Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:57

Masallıda bir qrup sahibkar aclığa başladı


Masallı rayonunda sahibkarların hüquqlarının tapdanmasına və rayondakı məmur özbaşınalığına etiraz olaraq yanvarın 13-dən bir qrup sahibkar müddətsiz aclıq aksiyasına başlayıb. Hüquqları Tapdanan Sahibkarların Hüquqlarını Müdafiə Komitəsinin (HTSHMK) üzvü Əhəd Əhədov bu sözləri «Turan»a bildirib.
Onun sözlərinə görə, hüquqları tapdanan, əmlakı əlindən alınan sahibkarlar Yaşar Mahmudov, Rahil Mirzəyev, Əlvan İbrahimov və Zahid Qasımov bu gündən aclıq aksiyasına başlayıblar.

Ə.Əhədov bildirib ki, aksiya iştirakçıları əllərindən qanunsuz alınmış əmlaklarının qaytarılmasını, dəymiş maddi-mənəvi ziyanın ödənilməsini, bu işdə cinayət əməlinə yol vermiş şəxslərin həbs olunmasını və rayon icra başçısının qanunazidd əməllərinə son qoyulmasını tələb edirlər. «Aksiya müddətsiz keçirilir və sahibkarların hüquqları tam bərpa edilənə kimi davam edəcək. Heç kim canına qəsd etmək istəməz, amma Masallıdakı məmur özbaşınalığı başqalarına kömək etməli olan sahibkarları haqlarını öz canlarına qəsd etməklə bərpa etməyə vadar edib»- deyə Ə.Əhədov bildirib.

O, deyib ki, aksiya iştirakçıları şəhər stadionunun yanındakı bir otağa yerləşərək burada aksiya keçirirlər. Onun sözlərinə görə, aksiyaya qoşulmaq istəyənlər çox olsa da hələlik aksiyanı ilkin olaraq 4 nəfər başlayıb. Ə.Əhədov deyib ki, aksiya iştirakçılarının səhhətini nəzarətdə saxlamaq üçün rayon səhiyyə şöbəsinə həkim briqadası ayırması ilə bağlı müraciət olunub və bununla yanaşı aksiyanın keçirilməsi barədə rayon icra hakimiyyətinə və polis şöbəsinə xəbərdarlıq müraciət edilib.
XS
SM
MD
LG