Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 03:31

Obama: «Adamlar yalnız bir şey istəyirlər»


Barak Obamanın yanvarın 20-dəki inaqurasiya mərasimi bu rekordu qırmalıdır
Barak Obamanın yanvarın 20-dəki inaqurasiya mərasimi bu rekordu qırmalıdır
«Mən ömrümdə bu qədər böyük mərasimə qatılmamışam».

Bunu «Röyters» agentliyinə Amerika prezidentinin təhlükəsizliyini təmin edən məxfi xidmətin direktoru, bu işin 25 illik veteranı Mark Sallivan Barak Obamanın andiçmə mərasimi haqda deyir.

Yanvarın 20-də and içərək 44-cü Amerika prezidenti olacaq Obamanın inaqurasiya şənlikləri isə bazar günündən başlayıb.

Vaşinqtonda yüz minlərlə insanın qatıldığı konserti Bruce Springsteen açıb. Sonra Stevie Wonder, Beyonce, Shakira kimi məşhur müğənnilər mahnı ifa edib.

Tom Hanks kimi Hollivud ulduzu 150 il bundan qabaq Amerika xalqının birliyinə nail olmağı və quldarlığı ləğv etməyi ilə məşhur olan ABŞ prezidenti Avraam Linkolnun çıxışlarından parçalar oxuyub.

Hətta siyasi tədbirlərdən həmişə qıraqda olan məşhur qolf ustası Tiger Woods da mərasim iştirakçıları arasında olub.

Obamanın inaqurasiya şənlikləri, 18 yanvar 2009
«Sizin səslər hər gün mənimlə olacaq. Oval ofisə mən bu səslərlə addımlayacam, o səslərlə ki, tarixi müxtəlif, ancaq arzusu bir olan kişilərin və qadınların səsidir, o adamlar ki, yalnız bir şey istəyirlər: Öz həyatımızı istədiyimiz kimi quraq və uşaqlarımızın bizdən də yuxarı qalxdığını görək».

Bunu isə Barak Obama deyir.

Vaşinqtondakı soyuq hava «National Mall» parkına gəlmək istəyənlərin əzmini qıra bilməyib, onların çoxunun inaqurasiya mərasiminə bileti olmasa da, yenə gəliblər. Çünki bu tarixi məqamın şahidi olmaq istəyiblər.

«Azadlıq» radiosunun müxbiri Ricki Green xəbər verir ki, konsertdən sonra çıxışa doğru gedən kütlədən tez-tez «biz bacaracağıq», «biz eləyəcəyik» səsləri eşidilirdi.

İndiyədək olan inaqurasiya mərasimlərinə gəlib baxanların sayına görə, rekord Lindon Consonun 1965-ci ildəki andiçməsidir - 1 milyon 200 min nəfər.

Obamanın inaqurasiya şənlikləri, 18 yanvar 2009
Ancaq Barak Obamanın yanvarın 20-dəki inaqurasiya mərasimi bu rekordu qırmalıdır. Vaşinqtonun nəqliyyat departamentinin məlumatına görə, adamları mərasim olan meydanlara daşımağa 10 min avtobus ayrılacaq. Bunu da «Röyters» yazır.

Obama ABŞ-ın ilk qaradərili prezidenti olduğuna görə, qaradərili amerikalıların tarixinin də bəzi əsas məqamlarını xatırladaq.

ABŞ-da qaradərili insanların tam hüquqlu ölkə vətəndaşı olduğu 1868-ci ildə konstitusiyaya 14-cü əlavə ilə tanınıb.

İki il sonra qaradərili kişilərə səsvermə hüququ verilib. Ancaq 20-ci əsrin ortalarına qədər irqi ayrı-seçkilik qalırdı.

Ordunun qara və ağ dərililərə bölünməsini 1948-ci ildə prezident Trumen ləğv edib. Məktəblərin belə bölgüsünü 1954-cü ildə Ali Məhkəmə qanunsuz adlandırıb.

ABŞ-da ilk qaradərili senator 1966-cı ildə seçilib. Bu, Massaçusetsdən olan Edvard Bruk idi.

İlk qaradərili qubernator isə 1990-cı ildə Virciniya qubernatoru seçilən Duqlas Vilderdir.

Və nəhayət, yanvarın 20-də ilk qaradərili Amerika prezidenti olacaq Barak Obama.
XS
SM
MD
LG