Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

«Özbəkistana qayıdanda hər şeyi biləcəksən»


Obama prezident kimi işə başlayan kimi düşərgəni bağlayacağı haqda verdiyi vədə əməl etməyə başlayıb
Obama prezident kimi işə başlayan kimi düşərgəni bağlayacağı haqda verdiyi vədə əməl etməyə başlayıb
«Dövlətimizin əsasını qoyanlar - babalarımız insan haqlarının qorunması üçün qanunlar tərtib ediblər, bu qanunları bir neçə nəslin qanı bahasına yaymaq mümkün olub. Həmin ideallar hələ də bütün dünyanı işıqlanıdır, biz ideallarımızı praktiki mühümlük xatirinə qurban verə bilmərik».

Amerikanın yeni prezidenti Barak Obama bunu yanvarın 20-dəki andiçmə mərasimində deyib. O, Quantanamo düşərgəsindəki vəziyyəti nəzərdə tutur. Obama prezident kimi işə başlayan kimi düşərgəni bağlayacağı haqda verdiyi vədə əməl etməyə başlayıb. Düşərgədəki məhbusların mühakiməsi ilə bağlı icraatda olan işləri üç aylığına təxirə salmaq haqda göstəriş verib.

Belə bir düşərgənin yaradılması ideyası 7 il qabaq – Amerika 11 sentyabr terrorunun şokunu yaşadığı bir vaxtda meydana gəlmişdi.

O vaxt ABŞ əleyhinə terror aktları hazırlamaqda və hətta belə bir niyyəti olmaqda günahlandırılan şəxsləri məhkəməsiz illərlə məhbəsdə saxlamağa icazə verilmişdi. Quantanamo məhbuslarını xüsusi hərbi tribunallar gözləyə bilərdi. Bu isə Amerikadakı normal müstəqil məhkəmə prosesi meyarlarına cavab vermir.

İnsan haqları təşkilatları xeyli vaxt idi ki, Quantanamo məhbuslarının hərbi mühakiməsini tənqid edirdilər və düşərgədə məhbuslara istintaq zamanı işgəncə verildiyini iddia edirdilər.

İndi Quantanamoda 250-yə yaxın məhbus var, onların 21-nə qarşı ittiham irəli sürülüb, o cümlədən 5 nəfər 11 sentyabr terrorunda iştirak etməkdə günahlandırılır, onları ölüm hökmü gözləyə bilər.

50 məhbus məsuliyyətdən azad edilib, amma vətənlərinə qayıda bilmirlər, repressiyalardan, o cümlədən işgəncədən qorxurlar.

Obamanın niyyəti düşərgəni mümkün qədər tez bağlamaq olsa da, bir məsələ açıq qalır ki, məhbusların aqibəti necə olsun, terrorda ittiham olunanları mühakimə etmək üçün alternativ yol nədi?

Özbəkistanlı Oybek Cabbarov da bir neçə il Quantanamoda olub, iki il qabaq bəraət alıb və azad edilib. Amma vətəninə qayıda bilmir. Heç bir üçüncü dövlət də Cabbarov kimiləri qəbul etmir. Baxmayaraq ki, Buş administrasiyası 100-cən ölkəyə müraciət edib.

Bəzi ölkələr isə belə bir imtinanı təhlükəsizlik məsələsi ilə izah ediblər. Amerikanın Müdafiə Nazirliyi deyir ki, indiyəcən buraxılan 60-can keçmiş məhbus sonradan terror təşkilatlarındakı işlərini bərpa ediblər.

Amma yeni prezidentin işə başlaması ilə Portuqaliya və bəzi başqa Avropa ölkələri eyham vurmağa başlayıblar ki, azad olunan məhbusları qəbul edə bilərlər.

Cabbarovun Amerikadakı vəkili Moun deyir ki, onun müdafiə etdiyi şəxsin vətənə qayıtması qorxuludu:

«2002-ci ildə Özbəkistandan Quantanamoya müstəntiqlər gəlmişdi, Oybekə müxtəlif şəkillər göstəriblər, soruşublar ki, bunlardan hansılarını tanıyırsan. Oybek baxıb və deyib ki, heç birini. Onda özbək müstəntiqlərdən biri yumruğunu stola çırpıb ki, Özbəkistana qayıdanda hər şeyi biləcəksən. Oybek bunu o mənada başa düşüb ki, vətənə qayıdandan sonra işgənəcəyə məruz qalacaq, ordakılar istədiklərini almayınca, ona işgəncə verməkdə davam edəcəklər».

Hüquq müdafiəçiləri Obamanın qərarını alqışlayıblar. Amma məsələn, Amerikanın Mülki Azadlıqlar Birliyindən Cəmil Dakvar deyir ki, hərbi mühakimə üsullarına yenidən baxmaq haqda qərar belə bir əlyeri qoyur ki, gələcəkdə həmin rüsvayçı sestem yenə işə salına bilər, çünki orduda bunun tərəfdarları hələ də qalır.

Amma Obamanın hakimiyyətə gələn kimi dərhal Quantanamo məsələsinə əncam çəkməyə başlaması belə ehtimallara şübhəylə yanaşmağa da əsas verə bilər.

Obama deyib ki, şəxsi maraqlara xidmət edən qərarların vaxtı keçib, amerikalılar bellərini dikəltməli, üstlərindəki tozu çırpmalı və ABŞ-ı yenidən qurmağa başlamalıdırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG