Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:03

Vəfa Quluzadə: «Türkiyə Rusiyanın təsiri altına düşüb»


Amma V.Quluzadə inanır ki, «Nabucco» çəkiləcək
Amma V.Quluzadə inanır ki, «Nabucco» çəkiləcək
Türkiyənin Baş naziri Ərdoğan Brüsseldə deyib ki, ölkəsi «Nabucco» layihəsinə mane ola bilər. Çünki Kipr Respublikası istəyir ki, Avropa Birliyi Türkiyəylə üzvlük danışıqlarında enerji bölümünü müzakirə etməsin.
«Nabucco» Azərbaycan üçün vacibdir, çünki ölkənin öz nefti-qazı qurtarandan sonra da tranzit kimi beynəlxalq əhəmiyyətini saxlaya bilər. Kəmər Türkiyə ərazisindən keçməlidir. Orta Asiya qazını Azərbaycandan da, Türkiyədən də keçməklə Avropa bazarına daşımalıdır.
Kipr Respublikası deyir ki, Türkiyə ona Aralıq dənizində neft–qazla bağlı geoloji–kəşfiyyat işlərini aparmağa mane olur. Ankaranın arqumenti isə budur ki, əksinə, Kipr tədqiqatçıları Türkiyənin ərazisində işləyiblər.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da Avropa Birliyi rəsmilərinə deyib ki, əgər onlar enerji bölümünü müzakirəyə açmasalar, onda Ankara da öz növbəsində «Nabucco»nun çəkilməsinə mane olacaq.
Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (Türksam) direktoru Sinan Oğan deyir ki, Ukrayna-Rusiya qalmaqalından sonra Türkiyə görür ki, enerji Avropa Birliyi üçün nə qədər vacib məsələdir və bu amildən istifadə edib öz əhəmiyyətini artırmağa, hətta Birliyə üzvlüyünü sürətləndirməyə çalışır.
S.Oğan deyir ki, Avropa Birliyi əhalisi 1 milyona çatmayan Kiprin sözüylə bütün Birliyin enerji ehtiyacını təhlükə altına alsa, Birlik uduzacaq, Türkiyə yox:
«Türkiyənin özünün də qaza ehtiyacı var. Türkiyə lazım gəlsə, heç bu layihədə iştirak etməz, əvəzində Azərbaycandan və Türkmənistandan qaz kəməri çəkər, onu Avropaya özü satar. «Nabucco» layihəsi daha çox Avropa Birliyinə lazımdır».
Sinan Oğan deyir ki, Avropa Birliyi indiyə qədər istəyirdi ki, Türkiyə «Nabucco»da ancaq tranzit rolu oynasın. Amma indi Ankara tələb edəcək ki, «Nabucco»nun sahiblərindən birinə çevrilsin.
Politoloq Vəfa Quluzadə isə deyir ki, Türkiyə indi Rusiyanın təsirinə düşüb. Çünki Ankara Moskva ilə axır vaxtlar həm ticarət, həm də turizm baxımından çox yaxınlaşıb. Amma V.Quluzadə inanır ki, «Nabucco» çəkiləcək:
«Amerika məsələyə qarışacaq, Ankara və Avropa Birliyi ilə məsləhətləşmələr keçirəcək, Türkiyəni razı salacaq».
AB rəsmiləri dəfələrlə deyiblər ki, «Nabucco» birlik üçün vacib layihədir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, «Nabucco» layihəsi ilə bağlı çoxlu həll olunmamış məsələlər qalır. Türkiyənin Baş nazirinin belə çıxış etməsi layihənin gələcəyini bir az da şübhə altına alır. Üstəlik, ekspert deyir ki, heç Avropa Birliyi üçün də «Nabucco» ölüm-qalım məsələsi deyil:
«Avropa Birliyi «Nabucco»nun əvəzində Anqoladan, Əlcəzairdən, Nigeriyadan, Liviyadan daha çox həcmdə mavi yanacaq alıb öz bazarına çatdıra bilər».
İlham Şaban deyir ki, «Nabucco»nun taleyi yanvarın axırında məlum olacaq.
Yanvarın 26-27-də Budapeştdə «Nabucco» ilə bağlı beynəlxalq konfrans keçirilməlidir. Azərbaycan prezidenti İlham Əliyev də həmin tədbirdə iştirak edəcək.
XS
SM
MD
LG