Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:19

Nəbatat Bağı məhv olur


Nəbatat Bağının ümumilikdə 75 hektar ərazisinə cəmi 70 nəfər qulluq edir
Nəbatat Bağının ümumilikdə 75 hektar ərazisinə cəmi 70 nəfər qulluq edir
Bakının ağciyəri - Nəbatat Bağı təhlükə ilə üzləşib. Bağın direktoru Oruc İbadlı «Azadlıq» radiosuna deyir ki, birinci çətinlik kadr çatışmazlığı ilə bağlıdır. Çünki Nəbatat Bağının ümumilikdə 75 hektar ərazisinə cəmi 70 nəfər qulluq edir:

«Normativə görə, hər hektara üç nəfər düşür. Bu hesabla təxminən 225 nəfər aqronom və bağban olmalıdır. Amma mən 70 nəfərlə işləyirəm. Texnika, mobil avadanlıq yoxdur».

Müxtəlif avadanlıq - yerqazan, sugətirən ekskavatorlar, özü hərəkət edən maşınların alınması, həm də müəyyən qədər ştat əldə edilməsi üçün Nəbatat Bağının rəhbərliyi artıq Milli Elmlər Akademiyasına müraciət edib:

«Bakıda indi bir bitkini böyüdüb başa çatdırmaq bir uşaq böyütməkdən çətindir. Mən Bakının Yasamal dağında işləyirəm, Əhmədli dağında yaşayıram. Hər gün işə gələndə küçələri tanımıram. Yaşıllığın hamısını məhv eləyib göydələn tikirlər. Moskvada bir beşillik şamı kəsənə üç ildən altı ilə qədər iş verirlər».

Bakıda aparılan genişmiqyaslı tikinti işləri Nəbatat Bağının fəaliyyətinə də mənfi təsir göstərib. Bağın hasarına bitişik üç göydələn tikilib ki, bu da bağdakı 5 hektar sahənin məhvinə gətirib çıxarır:

«Qırmızı kitab»a düşən bitkilər, Talış zonasından nadir ağaclar məhvə məhkumdur. İnzibati binamız da məhv olur, televizor, radio işləmir, çünki binalar dalğaların qarşısını alır, məlumatsız qalırıq. İşçilərimiz işləyə bilmir, ordan sement, daş qırıqları tökülür».

O.İbadlının özlərinə görə, Azərbaycanın da qoşulduğu beynəlxalq konvensiyalara əsasən, bu cür obyektlərin ən azı 100 metr həndəvərində tikinti aparmaq olmaz:

«Hələ bu azmış kimi indi bizi əhatə dairəsinə alırlar. Botanika Bağının ürəyinin başında 8 dənə 16 mərtəbəli bina tikmək mənim aləmimdə cinayətdir. Birinci bina tikiləndə 15 akademik, 20 müxbir üzv, 30 elmlər namizədinin adı ilə həyəcan təbili çaldıq».

Oruc İbadlı deyir ki, müxtəlif dövlət qurumlarına müraciətlərindən sonra Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov özü bağa gəlib və binaların kölgəsindən bağın bir hissəsinin günəş işığından tamamilə məhrum olduğunu görüb.

Onun işə müdaxiləsindən sonra bir müddətliyinə binaların tikintisinə ara verilib. Amma indi yenə də tikinti davam etdirilir.

Oruc İbadlı deyir ki, Nəbatat Bağının Şamaxıdakı dayaq nöqtəsində də bağın bir hissəsi bir qrup deputat və məmur tərəfindən zəbt olunub. İndi bu faktla bağlı məhkəmə gedir:

«Onsuz da hər tərəfdən zəhərlənirik. Bura isə cənnətməkandır. Burda milyonlarla adamı astmadan, yel, ürək xəstəliyindən müalicə etmişəm. Axı belə gözəl bağı məhv eləmək kimə lazımdır?»

Hazırda Nəbatat Bağı dünyanın 120 ölkəsi ilə toxum mübadiləsi aparır. Sevindirici yenilik isə ondan ibarətdir ki, indi bağ üçün yeni bir oranjereyanın layihəsi işlənib hazırlanır.

Əvvəlki istixana 1934-35-ci illərdə tikilib və istismar müddəti çoxdan başa çatıb. Ora hətta adam buraxmağa da icazə verilmirdi ki, üstlərinə şüşə tökülə bilər.
XS
SM
MD
LG