim də bütün dünya üzrə orta göstəriciyə - aylıq 663 dolar gəlirə çatmağımıza da bir o qədər qalıb.
Avropadan heç danışmıram.


Dünya Bankının rəqəmlərinə görə, neft-qaz ixrac edən ölkələr, elə Avropada yerləşən Norveçi çıxmaq şərtilə, neft-qazlarını satdıqları avropalılarla aylıq gəlirinə görə müqayisəyə belə gələ bilmirlər. Orta avropalı ayda orta hesabla 3027 dollar qazanır. Adambaşına düşən milli gəlirinə görə - neft-qaz ixrac edən ölkələr sırasında Avropadakı Norveçi çıxsaq, liderlik edən Səudiyyə Ərəbistanı Avropadan 3 dəfə geri qalır. Azərbaycan vətəndaşı isə adambaşına düşən milli gəlirinə görə, Avropadan 1400 faiz – yəni 14 dəfə geridədir. Başqa sözlə desək, indiki iqtisadi inkişaf templəriylə Azərbaycanın Səudiyyə Ərəbistanına çatmasına hələ 31, Avropaya çatmasına isə hələ 73 il var. Amma bir şərtlə ki, gərək bundan ötrü Ərəbistan və Avropada da bu müddətdə inkişaf etməsinlər. Birdə ki, gərək Azərbaycanda da inflyasiya Avropadakı səviyyədə olsun. Yəni indikindən 500 faiz - 5 dəfə aşağı.

Çünki aylıq gəlirdən başqa vətəndaşların rifahına təsir edən başqa amil ölkədaxilində qiymətlərin artımı, yəni inflyasiyadır.

Maraqlıdır ki, neft-qaz ixrac edən ölkələr arasında hələ yenicə qoşulmasına baxmayaraq, Azərbaycan inflyasiya sıralamasında da liderlik nümayiş etdirir.

Azərbaycan hələ rəsmi rəqəmlərinə görə, 20 faizlə ən yaxın izləyicisi olan Qazaxıstanı da qabaqlayır.
Qazaxıstanda illik inflyasiya 14.8 faiz,
İranda 14.4,
Venesuelada 14,
Rusiyada isə 13.5 faizdir.


Yəni başda Azərbaycan olmaqla saydığımız ölkələr bütün dünya üzrə olan 4.3 faizlik orta inflyasiya göstəricisini azı 3-4 dəfə qabaqlayır.

inflyasiyada ən aşağı rəqəm Norveçdədir - burda illik inflyasiya 0.7 faizdir.

Başqa sözlə vətəndaşının ümummilli gəlirinə görə, Norveçdən 157 il geridə qalan Azərbaycan inflyasiyasına görə, skandinaviyalılardan 28 dəfə öndədir.

Amma elə də qəm etməyə dəyməz. Çünki Azərbaycan kimi neft-qaz ixracına söykənən iqtisadiyyat qurmaq yolu ilə gedən dövlətlərin içində bizdən də az qazanıb çox itirənlər var. Məsələn, Azərbaycan ən azından Nigeriyanı 43 il qabaqlayır. İran və Əlcəzairə çatmağımıza isə cəmi 5-6 il qalır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG