Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:12

«Ölsəm daha şərəfli olardı…»


«20 yanvar hadisələri vətəndaşlar üçün faciə olsa da, millət oyanışının apogey nöqtəsiydi»
«20 yanvar hadisələri vətəndaşlar üçün faciə olsa da, millət oyanışının apogey nöqtəsiydi»
20 yanvar hadisələrindən 19 il keçir. Həmin hadisələr vaxtı üç güllə yarası alan Əsəd Əsədzadə «Azadlıq» radiosunun «Xəbər-ətər» proqramının qonağı olub. 19 il sonra baş verənləri o necə görür, hansı qiyməti verir, öz dilindən eşidək:

«20 yanvar hadisələri vətəndaşlar üçün faciə olsa da, millət oyanışının apogey nöqtəsiydi. Sovetlər İttifaqının başında duran Mixail Qorbaçov Azərbaycan xalqına qarşı o qədər ədalətsizlik etmişdi ki, xalq sovetlər dövlətinin əməlini rus xalqına şamil edirdi… Bu hadisələr olmasaydı Azərbaycan xalqı azad olmazdı, kölə şəklində qalardı. 70 ildən sonra Məmməd Əmin Rəsulzadənin şəkilləri Bakı küçələrində dalğalanmazdı».

Əsəd Əsədzadə daha sonra deyir: «Şübhəsiz bu dövr ərzində qazandığımız çoxdur, amma itirdiyimiz də var. İtirdiyimiz «Azadlıq» radiosudur, BBC-dir, «Amerikanın səsi»ni itirmişik, demokratiyanı itirmişik. Biz bunun üçün qan tökmüşük, demokratiya uğrunda candan keçmişik. Biz azad insan kimi yaşamaq istəmişik. Biz saxta seçkilər istəməmişik. Biz həqiqəti istəmişik. Amma baxın, bu gün Azərbaycan alimi kimi mən hansı gündə yaşayıram. Kim bizi anlayır? Mənimlə bərabər güllələnən qardaşlarım orda yatır. Ölsəm daha şərəfli olardı…»
«…Qazancımıza gəlincə, torpaq uğrunda ölən varsa, deməli vətəndir, deməli qorunacaq. Bu bizim qazancımızdır. Amma təəssüf ki, beynəlxalq aləm Azərbaycan xalqına adekvat cavab vermədi. Qorbaçov cinayət edib, dinc adamların küçələrdə qırdırıb. Amma beynəlxalq ictimaiyyət ona Nobel mükafatı verdi…»

«- 19 il keçir həmin hadisələrdən, sizcə müstəqil Azərbaycan özü həmin hadisələrə doğru-düzgün qiymət verə bildimi?

- Yox! Mən verilən qiymətlə razı deyiləm. Baxmayaraq ki, Yazov da, Bakatin də cinayətlərini etiraf etdilər, amma cinayət işi açılmadı. Siyasi qiymət verilmədi. Amma ədalətli qiyməti bu vaxta kimi almamışıq. Bir də, həmin hadisələrdə fəal olanlar da unudulmamalıdır. Həmin adamlar bu hərəkatı qabağa aparıblar. Onlar olmasaydı, Azərbaycan müstəqil olardımı, 20 milyard pul ehtiyatımızı olardımı?..

- Canında üç güllə gəzdirən yaralı kimi bu günü necə qeyd edirsiniz?

- Şərəflə qeyd edirəm. Azərbaycanın qurtuluş günüdür. Biz göstərdik ki, Azərbaycan xalqı şəhid versə də, torpağını qorumağa və itirdiyi torpağı qaytarmağa qadirdir…»
XS
SM
MD
LG