Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 10:22

Tarixin bir anı


20 yanvardan 19 il keçib
20 yanvardan 19 il keçib
Tarix, xüsusən də insanların tarixi əhəmiyyət kəsb edən təşəbbüsləri heç də həmişə təkcə nəticə ilə ölçülmür. İnsanlar tarix boyu sosial–siyasi cəhdlər edirlər. Bunların uğurlusu da olur, uğursuzu da. Uğurlar həmişə gözləntilərlə, ümidlərlə əlaqəlidir. Konkret 20 yanvardan söhbət gedirsə, hər halda bir dənə də olsa müəyyən nəticə var - Azərbaycan müstəqil dövlətdir. Necədir, hansı vəziyyətdədir – bu, ayrı söhbətin mövzusudur. Təbii ki, indi məmur müdaxiləsinə məruz qalmayan azad bazardan və mətbuatdan, demokratiya və insan haqlarından, ümumiyyətlə azad ölkədən söhbət açmaq olduqca çətindir. Xüsusən də nəzərə alanda ki, ildən–ilə nəinki siyasi, hətta dövlət rəsmilərinin vədlərinə baxmayaraq sosial–iqisadi durum yaxşılaşmaq əvəzinə daha da pisləşir.
Amma 20 yanvarda insanlar bu haqda düşünmürdülər. Bu prosesdə hansı siyasi qüvvələr iştirak edirdi, kimlər ona dəstək verirdi və onlar hansı siyasi maraqları güdürdülər – bəlkə də indi bu sual öz aktuallığını itirib, çünki ən azı tarixin təkərini geriyə fırlatmaq mümkün deyil. Elə insanları küçələrə çıxmağa vadar edən səbəblər də çox idi. Heç də inkar etmək lazım deyil ki, Vilnüsdə, Tbilisidə qan töküləndən sonra Bakıda bunun baş verməyəcəyinə ümidlə evlərini tərk edib küçələrə, meydanlara çıxanlar da var idi. Burada da qeyri-adi heç nə yoxdur. Amma imperiya özünü göstərdi!
Ən geniş yayılmış təbir budur ki, siyasət mümkün olanın sənətidir. Amma elə tarixlə ilk tanışlıqda belə təəssürat yaranır ki, insanlar 20 yanvarda mümkün olmayanı, bəli, məhz mümkün olmayanı etmək istəyirdilər. Maks Veber yazır ki, «siyasətçilər həmişə mümkün olanı etməyə cəhd edirlər.
Bəzən isə bu «mümkün olanın» sərhədlərini genişləndirməyə ehtiyac yaranır». Həqiqətən də siyasət və sosial–siyasi təşşəbbüslər həmişə «mövcud reallıqlar çərçivəsi»ndə qalsa, bu çərçivədən kənara çıxmasa, heç inkişaf da olmaz.
20 yanvardan 19 il keçib. Bu illər ərzində hadisə dəfələrlə təftişə məruz qalıb, hətta həmin an ona və nəticələrinə münasibətdə keçmiş hərəkatçılar belə iki qrupa bölünmüşdülər. Amma zaman çox şeyi cilalayır. İndi heç kim üçün şübhə yoxdur ki, bu, qəhrəmanlıq hadisəsi idi! Sözsüz ki, geniş siyasi spektri əhatə edən hərəkat idi. Tarixi fakt budur ki, kim hansı siyasi marağı güdürdüsə, nəyə can atırdısa, ona da çatdı. Elə insanlar var idi ki, sadəcə Bakıda fövqəladə vəziyyətin tətbiq olunmasını istəmirdilər, kimlərsə ölkənin müstəqilliyini arzulayırdılar, digərləri isə sadəcə mövcud maneələri aradan qaldıraraq hakimiyyətə can atırdılar.
İnsanlar kimi tarix də «şıltaq»dır. Bəzən tarix insanları, cəmiyyəti sınağa çəkir. O vaxt heç kim bilmirdi ki, Türkmənistanın siyasi yolu, aqibəti necə olacaq, o hansı istiqaməti seçəcək? Və heç kimin ağlına belə gəlmirdi ki, nə vaxtsa Azərbaycana da «Cənubi Qafqazın Türkmənistanı» deyəcəklər. Bunu heç kim bilmirdi, heç təsəvvür də etmirdi.
Səhərlər insanlar birinci qəzet köşklərinə cumurdular. İndi neçə jurnalist həbsdədir, Azərbaycan artıq «jurnalistlər həbsxanası» adlandırılıb, amma bu, heç də çox adamı narahat etmir. Hətta vaxt keçdikcə yenilik hissi də itirildi. Yeniliyi müasir insanlar ancaq öz məişətlərində axtarırlar.
Amma çox yaxşı olardı ki, 20 yanvar yaddaşlarda təkcə qəhrəmanlıq cəhdi kimi qalmasın. Əks təqdirdə bir millət kimi faciə qəhrəmanlarının aqibətini yaşamaq olar – faciə qəhrəmanları insanlarda müəyyən hisslər, hətta müsbət ovqatlar yaradır, amma bir qayda olaraq faciə qəhrəmanları həyatı real, yaşarlı nəticə olmadan tərk edirlər. 20 yanvarın bir real nəticəsi var: Azərbaycan müstəqil dövlətdir! Qazanılan digər hüquq və azadlıqlar isə təəssüf ki, demək olar ki, itirilib və itirilmək ərəfəsindədir!
Tarix mürgüləyənləri sevmir. O millətləri və cəmiyyətləri mükafatlandırır ki, onlar hər an öz hüquq və azadlıqları uğrunda mübarizə aparırlar. Həm də tarix identik təkrarları xoşlamır - axı, o, kino çarxı deyil ki, istədiyin vaxt və istədiyin qədər geriyə fırladasan. Tarixin döngələri, çəkilmələri olur, amma orta statistik həddə həmişə inkişaf, irəliləyiş müşahidə edilir. Və təbii ki, insanlardan, onların iradəsindən, əzmindən kənarda da tarixi proseslər yoxdur.
Bəzən insanlar ümumi ilə xüsusini fərqləndirə bilmirlər. Hər bir ölkədə ümumi sosial-iqtisadi-siyasi mühit olur, onun pisləşməsi, bütün azad ünsürlərə təsir edir. Avtoritarizm «selektiv təsir»ə malik olmur, gec–tez o hamını öz iradəsinə tabe edir, hamı üçün qəliblər müəyyənləşdirir. Düzdür, Azərbaycanda son illərdə qəribə tendensiya yaranıb - «demokratik fon» yaratmaq arzusunda bulunanların, «qəliblər» içində özünü çox rahat hiss edənlərin sayı çoxalıb. Elə siyasi partiyalar var ki, onların Yeni Azərbaycan Partiyası ilə birləşməsi daha düzgün olardı. Amma kənarda dayanıb «çoxpartiyalılıq» görüntüsü yaradırlar. Belə misalların sayını artırmaq olar, amma buna lüzum yoxdur. Sadəcə bir həqiqət var: azadlıq yarımçıq olmur!
Ölkədə minlərlə qəzet çap oluna bilər, reallıqda isə söz və mətbuat azadlığı olmaya bilər – dünyada onlarla belə ölkə var! Qeydiyyatdan keçən siyasi partiyaların sayı hələ həqiqi çoxpartiyalılıq, siyasi plüralizm demək deyil! Hakim zümrənin yaxın himayəsində olan QHT-lərin mülki cəmiyyətə o qədər də dəxli yoxdur! Forma yaratmaq asandır, amma dünyanın hələ heç bir ölkəsində formaca azad ölkə, məzmunca anti–demokratik ölkə yaratmaq cəhdi olmayıb. Diktaturalar özlərini diktatura, avtoritar rejimlər özlərini avtoritar, teokratik rejimlər isə elə teokratik rejim elan ediblər! Bəlkə burada da bir «siyasi səmimiyyət» var: «səmimi diktatura», pərdələnmiş, yalançı demokratiyadan yaxşıdır! Bir də bunun mənası yoxdur. Yer kürəsi Günəş sisteminin ən böyük planeti deyil, onsuz da hamı hər şeyi bilir, hər şey məlumdur! O cümlədən də insanlar - bəli, yaxın və uzaq insanlar...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG