Keçid linkləri

2024, 12 May, bazar, Bakı vaxtı 18:30

«Pulu kim verirsə, mahnını da o, sifariş edir…»


Nadir Qafarzadə deyir ki: «Məni ən çox düşündürən prezidentimin ömürlük qalmasıdır»
Nadir Qafarzadə deyir ki: «Məni ən çox düşündürən prezidentimin ömürlük qalmasıdır»
«Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam». Ardıca da Azərbaycanın himni…»
Bu, müğənni Nadir Qafarzadənin telefonundakı «Zəngimcell» melodiyasıdır. Tək Nadir Qafarzadəyə yox, Azərbaycanın şou-biznes əhlinin bəzi üzvlərinə zəng vursan keçmiş prezident Heydər Əliyevin həmin səsini və Azərbaycanın himni eşitmək olar.

Ancaq Azərbaycanda şou-biznes əhli ilə siyasəti tək «Zəngimcell» melodiyaları birləşdirmir. Nadir Qafarzadə, Rüfət Axundov və daha bir neçə müğənni konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendum prosesində təşviqat aparmaq üçün təşəbbüs qrupu yaradıblar. Təşkilatçı Nadir Qafarzadənin deməsinə görə, onlar artıq bununla bağlı Yeni Azərbaycan Partiyasına da məlumat veriblər.

Nadir Qafarzadə deyir ki, onları dəyişikliklərdə xüsusi olaraq prezidentə aid maddə maraqlandırır. Ancaq o həmin maddəni prezidentin ömürlük seçilməsi kimi başa düşür:

«Məni ən çox düşündürən prezidentimin ömürlük qalmasıdır. Mən həmişə dövlətimizin, respublikamızın xeyrinə nə olubsa onu müdafiə etmişəm və edəcəyəm də…»

Təxminən bir il əvvəl isə Azərbaycanın Mədəniyyət Nazirliyinin məsul işçiləri Nadir Qafarzadəyə qarşı telekanallarda kampaniyaya başlayaraq onu dövlət tədbirlərinə çağırmayacaqlarını bəyan edirdilər. Mədəniyyət Nazirliyinin rəsmiləri Xocalı faciəsinin ildönümünə təsadüf edən İsraildə keçirilən şənliklərin birində mahnı ifa etdiyinə görə, Nadir Qafarzadəni kəskin tənqid etdilər.

İndi Yeni Azərbaycan Partiyasının üzvü olan Nadir Qafarzadə deyir ki, hətta bir sıra müğənnilər onların adını bu təşəbbüs qurupuna daxil etmədiklərinə görə inciyiblər.

Müğənnilərdən Rüfət Axundov isə təşəbbüs qrupuna qoşulmağını prezidentin sənətə qayğısı ilə izah edir. Ancaq onun konstitusiyaya əlavə və dəyişikliklər aktındakı ayrı-ayrı maddələrdən nə dərəcədə xəbərdar olub-olmadığını müəyyən etmək çox çətindir:

«O, 29 bəndlik dəyişikliklərdən xəbəriniz varmı? Burda onlardan birini qeyd edə bilərsinizmi?

-Yox mən indi başqa yerdəyəm, özüm sizə zəng vuraram. «QAİ» də saxlayacaq məni, telefonda danışdığıma görə…»

Əməkdar artist, Azərbaycandakı xalq hərəkatının fəal iştirakçılarından Akif İslamzadə isə şou-biznes əhlinin referendumla bağlı təşəbbüs qrupu yaratmalarına təbii baxır:
«Pulu kim verirsə, mahnını da o, sifariş edir…»

Hələ bir neçə il əvvəl ağır qətllərdə və adam oğurluğunda ittiham edilən Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş əməliyyat müvəkkili Hacı Məmmədovun məhkəməsində Azərbaycanın şou-biznes əhli ilə də bağlı çox maraqlı məqamlar üzə çıxmışdı. O vaxt belə iddialar səsləndi ki, prezident seçkiləri zamanı rayonlarda konsertlər verən bir sıra müğənniləri məhz Hacı Məmmədov maliyyələşdirirmiş.

«Yeni Müsavat» qəzetinin yazarı Zamin Hacı isə Azərbaycan siyasətindəki bir sıra müzakirələrlə, şou-biznes qalmaqallarının paralellərini aparır:
«Burda sənətdən söhbət getmir ki… Biri o birinə deyir ki, sən əxlaqsızsan. O biri də qayıdır ki, sən qocasan, ərə gedə bilmirsən. Siyasi sistemdə də ölkənin taleyüklü məsələləri ilə bağlı müzakirələr getmir. Deyirlər ki, prezident ömürlük olsun, Allah onun canın sağ eləsin…»

Zamin Hacı deyir ki, azad olmayan cəmiyyətdə sənət adamlarının müstəqil ola bilməmələri təbiidir. Əslində bu şou biznes əhlinə də elə dövrün məhsulu kimi baxmaq lazımdır…
XS
SM
MD
LG